540
15:02, Bu gün

"Trampın "sülh planı" dalana dirənir: Donbas, təhlükəsizlik zəmanətləri və atəşkəs mübahisəsi" - "Politico"

 
"Kiyev kompromis axtarır, Moskva isə prosesi uzadaraq maksimalist tələblərindən geri çəkilmir..."
 
ABŞ-ın təşkil etdiyi növbəti danışıqlara hazırlıq getsə də, Rusiya və Ukrayna üç əsas məsələ üzrə dalana dirənib. 
 
Moderator.az xəbər verir ki, bu barədə "politico.com" nəşri yazıb.
 
Donbas düyünü və "ərazi məsələsi"
 
Nəşrin yazdığına görə, əsas problem Donbasın taleyidir. Moskva bütün Ukraynanı işğal edə bilməyəcəyini anlasa da, ən azı Donbas üzərində tam nəzarəti və Krımı saxlamaqda israrlıdır.
 
Kreml "Ankoric formulu" adlandırdığı planla, Rusiyanın nəzarət etmədiyi ərazilər də daxil olmaqla, Donbasın tam şəkildə Ukraynadan alınmasını tələb edir. Kiyev üçün isə bu, həm qeyri-qanuni, həm də daxili siyasi baxımdan qəbuledilməzdir. 
 
Prezident Vladimir Zelenski regionun demilitarizasiya edilərək "azad iqtisadi zona" elan olunması ideyasını irəli sürsə də, Moskva bunu yetərli saymır. ABŞ Dövlət katibi Marko Rubio da Donbas məsələsində ciddi "uçurumun" qaldığını etiraf edib.
 
Təhlükəsizlik zəmanətləri və Avropanın mövqeyi
 
Növbəti əsas mübahisə Ukrayna üçün təhlükəsizlik zəmanətləridir. Böyük Britaniya və Fransa razılaşmadan sonra Ukraynada hərbi mövcudluq ideyasını dəstəkləsə də, ABŞ-ın prosesdə hansı rolu oynayacağı hələ də qeyri-müəyyəndir. Mətbuatda Tramp administrasiyasının zəmanətləri Donbasdan imtina ilə əlaqələndirdiyi yazılsa da, Ağ Ev bunu təkzib edib.
Bu fonda Aİ-nin ali nümayəndəsi Kaya Kallas bildirib ki, Əbu-Dabidə danışıqlarda iştirak edən Rusiya nümayəndə heyətinin sülhə dair real mandatı yoxdur. Onun sözlərinə görə, Moskva sülh görüntüsü yaradır, lakin paralel olaraq mülki əhaliyə təzyiqləri artırır. Kallas Aİ-ni Rusiyaya qarşı təzyiqləri və sanksiyaları gücləndirməyə çağırıb.
 
Atəşkəs: Kiyev indi, Moskva sonra istəyir
 
Ukrayna üçün ən təcili məsələ dərhal atəşkəsdir. Kiyev döyüşlərin dərhal dayandırılmasını tələb edir, Moskva isə əvvəl razılaşma, sonra fasilə mövqeyində qalır. Kreml açıq şəkildə bildirir ki, razılaşma olmadan Rusiya "xüsusi hərbi əməliyyat"ın məqsədlərindən geri çəkilməyəcək.
 
Analitiklər hesab edirlər ki, əsas fərq də buradadır: Ukrayna kompromis imkanlarını müzakirə edir, Rusiya isə danışıqlardan vaxt udmaq üçün istifadə edir. Siyasi ekspert Tatyana Stanovayanın sözlərinə görə, Putin bu müharibəni "ekzistensial məsələ" kimi görür və geri addımı öz hakimiyyəti üçün təhlükə sayır.
 
Sorğular göstərir ki, ukraynalılar ədalətli sülhə hazırdır, lakin ABŞ-ın vasitəçiliyinə əvvəlki qədər inanmırlar. Politoloqların fikrincə, Zelenski tarixə Ukraynanı uduzan lider kimi yox, onu xilas edən prezident kimi düşmək istəyir.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər