“Puldan korluğum yoxdur, seriala niyə çəkilim ki?” – Xalq artisti
168
15:18, Bu gün

“Puldan korluğum yoxdur, seriala niyə çəkilim ki?” – Xalq artisti

“Teatrda rollar verilir, oynayıram. İşimdən uzaqlaşmamışam. Televiziyalardakı verilişlərdə iştirak etmək üçün isə canfəşanlıq etmirəm. Elə veriliş var ki, məni qane etmir, niyə gedib orada əsəbiləşim ki?”.



Moderator.az xəbər verir ki, bunu Musavat.com-a açıqlamasında Xalq artisti, Gənc Tamaşaçılar teatrının 79 yaşlı aktyoru Yasin Qarayev deyib.

O bildirib ki, televiziya dəvətlərini qəbul etmir: “Əsas işim teatrdadır. Oranın Bədii Şurasının üzvüyəm. Öz məsləhətlərimi verirəm, fikirlərimi deyirəm. İndi iş rejimim əvvəlki kimi sıx deyil. Yaşımın elə bir vaxtındayam ki, yalandan deyə bilmərəm ki, akrobatik hərəkətlər etmək gücündəyəm. Hər yaşın özünün bir imkanları, dövrü var. Cavanlıqda hansısa obrazı oynayanda akrobatik nəsə edirdimsə, indi ağsaqqala yaraşan tərz edirəm. Yaş öz sözünü deyir. Ancaq teatrdan uzaqlaşmaq da istəmirəm. Orada ictimai işlər aparıram və boş dayanmıram”.

Xalq artisti bildirir ki, sənətdən uzaq qalmaq ona həyatın sonu olar: “Sənətkar balıq kimidir. Onu sudan çıxarsan, o susuz qalıb dünyasını dəyişər. İllər ərzində müşahidə aparmışam və görmüşəm ki, sənətdən uzaqlaşan insanlar çox vaxt az müddətdə dünyasını dəyişiblər. Teatr başqa bir aləmdir. Sənət, ekran adamı həssas olur. Biz adi bir şeydən qüssələnə bilirik”.

Aktyor deyir ki, sənətdə yaş söhbəti olmamalıdır: “Sənət adamlarına yaş senzi uğursuz islahatdır. Dünya ekranında elə aktyorlar var ki, yaşı 100-ü haqlayıb, ancaq hələ də səhnədədirlər. Onlar səhnədə dünyalarını dəyişirlər. Yaş senzinin incəsənətə dəxli yoxdur. 90 yaşında kişi obrazını 45 yaşlı kişi oynamalıdır? Məgər hind filmlərinə çəkilirik ki, saçı ağardıb, yaşlı kişi obrazına çəksinlər? Qoca obrazını qoca, cavan obrazı isə cavan aktyor oynamalıdır”.
Sənətkar müasir film və seriallarda görünməməsindən də danışıb: “İndi o dövrüm deyil. Mən hansısa rayona gedib filmə və seriala çəkilə bilmərəm. Dediyim kimi, yaşımın o vaxtı deyil. Ailə, nəvə və evlə məşğul olmalıyam. Bunlara ehtiyac da yoxdur. Maddi ehtiyacım da yoxdur. Prezident və qocalıq təqaüdü alıram. Puldan korluğum yoxdur”.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər