
- Ehtimal olunur ki, Rusiya müharibəni arxa cəbhədə uduzacaq. Yəni, sanksiyalar fonunda ölkə iqtisadiyyatı çökəcək və s. Bu halda Kremlin geri çəkilmək ehtimalı varmı?
- Nəticələrdən fərqli olaraq müharibə başa çatanda hər iki tərəf öz qələbəsini elan edəcək. Sonrası isə zamanla həll olunacaq məsələlərdir.
- Əldə edilən razılaşmanın effektivliyi ilə bağlı yanaşmalar necədir?
- Bu heç də yekun sülh demək deyil. Sadəcə olaraq, atəşkəsə oxşar bir vəziyyət yaranacaq. Ona görə də hazırkı danışıqlar və əldə ediləcək razılaşma münaqişənin yekunu deyil.

- Rusiyaya qarşı təsir rıçaqlarının saxlanılması ehtimalını necə dəyərləndirirsiniz?
- Sözsüz ki, Kremlə qarşı sanksiyaları Qərb öz əlində saxlayacaq. Ona görə də bu proses uzunmüddətlidir. Bu baxımdan da burada nə isə ciddi dəyişiklikləri gözləməyə ehtiyac yoxdur.
- Suriyada kürdlərə böyük jest edildi. Kürd dili, rəsmi dil elan olundu. 20 milyonluq Suriya əhalisinin 2 milyonu kürddür, amma onlar ölkənin bir hissəsini əllərində saxlayır. Atılan son addım Suriyada kürd məsələsinin baş çatması kimi dəyərləndirilə və bunun ölkədaxili problemlərin həllinə təsiri ola bilərmi?
- Suriya çoxmillətli ölkədir. Keçmiş prezident Bəşər Əsədin dövründə bu məsələlər müzakirə olunmurdu. Hətta bu qadağan edilirdi. Ona görə də ölkədə qeyri-rəsmi parçalanma var idi. Bu daha çox dini mənsubiyyətin əsasında gedirdi. İndi isə Suriyanın yeni rəhbərliyi - Prezident Əhməd Şaraa istəyir ki, bu məsələlərdə hansısa razılığa gəlinsin. Bununla ölkənin birliyinə nail olmaq niyyətləri var. Burada din, dil, təhlükəsizlik təminatları, hüquqlar mövzusu hələ də müzakirə olunur.

- Belə çıxır ki, Suriya hökumətinin bütövlükdə ölkə ərazisinə nəzarət etməsi üçün hələ xeyli vaxt lazım olacaq…
- Hazırkı vəziyyət təzə bir mərhələyə keçəcək. Söhbət ondan gedir ki, Suriyada artıq silahlı müxalifət məsələsi siyasətdən uzaqlaşdırılmaqdadır. Siyasi proseslər bundan sonra fərqli səpkidə inkişaf edəcək. Hərbi toqquşmaları, silahlı müxalifəti siyasi proseslər əvəz edəcək. Əminlik var ki, Əhməd Şaraa buna nail olacaq. Sözsüz ki, bu məsələdə Türkiyədən ona böyük dəstək veriləcək.