Bizi sosial şəbəkələrdən izləyin:
“İlhamə Quliyeva hegemon qadın idi. Bilirsiniz ki, Tükəzban İsmayılova mənim həyat yoldaşımın doğma bibisidir. İlhamə də onun bibisi qızıdır. İlhamənin sağlığında da ara oxuyanları var idi. Amma hamı ondan çəkinirdi. Vəziyyət bugünki kimi deyildi. Mən kişi xeylağıyam, qadınla dərinə gedə bilmirəm. Onunla da dərinə getmirdim. İlhamə İlhamə idi də”.
Bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Əli Mirəliyev deyib.
O deyir ki, xalq artisti Flora Kərimova ilə dostluq etdiyi üçün İlhamə Quliyeva onu bir müddət danışdırmayıb və cəzalandırıb:
“İlhamənin özünə də deyirdim ki, sən qızılgül, nərgiz, bənövşə, lalə və s. güllərdən yalnız birisən, Flora isə buketdir. İlhamə məni söyürdü ki, buna baxee, mənə gör nə deyir?! Deyirdim ki, sənin kimi 50 oxuyanı Flora bağlayar. Təəccüblə baxırdı mənə. Biz Flora ilə “Dan ulduzu” ansamblında birlikdə işləyirdik. Heç İlhamə ilə o qədər də yaxşı yola getmirdik”, - deyə müğənni Əli Mirəliyev deyib.