277
13:32, Bu gün

"Rusiya Ukraynanın bir neçə şəhərinə kütləvi zərbələr endirib" - Ukrayna KİV-ləri

 
"Odessada yaşayış məhəllələri vurulub,  Kiyev və Xarkovda istilik elektrik stansiyaları sıradan çıxarılıb..."
 
Fevralın 3-dən 4-nə keçən gecə Rusiya ordusu Ukraynanın bir neçə böyük şəhərinə - Odessa, Xarkov və Kiyevə qarşı kütləvi raket və dron hücumları həyata keçirib.
 
Moderator.az xəbər verir ki, bu barədə "rbc.ua" nəşri məlumat yayıb.
 
Məlumatda deyilir ki, hücumlar nəticəsində mülki infrastruktura, xüsusilə də istilik və enerji obyektlərinə ciddi ziyan dəyib, on minlərlə insan qışın ən soyuq günlərində istiliksiz qalıb.
 
Odessada dron hücumu: yaşayış evləri və uşaq müəssisələri zərər görüb
Odessaya qarşı həyata keçirilən kütləvi dron hücumu zamanı şəhərin Primorsk, Peresıpsk və Hacıbəy rayonlarında mülki, sənaye və kritik infrastruktur obyektləri zədələnib. Çoxmənzilli və fərdi yaşayış evlərinin dam örtükləri dağılıb, fasadlar zədələnib, pəncərələr sınıb.
 
İlkin məlumatlara görə, hücum nəticəsində 20-dən çox yaşayış evi, iki uşaq bağçası və bir məktəb zərər görüb. İki mərtəbəli yaşayış binasında mənzillərarası örtüklər dağılıb, partlayış dalğası yaxınlıqdakı binalara və avtomobillərə ziyan vurub. İki nəfər xəsarət alıb, ölən yoxdur.
 
Xarkovda enerji infrastrukturu iflic olub
Fevralın 3-nə keçən gecə Rusiya ordusu Xarkov və vilayət ərazisinə də kütləvi zərbələr endirib. Hücum nəticəsində Xarkov İstilik Elektrik Stansiyası-5, eləcə də "Xarkovskaya" və "Zalyutino" elektrik yarımstansiyaları ciddi zədələnib. Şəhərdə fövqəladə vəziyyət elan olunub.
 
Şəhər meri İqor Terexovun bildirdiyinə görə, 929 obyektin istilik təchizatı dayandırılıb, onlardan 853-ü yaşayış evidir. Ümumilikdə 105 minə yaxın abonent istiliksiz qalıb. Güclü şaxta şəraitində istilik sisteminin çökməsi insan həyatı üçün real təhlükə kimi qiymətləndirilir. Şəhərdə 101 "Dayanıqlılıq məntəqəsi" sutka boyu fəaliyyət göstərir.
 
Kiyevdə minlərlə ev istiliksiz qalıb
 
Kiyevdə isə Rusiya hücumları nəticəsində paytaxtın Darnitsk və Dnepr rayonlarını istiliklə təmin edən mühüm infrastruktur obyekti ciddi zədələnib. Mer Vitali Kliçkonun məlumatına görə, 1100-dən çox yaşayış binasında sistemlərin donmasının qarşısını almaq üçün istilik şəbəkələrində su boşaldılıb. Mütəxəssislər obyektin zədələnmə dərəcəsini və bərpa müddətini qiymətləndirir. Şəhər rəhbərliyi vəziyyətin mürəkkəb olduğunu, lakin alternativin olmadığını bildirir.
 
Enerji sisteminə ən güclü zərbələrdən biri
Ukrayna tərəfinin məlumatına görə, Rusiya fevralın 3-də ölkə ərazisinə qarşı 450-dən çox dron və 70-dən artıq raket tətbiq edib. Hücumların əsas hədəfi istilik və enerji istehsalı obyektləri olub. DTEK şirkəti bu hücumları 2026-cı ilin əvvəlindən bəri energetika sektoruna endirilən ən güclü zərbələrdən biri kimi qiymətləndirib. Energetiklər enerji sisteminin ciddi məhdudiyyətlərlə işlədiyini, lakin zədələnmiş rayonlarda təchizatın bərpası üçün fasiləsiz iş aparıldığını bildirir.
Link kopyalandı!
Son xəbərlər