229
14:22, Bu gün

"Başsız qalan teatrlarımız" - ARAŞDIRMA

Artıq uzun illərdir bir sıra teatrlar baş rejissorsuz qalıb. Sənət cameəsi bu vəzifələrə təyinatların nə vaxt həyata keçiriləcəyini səbirsizliklə gözlədiyi vaxtda Mədəniyyət Nazirliyi “Teatr və teatr fəaliyyəti haqqında” qanunun tələblərinə uyğun olaraq, dövlət teatrlarının əsasnamələrinin, struktur və ştat cədvəllərinin yenidən işlənərək təsdiqlədiyini açıqladı.

Dövlət teatrları “baş”sız qalır?

Yeni qərara əsasən, 23 dövlət teatrında baş rejissor, baş rəssam və bədii rəhbər ştatları ləğv edilir, bunun əvəzinə sənət ocaqlarında müvafiq şöbələr yaradılır. Yeni yanaşmaya uyğun olaraq mövcud idarəetmə strukturunda yer alan baş rejissor, baş rəssam, bədii rəhbər və digər oxşar vəzifələr yeni struktura daxil edilməsələr də, onların funksiyaları daha çevik və nəticəyönümlü idarəetmə modeli çərçivəsində yenidən bölüşdürülüb.

Yenilənmiş strukturda teatrların fəaliyyətinin daha sistemli təşkili üçün strategiya və kommunikasiya şöbəsi, yaradıcı şöbə, artist heyətinin idarəedilməsi və digər funksional bölmələr yaradılıb.

Nazirlikdən qərarla bağlı verilən izahda qeyd edilib ki, bu bölmələr teatrın həm yaradıcılıq, həm də təşkilati fəaliyyətinin daha effektiv idarə olunmasına xidmət edir.

Bəs görəsən, teatr xadimləri özləri bu barədə nə düşünür? Sənət ocaqlarındakı mövcud ştatların ləğvi onların yaradıcı fəaliyyətinə necə təsir göstərəcək?

“Uzun illərdir Akademik Milli Dram Teatrında baş rejissor vəzifəsi yoxdur”, - Moderator.az xəbər verir ki, bunu APA-ya Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı deyib.

Belə çıxır ki, “Azdrama” yeni qərara əvvəldən uyğunlaşıbmış və mövcud dəyişikliklər teatrın fəaliyyətində mənfi təsir yaratmayacaq.

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının mətbuat xidmətinin rəhbəri Samirə Əşrəf də təxminən eyni cavabı verərək 2023-cü ildən etibarən teatrın baş rejissorsuz fəaliyyət göstərdiyini qeyd edib.

Lənkəran Dövlət Dram Teatrında isə 2025-ci ildən etibarən teatrda baş rejissor vəzifəsi vakantdır.

Gəncə Dövlət Milli Dram Teatrında isə mənzərə bir qədər başqadır: Teatrın direktoru vəzifəsini müvəqqəti icra edən Elşad Əhmədov baş rejissor vəzifəsinin də öhdəsindən gəlir.

Lakin bu o demək deyil ki, teatrlarımızın hamısı baş rejissorsuz qalıb. Azərbaycan Dövlət Kukla Teatrı, Sumqayıt Dövlət Dram Teatrı, Azərbaycan Dövlət Yuğ Teatrı, Azərbaycan Dövlət Akademik Musiqili Teatrı və İrəvan Dövlət Azərbaycan Dram Teatrında bu ştat yeni qərara qədər mövcud olub.

Baş rejissor təkcə tamaşa quran adam deyil

Belə çıxır ki, teatrlarımızın bəziləri bu illər ərzində baş rejissorsuz, bəziləri də baş rejissorlu fəaliyyət göstərib.

Əməkdar incəsənət xadimi, teatr rejissoru Bəhram Osmanov bildirir ki, Azərbaycana qonşu ölkələrdə də bu ştatın olub-olmaması teatra görə dəyişir:

“Elə teatrlar var ki, onları direktorlar idarə edir. Bütövlükdə baş rejissor tərbiyəçidir, aktyorların inkişafı üçün çalışan adamdır, təkcə tamaşa quran şəxs deyil. Amma hansısa teatr kollegial şəkildə idarə oluna bilirsə, bu da yaxşıdır. Bu praktikadan da keçmək lazımdır. Bunu faciə kimi qəbul etmək olmaz, teatrda belə hallar olur, bəlkə də olmalıdır. Rusiya teatrlarının bir çoxunda bədii rəhbər, baş rejissor yoxdur. Direktorun yaradıcı işlər üzrə müavini var. Onlar da çox hörmətli rejissorlardır və həmin vəzifəni icra edirlər. Əgər bu çıxış yoludursa, bunu dəstəkləmək lazımdır. Gələcək 5–10 ildə nə olacağını proqnozlaşdırmaq çətindir, bəlkə yenidən köhnə sistemə qayıdacaqlar”.

Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aydın Talıbzadə isə hesab edir ki, teatrda bütün yaradıcılıq prosesi baş rejissorun, onun sənət manifesti ətrafında fırlanır, cərəyan edir, rəqsə gəlir:“O, ilk növbədə kollektivi, əsasən də həmfikirlərini teatra toplayır, truppanın tərkibini müəyyənləşdirir. Bu, teatrın daha çox təşkilatlanması ilə bağlı məsələdir. Çətini, mürəkkəbi və teatr sənəti üçün fundamental olanı isə teatrın inkişaf konsepsiyasının müəyyənləşdirilməsi, inkişaf strategiyasının seçilməsidir. Çünki bu konsepsiya və strategiya kollektiv üçün çox mühüm motivasiyadır”.

Baş rejissoru gəmi kapitanına bənzətmək olar

Görkəmli sənətşünasın sözlərinə görə, aktyor truppasının formalaşması da, repertuarın səciyyəsi də rejissorun teatr ideyasından, dünya görüşündən, bədii zövqündən və estetik tərcihlərindən asılıdır: “Baş rejissor təkcə pyesin yorumçusu deyil, həm də tamaşanın memarı, mühəndisi, heykəltəraşı və hər şeydən əvvəl psixoloqu, sonra isə diplomatıdır, xaotik enerjiləri istiqamətləndirib vahid bir kosmos yaradan şəxsdir”.

Aydın Talıbzadə onu da qeyd edib ki, baş rejissorun vəzifəsi təkcə tamaşa hazırlamaqla bitmir: “Onun vəzifəsi əvvəlcə teatrın bütün kollektivini, sonra isə geniş tamaşaçı auditoriyasını öz ideyasına, öz təxəyyülünə, öz fantaziyasına və qəbul etdiyi estetik şərtiliyə inandırmaqdır. Teatrın baş rejissorunu gəmi kapitanına bənzətmək olar: kapitansız gəmi irəliləmir, okeanda azıb qalır. Eləcə də teatr: baş rejissorsuz teatr yavaş-yavaş uçuruma yuvarlanır. Odur ki, baş rejissor vəzifəsinin teatr üçün vacibliyi danılmazdır”.

Aydın Talıbzadənin bədbin fikirlərindən belə çıxır ki, teatrlarda mövcud idarəetmə quruluşlarına toxunmaq olmaz. O, hətta zaman-zaman teatrlarda baş rejissorların bədii rəhbərlərlə əvəzlənməsi praktikasından istifadə edildiyini də vurğulayıb. Lakin təəssüf ki, bu eksperimentlər teatrlara heç bir uğur, heç bir dividendlər gətirməyib: “Ona görə də teatra nəzarət edən qurumlar baş rejissor vəzifəsini yenidən bərpa etmək məcburiyyətində qalıblar”.

Azərbaycan Dövlət Pantomim Teatrının bədii rəhbəri, Xalq artisti Bəxtiyar Xanızadə isə yeni qərarı şərh etmək istəməyib.

O bildirib ki, Mədəniyyət Nazirliyi bu məsələni həll edib və yəqin belə məsləhət bilinib:“Mən buna artıq nəsə deyə bilmərəm”.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru Aqil Bəhramlı isə çağdaş dövrdə teatr sənətinin yeni mərhələyə qədəm qoyması, fərqli estetik dildə danışması və yeni mexanizmlərlə işləməsi üçün aparılan islahatların zərurətdən çox tarixi ehtiyaca çevrildiyini qeyd edib.

 

Onun sözlərinə görə, islahatların əsas məqsədi milli teatr sənətinin qorunması ilə yanaşı, onun müasir çağırışlara uyğun inkişafını təmin etmək, idarəetmədə şəffaflıq və effektivliyi gücləndirməkdir:

“Bu çərçivədə atılan addımlar uzunmüddətli mədəni inkişaf strategiyasının tərkib hissəsi kimi qiymətləndirilməlidir. Müasir teatr artıq ənənə ilə yeniliyin sintezində formalaşan, açıq, dinamik və gələcəyə yönəlmiş mədəni qurum kimi öz inkişaf yolunu inamla davam etdirir”, - Musiqili Teatrın direktoru belə yekunlaşdırıb.

Teatrlar Sovet idarəetmə sistemindən xilas olacaq

ƏSA Teatrının direktoru Nihad Qulamzadə də yeni qərarı alqışlayıb. Baxmayaraq ki, yeni qərar müstəqil teatrlara şamil edilmir, o, bunu köhnə teatr idarəetmə üsulunun yenilənməsi kimi təqdim edib: “Düşünürəm ki, bunun ilk addımları atılır və nəhayət, biz sovet idarəetmə sistemindən xilas olub, yeni bir modelə doğru gedə biləcəyik. Dövlət teatrlarında prodüser sisteminin inkişafı da ümumilikdə cəmiyyətin daha aktiv fəaliyyətinə gətirib çıxaracaq”.

Mədəniyyət Nazirliyindən sorğumuza cavab olaraq bildirilib ki, ləğv edilən vəzifələrin funksiyaları kollegial idarəetmə prinsipləri əsasında və yeni yaradılmış struktur bölmələri vasitəsilə həyata keçiriləcək.

“Məqsəd qərarların bir nəfər üzərində cəmlənməsi deyil, kollektiv məsuliyyət və aydın funksional bölgü mexanizminin formalaşdırılmasıdır”, - məlumatda qeyd olunub.

Belə çıxır ki, teatrda islahatların aparılmasının bir mühüm səbəbi məsuliyyəti paylaşdırmaqdırsa, digər səbəbi də bu vəzifə sahiblərinə səlahiyyətlərindən sui-istifadə imkanı yaratmamaqdır. Sirr deyil ki, teatrlarımız son illərdə özlərinin repertuarlarından çox “bir nəfərin üzərində cəmlənən qərarların” yaratdığı rejissor-aktyor, aktyor-bədii rəhbər davaları ilə gündəmə gəlib. Arzu edək ki, yeni qərar təkcə teatrlarımızın idarəetməsini asanlaşdırmayacaq, eyni zamanda, onların yaradıcı fəaliyyətlərini daha da təkmilləşdirəcək, yeni-yeni səhnə nailliyyətlərinin qapısını açacaq.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər