Məşhur diplomat Rusiya-Ukrayna müharibəsinin nə zaman bitəcəyini açıqladı
203
14:23, Bu gün

Məşhur diplomat Rusiya-Ukrayna müharibəsinin nə zaman bitəcəyini açıqladı

"Ötən həftə Əbu-Dabidə Rusiya və Ukrayna nümayəndə heyəti arasında keçirilən danışıqlarda hər hansı konkret irəliləyişə nail olunmasına dair açıqlamalar verilməsə də, proseslə bağlı iki vacib məqam diqqəti cəlb edir. Birincisi, tərəflərin növbəti həftə yenidən görüşməyə razılaşması hansısa kompromisə doğru addımlara ümidlərin yarandığını göstərir. İkincisi, ABŞ artıq həm Rusiya, həm də Ukrayna tərəfindən açıq şəkildə neytral vasitəçi kimi qəbul olunur".
 
Moderator.az xəbər verir ki, bu sözləri Oxu.az-a açıqlamasında Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı sabiq səfiri, diplomat Metyu Brayza deyib.
 
 
Onun sözlərinə görə, Rusiya tərəfi Bayden administrasiyası dövründə ABŞ-nin Ukraynanı dəstəklədiyini iddia edirdi:
 
"Daha sonralar isə əksinə oldu. Yəni Birləşmiş Ştatların Avropadakı müttəfiqləri Prezident Donald Tramp dövründə Vaşinqtonun Rusiyaya daha yaxın mövqe tutmasından narahat idilər. Həmçinin xatırlayırıq ki, bir il əvvəl fevral ayında Tramp və vitse-prezident Ceyms Vens Ağ Evdə, Oval kabinetdə Prezident Zelenskiyə qarşı son dərəcə sərt təzyiq göstərmişdilər. Bu, mənim ABŞ diplomatı və yüksək vəzifəli dövlət məmuru kimi 23 illik təcrübəmdə şahidi olmadığım açıq-aşkar bir hədə-qorxu nümayişi idi. Lakin indi görünür ki, ABŞ administrasiyasının, avropalı müttəfiqlərin etimadını qazanan Prezident Donald Trampın kürəkəni, iş adamı Cared Kuşner danışıqları kompromisə doğru yönəltməyə çalışır. ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffun bu etimadı tam doğruldub-doğrultmayacağı isə sual altındadır".
 
"Prezident Volodimir Zelenski isə bildirib ki, Ukrayna üçün təhlükəsizlik zəmanətləri məsələsi artıq həll olunub. Bu, açıq qalan əsas iki problemdən biri idi. Həmin təhlükəsizlik zəmanətlərinə Avropa ölkələrindən, xüsusilə Fransa və Böyük Britaniyadan olan hərbçilərin Ukrayna ərazisində yerləşdirilməsi və ABŞ-nin onlara hərbi dəstək verməsi daxil olacaq. Hazırda həllini tapmamış son məsələ isə ərazi, torpaq məsələsidir. Rusiya Ukrayna ərazisində Avropa qoşunlarının yerləşdirilməsini qəbul etməyəcəyini bildirib. Prezident Putinin başladığı bu müharibənin mahiyyət etibarilə məhz torpaqla bağlı olduğunu açıq şəkildə göstərilib. Moskva Donbasa, o cümlədən döyüş meydanında ələ keçirə bilmədiyi 20 faiz əraziyə tam nəzarət tələb edir. Prezident Zelenski isə Ukraynanın heç bir ərazidən imtina etməyəcəyini qəti şəkildə bəyan edib. Ukrayna prezidentinin hər hansı ərazinin Rusiya nəzarətinə verilməsini qəbul etməsi üçün konstitusiyaya dəyişiklik edilməlidir. Bundan əlavə, Rusiyanın döyüş meydanında qazana bilmədiyi ərazilərə nəzarət əldə etməsi ideyasını qəbul etmək daha da çətindir" - deyə, diplomat vurğulayıb.
 
Müsahibimizin əsaslandırmasına görə, həmin 20 faiz ərazi Ukraynanın gələcək təhlükəsizliyi baxımından son dərəcə vacibdir:
 
"Çünki sözügedən ərazilərə Rusiya qüvvələrinin dörd ilə yaxın davam edən döyüşlərlə ələ keçirə bilmədiyi "qala şəhərləri" daxildir. Bu, gələcəkdə Rusiyanın yenidən hücum etməsinin qarşısını almaq və onu çəkindirmək üçün əsas rol oynayır. Nəticə etibarilə müharibənin taleyi Prezident Putinin nə zaman öz tələblərini yumşaltmaq qərarı verəcəyindən asılı olacaq. O, müharibənin əvvəlində irəli sürdüyü eyni tələbləri hələ də saxlayır, halbuki Rusiya üçün müharibəni davam etdirmək getdikcə daha çətinləşir.
 
Bir tərəfdən, Rusiya ordusu səfərbərlikdə çətinlik çəkir. Çünki ehtiyatlar tükənir və itkilər çoxdur. Digər tərəfdən isə Rusiya iqtisadiyyatı zəifləyir və Prezident Putin anlayır ki, müharibəni uzun müddət davam etdirmək mümkün deyil. Keçən ilin yaz və yay aylarında Avropada Ukraynanın müharibəni uzun müddət davam etdirə bilməyəcəyi barədə ümumi fikir mövcud idi. Lakin indi analitiklər əksini düşünürlər. Qərb analitiklərinin qiymətləndirmələrinə görə, Ukrayna hər 25 rus əsgərinə qarşı cəmi bir hərbçi itirir. Hazırda dinamika getdikcə daha çox Ukraynanın xeyrinə dəyişir.
 
Prezident Putinin başladığı müharibə onun savaşı bitirmək qərarı verəcəyi zaman sona çatacaq. Rusiya nümayəndə heyətinin danışıqları gələn həftə də davam etdirməyə razılaşması isə bəlkə də müharibəni bitirmək qərarının nəzərdən keçirilməsinə başlandığını göstərir".
Link kopyalandı!
Son xəbərlər