Azərbaycan bu beynəlxalq təşkilatdan çıxır? – REAKSİYA
196
14:55, Bu gün

Azərbaycan bu beynəlxalq təşkilatdan çıxır? – REAKSİYA

ABŞ hökuməti Ümumdünya Səhiyyə Təşkilatındakı (ÜST) üzvlüyünə rəsmi şəkildə son qoyduğunu açıqlayıb. Məsələ ilə bağlı Dövlət katibi Marko Rubio və səhiyyə və tibbi xidmətlər katibi Robert Kennedi birgə bəyanat yayıblar.
 
Bildirilib ki, bu qərar ÜST-nin COVID-19 pandemiyası dövründə həyata keçirdiyi siyasətin uğursuzluğu və həmin qərarların ABŞ xalqına vurduğu zərərin nəticəsi olaraq qəbul edilib. ABŞ rəsmiləri vurğulayıblar ki, ÜST əsas missiyasından uzaqlaşaraq, siyasiləşmiş və bürokratik yanaşma sərgiləyib, bir sıra hallarda isə ABŞ-nin maraqlarına zidd mövqe nümayiş etdirib.
 
Qeyd olunub ki, Birləşmiş Ştatlar təşkilatın təsisçi üzvü və ən böyük maliyyə təminatçısı olsa da, ÜST qərarlarında Amerika maraqlarına düşmən münasibət bəsləyən dövlətlərin təsiri altında fəaliyyət göstərib. Bəyanatda həmçinin deyilir ki, təşkilat pandemiya dövründə amerikalıların həyatını xilas edə biləcək vacib məlumatların vaxtında və dəqiq paylaşılmasına mane olub, daha sonra isə bu çatışmazlıqları ictimai səhiyyə maraqları adı altında gizlətməyə çalışıb.
 
Bu da maraqlıdır ki, ABŞ 260 milyon dollarlıq borcunu ödəmədən təşkilatı tərk edib...
 
Doğrudanmı ÜST “əsas missiyasından uzaqlaşaraq, siyasiləşmiş və bürokratik quruma” çevrilib? ABŞ-ın onu tərk etməsi təşkilata neçəyə başa gələ bilər? Nə vaxtsa Azərbaycan da analoji addım ata bilərmi? Təşkilata nə qədər üzvlük haqqı ödəyirik? Ümumiyyətlə, hazırda ÜST qlobal səhiyyə üçün hansı önəmi daşıyırmı?
 
Tanınmış həkim, tibb elmləri doktoru, professor Adil Qeybulla Musavat.com-a açıqlamasında bildirib ki, ÜST -kimi bir kordinatorun olması son dərəcə vacibdir:
 
 
Onun sözlərinə görə, bəzi məsələlər bu təşkilatın vasitəsi ilə çatdırılır: “Bu, dövlətlərin təmsil olunduğu rəsmi təşkilatdır. Diqqət edin, pandemiyanın bitməsi ilə bağlı raport ÜST tərəfindən verildi və bütün dünya bildi ki, pandemiya sona çatıb. Doğrudur, epidemiyalar hələ davam edir. Digər bir məqam xəstəliklərin profilaktikası və müalicəsi üzrə dünyanın aparıcı mərkəzləri var. Bu mərkəzlərin rəyləri ÜST-ə daxil olur. ÜST-də xəstəliklərin müalicəsinin klinik protokolları var.
 
Yəni bu təşkilat bir moderatordur. Ola bilsin ki, onun maliyyə mənbələri və digər məsələlərinə yenidən baxılsın. Lakin bu təşkilatı tərk etmək və iqnor etmək doğru deyil. Donald Trampın bu qərarı verməsindən asılı olmayaraq, ÜST yenə fəaliyyət göstərəcək. Hesab edirəm ki, Trampdan sonra ABŞ yenidən təşkilata qayıdacaq. Oradan çıxmaq Amerika tarixində qısa bir dövr olacaq”.
 
A.Qeybulla Azərbaycanın ÜST-dən çıxmasını doğru addım hesab etmir: “Bu, beynəlxalq təşkilatdır və ən azı biz onun tövsiyələri əsasında milli peyvənd təqdimatını həyata keçiririk. Bu baxımdan təşkilatı tərk etmək düzgün xətt ola bilməz”.
 
Qeyd edək ki, ÜST 1948-ci ildə yaradılmış beynəlxalq təşkilatdır. Azərbaycan 1992-ci ildən onun üzvüdür. Üzvlük haqqı hər bir üzv ölkə üçün fərqli ola bilər və bu, həmin ölkənin iqtisadi vəziyyətinə, ÜST-ə verdiyi töhfələrə və digər amillərə əsaslanır. Üzvlük haqqı, ümumiyyətlə, ölkələrin ümumi daxili məhsuluna (ÜDM) əsaslanaraq hesablanır və təşkilatın maliyyə büdcəsinə qatqı təmin etmək məqsədini daşıyır. ÜST-ə üzv ölkələrin töhfə verdiyi məbləğlər hər il yenilənir və beynəlxalq müqavilələr əsasında təyin olunur.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər