
- Azərbaycanla Ermənistan arasında sülh müstəvisində atılan addımlar, nəqliyyat dəhlizlərinin blokadadan çıxarılmasında bəzi bölgə dövlətlərinin narahatlığı var. Bu nə ilə bağlıdır?
- Əslində bu addım bölgə dövlətlərini narahat etməməlidir. Qonşu Gürcüstanda bəziləri bu mövzuda informasiya məkanlarında spekulyasiya ilə məşğul olur. İddiaları da odur ki, Azərbaycanla Ermənistan arasında bilavasiə yol açılsa, Gürcüstan itirəcək və s. Fakt isə odur ki, Azərbaycan Gürcüstanın dəmir yollarının modernləşməsinə, Axalkalaki-Qars dəmir yolunun tikintisinə bir milyard dollar həcmində kredit ayırıb. Bu kreditlər isə həmin dəmir yollarının istifadəsi ilə geri qaytarılmalıdır. Ona görə də, həmin yoldan yüklərin dövriyyəsi sürətlə artır.

- Ermənistanla yolun açılması bu istiqamətdə yüklərin daşınmasında azalmaya səbəb ola bilərmi?
- Heç yerdə yazılmayıb ki, Azərbaycanla Ermənistan arasındakı dəmir yolu əlaqəsi mütləq şəkildə Gürcüstan üzərindən keçməlidir. Bu vaxta qədər Bakı ilə İrəvan arasında heç bir ticarət əlaqəsi mövcud deyildi. Ona görə də indiki halda Gürcüstanın bu məsələdə nə isə itirəcəyi ilə bağlı iddialar əsassızdır. Sözsüz ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması şəraitində iki ölkə arasında kommunikasiya xətləri bərpa edilməlidir. Bu ilk növbədə Mehridən keçən dəmir yolu ilə bağlıdır. Eyni zamanda burada dəmir və avtomobil yolu ilə yanaşı, fiberoptik və elektrik xəttinin, eyni zamanda qaz kəmərinin çəkilməsi də nəzərdə tutulub. Bununla ilk növbədə Naxçıvanın ehtiyacları təmin ediləcək. Bütün bunlar isə gələcəkdə nəzərdə tutulan məsələlərdir. Bununla yanaşı, Qazax-İcevan yolu da bərpa olunacaq.

- Bütün bunların fonunda 2026-cı ildə Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin imzalanması mümkündürmü?
- Bunun baş verməsi ehtimalı çox yüksəkdir. Eyni zamanda Türkiyə-Ermənistan münasibətlərinin də qaydaya salınması paralel şəkildə həyata keçiriləcək.