Bakı-Sumqayıt yolunda hər gün tıxac - Əhalinin problemi sona çatır
264
16:43, Bu gün

Bakı-Sumqayıt yolunda hər gün tıxac - Əhalinin problemi sona çatır

Hər səhər eyni xəbər: Bakı-Sumqayıt yolunda tıxac var. Xırdalandan Bakı istiqamətinə və ya əks tərəfə gedənlər saatlarla yolda qalırlar. Məsələnin maraqlı tərəfi isə odur ki, hər kəs Xırdalan istiqamətində tıxacların çox olduğunu, günün yarısının yolda keçdiyini bildiyi halda daha münasib qiymətə təklif olunduğu üçün mənzillərini məhz oradan alırlar. Əvvəlki illərlə müqayisədə məskunlaşmanın orada daha çox artıdığını deyə bilərik.
 
Bəs görəsən, Bakı ətrafı ərazilərdə hər gün pik saatlarda təkrarlanan tıxacların qarşısını almaq üçün hansı konkret addımlar atılmalıdır? Hansı alternativlər problemin həllində kömək ola bilər?
 
Nəqliyyat sahəsi üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov Lent.az-a açıqlamasında bildirib ki, Bakı-Sumqayıt yolunda və paytaxtın giriş-çıxışlarında tıxac yaranmasının əsas səbəblərindən biri məskunlaşmadır:

“Əhali hər yerdə, plansız, şəhərsalma normalarına məhəl qoyadan məskunlaşır. Əvvəllər həmin yerlərdə ancaq fərdi evlər olsa da, indi şəhərsalma qaydalarına uyğun olmadan çoxmərtəbəli binalar insanların istifadəsinə verilir. Deyilə bilər ki, “binadır, tikilir, tikilsin, insanların rahatlığı üçün edilir, orada daşınmaz əmlak, mənzil, torpaq bir az daha ucuzdur, nəyi pisdir ki?” Lakin Xırdalanda iş yerləri, əhali sayına uyğun məktəb, eləcə də tibb məntəqələri yoxdur. Orada yaşayan insanlar hər gün kütləvi şəkildə şəhərə gedib, gəlmək məcburiyyətindədirlər. Kimisi şəhərdə işə gəlir, kimisi övladını məktəbə, tibb məntəqəsinə, əyləncə mərkəzinə aparır. Hətta toya getmək üçün belə, camaat şəhərə üz tutur. Bütün bunların hamısı kütləvi mobillik ehtiyacının yaranmasına səbəb olur. Onu isə qarşılayacaq infrastruktur və ictimai nəqliyyat yoxdur. Nəticə isə göz qabağındadır”.

Ekspert tıxacın aradan qaldırılmasının həll yollarını sadalayıb:

“Problemi aradan qaldırmaq üçün ilk növbədə şəhərsalma norma və qaydalarından kənar, plansız məskunlaşmanın, tikintinin qarşısı alınmalıdır. Ən azından bu proses dayandırılmalıdır.

Hazırda Xırdalanda, Sarayda və digər ətraf ərazilərdə çoxmərtəbəli binalar tikirlər. Mən əminəm ki, onların heç biri yol-nəqliyyat, həmçinin sosial infrastruktura uyğun deyil. Bunun qarşısı alınmalıdır. Mənzil tikilməyi pis deyil, amma infrastrukturu da hesaba qatmaq lazımdır. Orada məktəb də, xəstəxana da, ictimai iaşə obyektləri, iş və istirahət yerləri də açılmalıdır. Bütün bunlar yol-nəqliyyat infrastrukturuna da uyğun olmalıdır. Sosial, nəqliyyat, tikinti, əmək bazarı bir-birini tamamlamalıdır. Əks halda qarşıqlıq “baş alıb, gedir.

Xırdalan, Binə qəsəbəsi, eləcə də Binəqədidən şimala doğru ərazilərdə məskunlaşan insanların kütləvi formada şəhər mərkəzinə gəlib-getmələrini qarşılayacaq ictimai nəqliyyat yetərincə deyil. Xırdalandan keçən Bakı-Sumqayıt qatarı var. Lakin tikinti işlərinə görə Xırdalan-Bakı arasında müvəqqəti fasilə yaranıb. Bu da vəziyyəti bir qədər gərginləşdirir. Yaxşı olar ki, iş surətlənsin və qatarın gedişatı bərpa olsunsun, hətta Xırdalan ərazisində 1 yox, bir neçə yerdə stansiya olmalıdır.

Marşrut avtobuslarının sayı yetərincə deyil

Marşrutların sayını artırmaq mütləqdir, çünki hazırkı say tələbatı ödəmir. Yaxşı olar ki, gələcək perspektivdə relsli nəqliyyatın başqa növləri də tətbiq olunsun. Hərdən deyirik ki, Xırdalan ərazisində Bakı Metropoliteninin 3 stansiyası olsa, yollarda sıxlığı müşahidə etmərik, amma nəzərə alsaq ki, metronun tikintisinə külli miqdarda pul lazımdır. Ona görə də hələlik müəyyən istiqamətdə, kütləvi şəraitdə sərnişin daşıma həllərinə üz tutmaq olar. Tramvay, metrobus tipli sərnişin daşıyan nəqliyyat vasitələrinin mümkünlüyünü götür-qoy etmək lazımdır. Mövcud marşrut avtobuslarının sayını həm çoxaltmaq, həm də şaxələndirmək lazımdır ki, Xırdalanı, Masazırı və digər ətraf məskunlaşma ərazilərinin hər yerini əhatə edə bilsin. Belə olduqda, təkcə Avtovağzal metrosunu və 20 Yanvar ərazisini yox, şəhərin müxtəlif yerləri əlaqələndirilə bilər.

Yol infrastrukturunda müəyyən işlər görülməlidir

Tıxacların qarşısının alınması üçün görüləcək tədbirlər içərisində ən sonuncusu yol infrastrukturunda müəyyən işlərin görülməsidir. Elə nöqtələr var ki, orada çətinliklər yaranır. Ötən ilin bu vaxtı “Bakı və ətraf ərazilərin yol infrastrukturunun inkişafı ilə bağlı” dövlət proqramı qəbul olunub. Orada qeyd olunur ki, Xırdalan şəhərindən Bakı-Sumqayıt, Bakı-Şamaxı yoluna bir neçə çıxışlar veriləcək.

Hazırda Bakı-Şamaxı yolu ilə hərəkəti polis postunun yanından, körpünün üstü ilə qovşaqdan keçərək edirik. Oranın konfiqurasiyası dəyişdiriləcək. Körpüdən istifadə etmədən birbaşa Bakı-Sumqayıt yolu ilə Biləcərini keçdikdən sonra Şamaxı istiqamətində şaxələnmə olacaq. Başqa bir plan isə belədir ki, Xırdalan şəhərindən Sulutəpə dairəsinə və oradan təxminən Xocasən istiqamətindən Bakıya ikinci giriş təşkil olunsun. Bu da tıxacların qarşısının alınmasında öz sözünü deyə bilər. Həmçinin Biləcərinin birbaşa şəhərlə 9-cu mikrorayon tərəfdən əlaqələndirməsi, yeni yolun tikilməsi Bakı-Sumqayıt yolunun yükünü azaldacaq. Abşeron yarımadasının şərq tərəfini – Binə və Aeroport yolu, Sabunçu istiqamətini şəhərin içinə daxil olmadan Bakı-Sumqayıt yolu ilə birləşdirən yeni yolun tikintisi nəzərdə tutulur. Bu plan baş tutsa, Bakı-Şamaxı yolunun yükü azalacaq.

İndi aeroportdan kimsə Xırdalana, hətta Sumqayıta getmək istəyirsə, həmin yolla gəlib, Koroğlu metrostansiyasından Ziya Bünyadov prospektinə girirlər, daha sonra Şamaxinkaya, oradan isə Biləcərinin yanından keçib, Xırdalan-Sumqayıt istiqamətinə gedirlər. Sabunçu-Sulutəpə yolu tikilərsə, tıxac probleminin qarşısı bir az alınar.

Ən başlıca məskunlaşma ilə bağlı problemlər həll olunmalı, ictimai nəqliyyatın çeşidlənməsinin inkişaf etdirilməsi, dayanıqlılığı təmin olunmalıdır. Bundan sonra üçüncü məsələyə, yəni yol infrastrukturundakı bəzi yaxşılaşdırmalara baxmaq lazımdır”.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər