Bizi sosial şəbəkələrdən izləyin:
“Atamın sözlərinə yazılan mahnılar çoxdur. Tərbiyəsi olanlar oxuyanda əlbəttə ki, icazə alır. Məmməd Arazın sağlığında oxunan mahnıların icazəsi əlbəttə ki, özü tərəfindən verilib. İndi oxuyanda məndən soruşurlar ki, hansı söz düz, hansı söz səhvdir? Olarmı oxumaq, olmazmı? Mən bəyənmirəmsə deyirəm ki, oxumayın, lazım deyil. Bəzən hətta qadağan belə etmişəm”.
Bunu Moderator.az-a açıqlamasında xalq şairi Məmməd Arazın qızı, Əməkdar jurnalist İradə Tuncay bildirib.
O daha sonra əlavə edib:
“Məmməd Arazın “Nə bilim?” adlı məşhur şeiri var. Onu ilk dəfə mahnı kimi Məhəbbət Kazımov oxuyub. “Niyə uçdu bu qalacıq, nə bilim?”. Şair belə yazıb. Amma sonra görüblər ki, belə uyğun gəlmir, mahnıya uyğunlaşdırıblar. Bu Məmməd Arazın öz sağlığında olub”.
İradə Tuncay bildirib ki, dekabrın 1-də paytaxt restoranlarından birində Məmməd Arazın doğum günü münasibəti ilə təbdir keçirilib:
“Mən getməmişdim, özümü bir az yaxşı hiss etmirdim. Aqil getmişdi. Dedilər ki, yaxşı tədbir olub. Atamın 90 illiyində mən Türkiyədə xəstəxanada idim, bacım burada idi. Böyük səviyyədə qeyd olunmadı. Ümumiyyətlə son illər yubileylər heç o şəxsiyyətlərin adlarına uyğun keçirilmir. Ona görə də bunun davasını döyməyin mənası yoxdur. Sadəcə söz olsun ki, keçirildi”, - deyə İradə Tuncay bildirib.