“Zəlini göldən götürüb birbaşa bədənə qoyurlar. O axı tibbi zəli deyil. Tibbi zəli ilə göldən birbaşa tutulub bədənə qoyulan zəlini ayır etmək əslində o qədər də asan deyil. Onların sistematikası, quruluşu, rəngi fərqlənir. Tibbi zəlinin qarın hissəsi narıncı, yaşıla çalan rəng olur. Kortəbii şəkildə istifadə olunan zəlilərin ziyanları çoxdur. Xəstəlik mənbəyi də ola bilərlər. Hansısa virusu daşıya bilərlər. Çünki onlar göldə bir çox canlıların qanını sovurur. Onu bədənə qoyanda infeksiya keçə bilər. Ölümlə yaxud da ağır xəstəliklərlə nəticələnə bilər”.
Bunu Moderator.az-a açıqlamasında Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşı, biologiya üzrə fəlsəfə doktoru Şahvələd Əliyev deyib.
O daha sonra əlavə edib:
“Qanazlığı, hamilə qadınlar, vərəm xəstələrinə olmaz, onkoloji xəstələrdə isə istifadəsinə diqqət etmək lazımdır. Yaxşısı budur ki, həkimlə məsləhət etsinlər. Allergiya yaya bilər bədənə. Bədən şişə, səpə bilər. Vəziyyət gərginləşə bilər. İndi çoxu gedib evlərdə, orada-burada zəli qoydurur. Çıxılmaz vəziyyət yarananda isə qalırlar naümid”.
Şahvələd Əliyev bildirib ki, tibbi zəlilərin nəsli kəsilmək üzrədir:
“Bizdə bioloji fabrik yoxdur. Türkiyədə, Ukraynada, Moskvada, Leninqradda, Gürcüstanda, Amerikada var, amma bizdə yoxdur. Bunun klinikası da yoxdur. Brokonyerlər tərəfindən ovlanır və apteklərə satılır. İnsanlar da alıb istifadə edir. Xüsusi nəzarət olmalıdır ki, bunların nəsli kəsilməsin. Azərbaycanda zəli yetişdirmək üçün ölkənin kifayət qədər potensialı mövcuddur. Zəli yetişdirilməsi inkubator və ya biofabrik səviyyəsində həyata keçirilə bilər”, - deyə o bildirib.
Qeyd edək ki, zəli ilə müalicənin tətbiqi sahəsi çox genişdir. Onunla böyrək, prostat, mədəaltı vəzi, şəkər, varikoz, hipertoniya (qan təzyiqi), göz xəstəliklərində, klimaks, babasil, psorioz, qaraciyər, mədə problemlərində, qan dövranı durgunluğunda, stenokardiya (ürək-damar), başağrısında, oynaq ağrılarında, osteoxondroz, miqren, bronxial astma və sair xəstəliklərin kompleks müalicəsində səmərəli effekt verir.