Bakı Uşaq və Gənclər Teatrı Sumqayıtda - FOTO+ÖZƏL
225
10:53, Bu gün

Bakı Uşaq və Gənclər Teatrı Sumqayıtda - FOTO+ÖZƏL

Moderator.az xəbər verir ki, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Bakı Uşaq və Gənclər Teatrı  “Addım-addım Vətəndə” layihəsi çərçivəsində  Azərbaycanın müxtəlif bölgələrində fəaliyyət göstərən teatr kollektivləri ilə əməkdaşlıq etməklə, “açıq qapı” prinsipi ilə tamaşa və tədbirlər keçirir. Qələbəmizin 5 illiyinə həsr olunmuş layihənin dördüncü səfəri yanvarın 25-də Sumqayıt Dövlət Dram Teatrı  ilə birgə Sumqayıt şəhərində həyata keçirilib.
Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Daha sonra aparıcılar çıxış edərək, hər iki teatrın yaranma tarixi, repertuarı, iştirak etdiyi beynəlxalq və daxili festivallar haqqında məlumat veriblər. Sumqayıt Dövlət Dram Teatrının direktor müavini Vidadi Məmmədov çıxış edib. O, Bakı Uşaq və Gənclər Teatrını salamlayaraq, əməkdar artist İntiqam Soltanın bu layihəsinin Azərbaycan teatrı üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. 
Proqramda Sumqayıt Dövlət Dram Teatrının repertuarından "Hacı Qara" və "Xəzinə"  tamaşalarından bir hissə nümayiş olunub. Sözügedən teatrın əməkdaşları-Əməkdar artist İlahə Səfərova, prezident mükafatçısı Akif Mirzəyev, aktyorlar Şəmistan Süleymanlı Kamran Muradlı, Emil Həmidov tamaşalarda çıxış ediblər. Bakı Uşaq və Gənclər Teatrının repertuarından  “Danışan Gəlincik”, "Şəngülüm, Şüngülüm, Məngülüm", "Xəzinələr adası" tamaşasından səhnəciklər, Tofiq İsgəndərlinin təqdimatında illuziya nömrələri nümayiş olunub. Bakı Uşaq və Gənclər teatrı tərəfdən isə tamaşalarda Niyaz İlyasoğlu, Tofiq İsgəndərli, Könül Şahbazova, Ədalət Ağaverdizadə, Gülər Ləzgiyeva, Qurban Əhmədov, Sənan Fərzəliyev, Toğrul İsabəyli, Fidan Əliyeva, Fatimə Qasımova, Emin Balayev çıxış edib.
Tədbirin sonunda Bakı Uşaq və Gənclər Teatrının direktoru, layihənin rəhbəri, respublikanın əməkdar artisti İntiqam Soltan Sumqayıt Dövlət Dram Teatrına  təşəkkürnamə təqdim edib. Həmçinin  Sumqayıt Dövlət Dram Teatrının direktoru Samir Şəfiyev Bakı Uşaq və Gənclər Teatrına təşəkkürnamə təqdim edib.
Qeyd edək ki, layihə bundan əvvəl Lənkəranda Lənkəran Dövlət Dram Teatrı ilə, Qusarda Qusar Dövlət Ləzgi Dram Teatrı ilə, Horadizdə Füzuli Dram Teatrı ilə, Quzanlıda Ağdam Dövlət Dram Teatrı ilə birgə həyata keçirilib.   Layihəyə  Bakı şəhərində bölgə teatrlarının iştirakı ilə  festivalla yekun vurulması planlaşdırılıb.
Link kopyalandı!
Son xəbərlər