"Ballistik raketlər və dron hücumları nəticəsində minlərlə ev istiliksiz və işıqsız qalıb, yaşayış binaları dağılıb, xəsarət alanlar var..."
İşğalçı Rusiya 3 fevral gecəsi Ukraynaya yenidən ballistik raket və dronlarla kütləvi zərbələr endirib.
Moderator.az xəbər verir ki, bu barədə "oboz.ua" nəşri məlumat yayıb.
Kiyev: iki rayon istiliksiz qalıb, çoxmərtəbəli binalar zədələnib
3 fevral gecəsi Rusiya ordusu Kiyevə ballistik raketlər və pilotsuz uçuş aparatları ilə növbəti kütləvi hücum həyata keçirib. Hücumun nəticələri paytaxtın bir neçə rayonunda qeydə alınıb. Xüsusilə Darnitsk və Dnepr rayonları demək olar ki, tamamilə istiliksiz qalıb.
Kiyev meri Vitali Kliçkonun məlumatına görə, şəhər üzrə 1170 çoxmərtəbəli yaşayış binasında istilik təchizatı dayanıb. Kommunal xidmətlər və energetiklər bərpa işlərinə başlayıblar. DTEK şirkəti isə bildirib ki, Darnitsk və Dnepr rayonlarında fövqəladə elektrik kəsintiləri tətbiq olunur, sağ sahildə isə qrafik üzrə məhdudiyyətlər davam edir.
Fövqəladə Hallar Xidməti və şəhər prokurorluğunun açıqlamalarına əsasən, hücum nəticəsində müxtəlif rayonlarda yaşayış binaları, uşaq bağçası ərazisi, yanacaqdoldurma məntəqəsi, inzibati və anbar binaları zədələnib.
Dnepr rayonunda beşmərtəbəli yaşayış binasının bir hissəsi dağılıb, Şevçenko rayonunda isə çoxmərtəbəli binanın yuxarı mərtəbələrində yanğın baş verib. Son məlumatlara görə, paytaxtda ən azı 5 nəfər xəsarət alıb. Zərərçəkənlər arasında kəsik yaraları alan və güclü stress keçirən sakinlər var.
Xarkov: energetikaya "misli görünməmiş" zərbə
Eyni gecə Rusiya Xarkovu da ballistik raketlər və dronlarla hədəfə alıb. Zərbələr əsasən şəhərin enerji infrastrukturuna yönəlib. Şəhər meri İqor Terexov bu hücumu "misli görünməmiş" adlandırıb.
Onun sözlərinə görə, güclü şaxtalar fonunda şəhəri istiliksiz qoymaq məqsədi ilə zərbələr məqsədli şəkildə enerji obyektlərinə endirilib. Nəticədə, böyük istilik-elektrik stansiyalarından birindən qidalanan 820 yaşayış binasında sistemin donmaması üçün borulardakı suyun boşaldılmasına qərar verilib.
Terexov bildirib ki, şəhərdə 101 "Dayanıqlılıq məntəqəsi" sutka boyu fəaliyyət göstərəcək, zərurət yaranarsa yeniləri də açılacaq. Eyni zamanda elektrik nəqliyyatının işində fasilələr mümkündür. Hücum nəticəsində Xarkovda iki nəfər xəsarət alıb.
Sumi vilayəti: evlər dağılıb, insanlar xilas edilib
Sumi vilayəti də 3 fevral gecəsi kütləvi hücuma məruz qalıb. Xüsusilə Sumi və Konotop icmaları hədəf seçilib. Konotopda rus ordusunun zərbəsi nəticəsində fərdi yaşayış evi dağılıb, hadisə yerində güclü yanğın baş verib.
Vilayət hərbi administrasiyasının rəhbəri Oleq Qriqorovun sözlərinə görə, dağıntılar altından üç nəfər xilas edilib, onlara tibbi və psixoloji yardım göstərilir. Sumi şəhərində isə çoxmərtəbəli binalara zərbələr endirilib, istilik xətləri və pəncərələr zədələnib. Polis ümumilikdə vilayət üzrə dörd nəfərin xəsarət aldığını açıqlayıb.
Odessa vilayəti: 50 mindən çox insan işıqsız qalıb
Cənubda Rusiya ordusu Odessa və Odessa vilayətinə raket-dron hücumu həyata keçirib. Zərbələr enerji və mülki infrastruktura dəyib. Vilayət rəhbəri Oleq Kiperin məlumatına görə, hücum nəticəsində 50 mindən çox sakin elektrik enerjisiz qalıb.
O, bildirib: "Zədələnən yaşayış evləri, anbar və inzibati binalar, avtomobillər var. Ölən və xəsarət alan yoxdur. Kritik infrastruktur obyektləri generatorlarla işləyir".
Odessa vilayət prokurorluğu faktla bağlı müharibə cinayətləri üzrə istintaqa başlayıb.