DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində ötən ilin yekunları və 2026-cı ilin hədəfləri müzakirə olunub
172
12:12, Bu gün

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində ötən ilin yekunları və 2026-cı ilin hədəfləri müzakirə olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində həssas qrupların yaradıcı potensialının inkişafı, sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası istiqamətində ötən il görülmüş işlər və 2026-cı il üçün nəzərdə tutulan hədəflərə həsr olunmuş mətbuat konfransı keçirilib.
 
Moderator.az xəbər verir ki, Mərkəzin direktoru Elnarə Ənsari bildirib ki, ölkədə həyata keçirilən sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır və əhalinin sosial təminatının gücləndirilməsi, rifahının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür. Onun sözlərinə görə, Mərkəzin fəaliyyəti inklüziv və sosial ədalətə əsaslanan cəmiyyətin formalaşdırılması istiqamətində aparılan işlərin mühüm nəticələrindən biridir.
 
Qeyd olunub ki, Mərkəz 2021-ci ildən fəaliyyət göstərir və açılış mərasimində Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva iştirak ediblər.
 
Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan Mərkəz həssas qruplardan olan şəxslərin bacarıqlarının üzə çıxarılması, inkişaf etdirilməsi, tanıdılması və onların məşğulluq imkanlarının artırılması məqsədi daşıyır.
 
Hazırda Mərkəz və onun filiallarında ümumilikdə 292 benefisiar xidmətlərdən yararlanır. Onlardan 175 nəfər əsas Mərkəzdə, 71 nəfər Qarabağ “DOST Evi” şöbəsində, 46 nəfər isə İsmayıllı “DOST Evi” filialında qeydiyyatdadır. Ötən il təlimləri uğurla başa vuran 166 nəfərə sertifikat təqdim edilib.
Tədbir çərçivəsində media nümayəndələrinə Mərkəzdə hazırlanan əl işlərinin satışının həyata keçiriləcəyi dostart.az onlayn platforması təqdim olunub. Bildirilib ki, Prezident İlham Əliyevin imzaladığı qanunvericilik aktlarına əsasən, Mərkəzin benefisiarları olan əlilliyi olan şəxslərin əl işlərinin bu platforma üzərindən satışı zamanı vergi güzəştləri tətbiq ediləcək. Belə ki, onların gəlirlərindən məcburi dövlət sosial sığorta haqqı tutulmayacaq, yalnız ödəmə mənbəyində 2 faiz vergi tutulacaq.
 
Qeyd edilib ki, platforma vasitəsilə həssas qruplardan olan şəxslərin əl işləri vahid onlayn məkanda daha geniş auditoriyaya təqdim olunacaq. Bu isə onların özünüməşğulluq bacarıqlarının inkişafına və iqtisadi fəallığının artırılmasına real imkan yaradacaq.
 
Hazırda portala 250-yə yaxın əl işi yerləşdirilib və məlumatlar Azərbaycan, rus və ingilis dillərində təqdim olunur. Pilot layihə çərçivəsində xüsusi “Müyəssərlik menyusu” da tətbiq edilib ki, bu funksiya görmə məhdudiyyətli və disleksiyadan əziyyət çəkən şəxslər üçün istifadə imkanlarını xeyli asanlaşdırır.
 
Bildirilib ki, pilot layihə 1 il müddətinə nəzərdə tutulub və gələcək mərhələdə platformanın əhatə dairəsinin genişləndirilməsi, ölkə üzrə digər həssas qrupların da layihəyə cəlb edilməsi planlaşdırılır.
 
Layihənin dizayn və proqram təminatı DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi tərəfindən hazırlanıb, texniki dəstək və ödəniş həllərinin icrası isə “CIBPAY” MMC və “CIB BUSINESS” MMC tərəfindən həyata keçirilir.
 
Konfransda eyni zamanda Mərkəzin ölkə daxilində və beynəlxalq səviyyədə tanıdılması istiqamətində görülən işlər və 2026-cı il üçün hədəflər barədə məlumat verilib, media nümayəndələrinin sualları cavablandırılıb.
 
Pərvin Şakirqızı
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər