Əbu-Dabi Zirvəsi, “Sülh Qalxanı – 2026” və “Zayed İnsan Qardaşlığı Mükafatı”
198
15:11, Bu gün

Əbu-Dabi Zirvəsi, “Sülh Qalxanı – 2026” və “Zayed İnsan Qardaşlığı Mükafatı”

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Azərbaycan Respublikasının müstəqilliyini ilk tanıyan – 1991-ci ilin 26 dekabrında - ölkələrdəndir. Diplomatik əlaqələrin qurulmasına isə növbəti ilin payızında start verilib və ilkin mərhələdə iki ölkə arasında əlaqələr beynəlxalq qurumlar, BMT və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində mövcud olub.

Amma bu gün Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlər özünün zirvə nöqtəsindədir. Xüsusilə də Azərbaycan Prezidenti İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın münasibətləri dövlətlərarası əlaqələrdə mühüm rol oynayır. Azərbaycan-BƏƏ ikitərəfli əlaqələrinin strateji tərəfdaşlığa əsaslanması ölkələrimiz arasında əməkdaşlığın bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, enerji, həmçinin bərpaolunan enerji, mədəni, humanitar və digər istiqamətlərdə inkişafı məmnunluq doğurur. Birləşmiş Ərəb Əmirlikləri artıq Azərbaycanın ən yaxın tərəfdaşlarından birinə çevrilib, münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır. Bu mənada Azərbaycan Prezidentinin növbəti dəfə BƏƏ paytaxtı Əbu-Dabiyə yüksək səviyyəli səfəri, dövlət başçımıza böyük ehtiramın göstərilməsi dost ölkələr və qardaş xalqlar tərəfindən məmnunluqla qarşılanır.

Azərbaycanın BƏƏ-dəki səfirliyi 2001-ci ildən etibarən fəaliyyətdədir. Eyni zamanda 2012-ci ildən etibarən Dubay şəhərində ölkəmizin Baş Konsulluğu işə başlayıb. Dost ölkənin də Azərbaycanda səfirliyi mövcuddur və bu da qarşılıqlı əlaqələrin inkişafında önəmli rol oynayır.

Eyni zamanda parlamentarası əlaqələr də yüksək səviyyədədir. Milli Məclisdə hələ 1997-ci ildən Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri parlamentlərarası işçi qrupu fəaliyyət göstərir. Məhz münasibətlərin inkişafı, qarşılıqlı etimad mühitinin olmasına görədir ki, BƏƏ-yə səyahət etmək istəyən Azərbaycan vətəndaşları üçün viza tələb olunmur və vizasız rejim çərçivəsində dost ölkədə 30 gün müddətinə sərbəst qalmaq şansı tanınır.

Azərbaycan Respublikası ilə BƏƏ arasında əlaqələrin mühüm formalarından biri də xarici ticarətdir. Bu ölkədən Azərbaycana kimya və neft-kimya, maşınqayırma məhsulları, elektrotexnika avadanlığı, yüngül və yeyinti sənaye məhsulları gətirilir. Ölkəmizdən isə BƏƏ-yə kimya və neft-kimya sənaye məhsulları, yeyinti sənayesi və metallurgiya məhsulları ixrac olunur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 2-də Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti  Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla görüşündə müşahidə olunan atmosfer iki ölkə arasındakı münasibətlərdə xeyli məsafə qət olunduğunu bir daha göstərdi. Söhbət zamanı Azərbaycan-BƏƏ ikitərəfli əlaqələrinin strateji tərəfdaşlığa əsaslandığı vurğulanaraq, ölkələrimiz arasında əməkdaşlığın bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, enerji, həmçinin bərpaolunan enerji, mədəni, humanitar və digər istiqamətlərdə inkişafından məmnunluq ifadə olunub, münasibətlərimizin genişlənməsində hər iki prezidentin Azərbaycana və BƏƏ-yə qarşılıqlı səfərlərinin, görüşlərinin önəmi qeyd edilib.

Dövlət başçıları əlaqələrimizin perspektivlərinə və gələcək təmaslara dair fikir mübadiləsi aparıblar. Liderlərin görüşü zamanı Bakı ilə Əbu-Dabi arasında qardaşlaşma münasibətlərinin yaradılması məsələlərinə də xüsusi önəm verilib. Eyni zamanda Azərbaycan və BƏƏ prezidentlərinin iştirakı ilə “Cənub Qaz Dəhlizi” QSC-də İqtisadiyyat Nazirliyinə məxsus qeyri-nəzarət payının müəyyən hissəsinin Əbu-Dabi Milli Neft Şirkətinin investisiya qolu olan XRG şirkətinə satışı ilə bağlı alqı-satqı müqaviləsinə dair sənəd imzalanıb.

Stabillik adası olan Azərbaycana investisiya yatıran ölkələr içərisində BƏƏ-nin xüsusi çəkisi var. 2022-ci ilin mart ayında Prezident İlham Əliyevin iştirakı ilə təməlqoyma mərasimi keçirilən və cəmi 19 aydan sonra tikintisi başa çatdırılan Qaradağ Günəş Elektrik Stansiyası layihəsi Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən hazırlanaraq həyata keçirilib. Alternativ elektrik enerji istehsalında ölkəmizin böyük potensialının olması dost ölkənin investorlarının diqqətini özünə cəlb edib.

Prezidentin Əbu-Dabi səfərində iki ölkənin birgə hərbi təlimlər keçirməsi isə münasibətlərin inkişafında yeni xüsusatdır.

Xatırlatmaq yerinə düşər ki, Azərbaycan iki ölkə arasında yaxınlığı göstərən bu cür hərbi təlimləri yalnız qardaş Türkiyə ilə birgə keçirib. Ötən il Türk Dövlətlər Təşkilatının Qəbələ Zirvəsində cənab Prezident analoji təlimlərin təşkilat üzvləri ilə birgə keçirilməsini də təklif etmişdi. Əbu-Dabi təlimləri Azərbaycan və BƏƏ silahlı qüvvələri arasında operativ əlaqələrin qurulması, hər iki ölkənin silahlı qüvvələrinin güclənməsinə töhfə və qardaşlıq nümunəsi kimi dəyərləndirilməlidir. Ancaq hərbi əməkdaşlıq yalnız hərbi təlimlərin keçirilməsi ilə məhdudlaşmayacaq.

Elə budəfəki səfər çərçivəsində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyi arasında müdafiə əməkdaşlığı razılaşması barədə niyyət məktubu da imzalanıb. Azərbaycan və BƏƏ prezidentləri bu sənədlərin ölkələrimiz arasında əlaqələrin daha da inkişafına təkan verəcəyinə əminliklərini bildiriblər.

Adətən, ölkələrin birgə hərbi təlimləri sərt ritorikaya hesablanır, müəyyən qüvvələrə güc mesajı məqsədi daşıyır. Heç şübhəsiz ki, hərbi təlimdirsə, bu detalın olması təəccüb doğurmamalıdır. Amma Azərbaycan və BƏƏ silahlı qüvvələri arasında keçirilən birgə əməliyyat-taktiki təlimin adı çox şey deyi: “Sülh Qalxanı – 2026”!

Azərbaycan 44 günlük Vətən müharibəsindən, bir günlük antiterror əməliyyatından sonra nəinki regionda, həmçinin qlobal məkanda sülh və təhlükəsizliyə töhfə verən ölkə kimi qlobal aktora çevrilib. Dövlət başçımızın ötən il Yaxın Şərq Sülh Zirvəsinə dəvət olunması, bu il ABŞ liderinin təşəbbüsü ilə yaradılan Sülh Şurasının təsisçilərindən biri kimi təsis toplantısında iştirakının özü də yürüdülən uğurlu siyasətin məntiqi nəticəsidir. Dost, müttəfiq ölkələrlə keçirilən birgə hərbi təlimlər də sülhü təhdid edənlərə yönəlik xəbərdarlıqdır. Elə Əbu-Dabi görüşündə də bu təlimlərin iki ölkənin silahlı qüvvələri arasında operativ hərbi uyğunluğun inkişafına töhfə verəcəyinə əminlik bildirilib və bunun gələcəkdə də davam etdirilməsinin önəmi vurğulanıb.

BƏƏ prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanının Bakıya və Qarabağa, o cümlədən Şuşaya səfəri, Cıdır düzündə Qarabağ atlarının şousunu izləməsi, avtomobillə Füzuli şəhərini gəzməsi, Azərbaycan Prezidentinin BƏƏ dövlət başçısına “Ərgünəş” adlı Qarabağ atını hədiyyə etməsi hər iki xalq tərəfindən daim xoş xatırlanacaq. Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin təmin olunmasını istəyən dost ölkələrdən biri olan bu ölkə ilə əlaqələrin daha da irəli aparılması hər iki dövlət üçün daha böyük perspektivlər vəd edir.

Azərbaycan Liderinin qlobal sülhə töhfələri nəzərə alınaraq onun namizədliyi 2019-cu ildə təsis edilmiş çox nüfuzlu “Zayed İnsan Qardaşlığı Mükafatı”nı təqdim etmək üçün irəli sürülüb. BƏƏ-nin Şeyx Zayed Fondu tərəfindən təsis olunan bu mükafat sülh, insan qardaşlığı və birgəyaşayışa töhfə verənlərə təqdim edilən nüfuzlu beynəlxalq mükafatdır. Qlobal olaraq qəbul edilən bu nüfuzlu mükafat bəşəriyyətdə sülhə və əməkdaşlığa töhfə verən, insanların həyatının daha yaxşılaşdırılmasına təsir göstərən şəxslərə təqdim olunur. İndiyədək mükafata layiq görülənlər arasında BMT-nin baş katibi Antonio Quterres, Roma Papası Fransisk kimi tanınmış simaların olması da Azərbaycan Prezidentinə, onun bəşəri xidmətlərinə böyük diqqətin göstəricisidir.

Yeri gəlmişkən, bu gün, fevralın 4-də Əbu-Dabidə Azərbaycan Prezidenti ilə görüşən Ermənistan Baş naziri Nikol Paşinyan da sözügedən mükafatı alacaq. Ancaq gərək Paşinyan unutmasın ki, onun bu mükafatı almağa namizəd göstərilməsi, Əbu-Dabidəki təltifetmə mərasiminə dəvət olunması da məhz Azərbaycan Prezidentinin bölgədə yürütdüyü sülh prosesinin məntiqi nəticəsidir və cənab İlham Əliyevə ömrü boyu minnətdar olmalıdır!

Azərbaycan ordusu ərazi bütövlüyümüzü təmin etdikdən sonra şərti sərhədlərdən o üzə addım atmadığı üçün Paşinyan da Sülh Şurasında yer ala bilir, yaxud sülh mükafatına layiq görülür, unutmasın!

Azərbaycan və BƏƏ arasında münasibətlərin etimada və etibara söykəndiyini ötən ilin iyulunda Əbu-Dabidə keçirilən Azərbaycan və Ermənistan liderlərinin görüşü, əldə olunan mühüm anlaşmalar da sübut etmişdi. Prezident İlham Əliyevin danışıqları ikitərəfli formatda davam etdirmək ideyası qəbul olunduqdan sonra görüş yeri olaraq Əbu-Dabi seçildi, hər hansı vasitəçilik missiyası olmadan. Təbii ki, belə mühüm tarixi görüşün reallaşdığı məkan etibarlı ünvan olmalı idi, oldu da. Elə Vaşinqton görüşündə rəsmiləşdirilən tarixi anlaşmaların, o cümlədən Zəngəzur dəhlizi, kommunikasiyaların açılması, sülhün paraflanmasının əsası məhz 5 saatlıq Əbu-Dabi görüşündə qoyuldu. Üstündən 7 ay keçəndən sonra iki ölkənin liderləri bu şəhərdə yenidən görüşdülər və məlumatlara görə, konstruktiv anlaşmalar əldə olunub.

Dost ölkədə əldə olunan razılaşmalardan kimsəyə zaval gəlməz. Zəngəzur dəhlizi – Tramp marşrutu, paraflanmış sülhün məntiqi sonluğuna təminat verən ABŞ liderindən sonra “Sülh Qalxanı – 2026” reallığına şahidlik etdik. Dost ölkələrlə dostluğumuz əbədi, dünənədək düşmənçilik edənlərlə əldə olunan sülh razılaşmaları qalıcı olsun! Üstəlik, “Zayed İnsan Qardaşlığı Mükafatı” sülh prosesinə şahiddir.

Ermənistana taxıl yolu açan Azərbaycana kəm baxmağı qarşı tərəf ağlının ucundan belə keçirməsin gərək!
 
Elşad PAŞASOY, Musavat.com
Link kopyalandı!
Son xəbərlər