Məşhur sənətkarın nəvəsi olan Ozan: “Zaur Baxşəliyev məni rayondan səhnəyə gətirdi, velosipedlə dönər paylayırdım...” - FOTO+ÖZƏL
1145
09:15, Bu gün

Məşhur sənətkarın nəvəsi olan Ozan: “Zaur Baxşəliyev məni rayondan səhnəyə gətirdi, velosipedlə dönər paylayırdım...” - FOTO+ÖZƏL

“O səs Türkiyə” yarışmasının iştirakçısı, tanınmış müğənni Ozan Əhmədov Moderator.az-ın suallarını cavablayıb.
 
-Ozan, son zamanlar retro və uzun illər dillər əzbəri olan mahnıları ifa edərək, onlara yeni nəfəs verirsiniz. Sonuncu dəfə görkəmli sənətkar Məmmədbağır Bağırzadənin “Darıxıram” mahnısını yeni aranjimanda ifa etdiniz. Məndə olan məlumata görə onun ailə üzvləri hər müğənniyə sənətkarın mahnılarını oxumağa icazə vermir.. Siz onları necə razı saldınız?
-Mən iki dəfə “O səs Türkiyə” yarışmasında iştirak etmişəm. Məqsədim də Azərbaycan musiqisini, mədəniyyətini layiqincə təmsil və təbliğ etmək idi. Az da olsa məqsədimə çatdığımı düşünürəm. Hazırda Bakıda öz komandamla birlikdə fəaliyyət göstərirəm. Pandemiya dövründə aşıq Zülfiyyə xanımın “Xəbərin varmı?” mahnısını Rabil Səfərli ilə birlikdə hazırladıq. Düşünməzdim ki, mahnı bir gecədə minlərlə baxış toplayar. Biz onu sadəcə cover etmişdik. Oxuduq, çox düşərli oldu. Sağ olsun Zülfiyyə xanım da, oğlu Babək də icazə verdilər. Ard-arda yeni-yeni mahnılar və kliplər yarandı. Yutub platformasında mahnılarıma maraq yüksək səviyyədədir. Sonuncu oxuduğum retro mahnı isə görkəmli sənətkarımız Məmmədbağır Bağırzadənin “Darıxıram” əsəri oldu. Sağ olsun onun oğlu Rahim bəy. Mən ona minnətdaram ki, mahnını oxumağa bizə icazə verdi və uğurlar arzuladı. Demək olar ki, sənətdə bizi daha da həvəsləndirdi. Biz həmin mahnını flamenko-ispan janrında ifa etdik. Əlbəttə ki, sözləri dəyişmədik. Mahnını ifa edəndən sonra ona göstərdik və bəyəndiyini bildirdi. 
 
-Böyük səhnələrdə çıxış etmisiz. Bəs toylara necə, gedirsinizmi? Çünki indi müğənnilərin əsas gəlir mənbəyi toylardır..
-Mən bu yaşıma qədər toy səhnəsinə bir o qədər də ciddi yanaşmamışam və buna can atmamışam. Bu vaxta qədər xalqımızın dəvəti ilə tədbirlərdə və kiçik ailə məclislərində iştirak etmişəm. Heç vaxt qazancım toydan olmayıb. Gitaramla, halal qazancımla qazanmışam. Amma düşünürəm ki, toy da olsa daha gözəl olar. Toy bazarına addım atmaq üzrəyik. Bir mövzunu da vurğulamaq istəyirəm.. Yutubda yaxşı oldu ki, trend söhbətini yığışdırdılar. Çünki ulduz bildiyimiz sənətçilər belə bəzi hallarda trendə düşmürdülər. Onları sənəti cılız olan “ulduzlar” əvəz edirdi. Bu da düşünürəm ki, yaxşı göstərici deyildi. Ailədə böyüyün yeri bilindiyi kimi sənətdə də böyük-kiçik yeri bilinməlidir. Aygün Kazımova, Brilliant Dadaşova, Zülfiyyə Xanbabayeva, Röya Ayxan, Ənvər Sadıqov, Abbas Bağırov, Teymur Əmrah kimi pop ulduzları biz dana bilmərik. Mənim ifam gedib onlarınkı ilə bir siyahıya düşsəydi şəxsən mən özüm utanardım. Vallah, ciddi sözümdür. Allah onları bizim səhnəmizdən əskik etməsin.
 
-Ozan, bilirəm ki, sizdə bu sənət genetikdir. Bəlkə də çoxları bilmir ki, siz görkəmli sənətkar, əməkdar artist Şəhadət Ömərovun nəvəsisiz.
-Mənim babam uzun illər Fikrət Əmirov, Şahnaz Haşımova, Rövşən Behcət, Fikrət Verdiyev kimi sənətkarlarla bir yerdə çalışıb. Babam tanınmış xanəndədir. İndi yaşlaşıb, Gəncədə yaşayır. Səhhəti yerində deyil. Sənətə gələndə babam mənə xeyir-dua verdi. Söhbət mənim ana babamdan gedir. Anam da 35 il musiqi müəllimi olub, fortepianodan dərs deyib. Bundan da əlavə mən 2007-ci ildə gitaraya başlamışam. Gitaraya həvəs də mənə Çingiz Mustafayevdən gəlib. O bizim Qazaxda qonşumuz olub. Çox gözəl münasibətimiz var. Vasif Məhərrəmli də Qazaxda həm qonşumuzdur, həm də ana tərəfdən qohum sayılırıq. Çingiz Mustafayev “Yeni ulduz” yarışmasından sonra Qazaxa gəldi. Biz də bildik ki, onun ustadları Bəhruz və Saqif müəllim olub. Saqif müəllimə üz tutub, ondan gitara dərsləri aldım. Saqif müəllim mənə çox dəstək oldu. O mənə Bakıya getməyi və sənətimə orada başlamağı məsləhət gördü. Üz tutub Bakıya gəldim. Bakıda çox çətinliklər görmüşəm. Bəzən məşhur müğənnilər keçmiş həyatları haqda hansısa mövzuları şişirdib danışırlar. Amma mənim keçmişim həqiqətən də acınacaqlı olub. Küçədəki svetaforda əlində dəsmal maşının şüşələrini silən uşaqdan da çox əziyyət görmüşük. Velosipedlə dönər paylamışam. Biləcəridə ayı 100 manatlıq şəraitsiz evdə kirayədə yaşayırdıq. Bu gün də ora gedəndə həmin günlər yadıma düşür. 
 
-Məndə olan məlumata görə sizi Bakıda böyük səhnəyə tanınmış teleaparıcı Zaur Baxşəliyev çıxarıb. Sonradan sizə dəstək oldumu?
-Zaur bəy o vaxtı “Tanıdım səni” layihəsi ilə bütün bölgələri gəzib, istedadlı uşaqları Bakıya gətirirdi. Məni də Qazaxda görüb, seçdilər. Seçim turlarından keçəndən sonra məni Bakıya, ən baxımlı Atv kanalına çağırdılar. Bundan əvvəl isə 2009-cu ildə “Pöhrə” uşaq musiqi yarışmasında iştirak etmişəm və yenidən Qazaxa qayıtmışam. Zaur bəy bu gün də öz dəstəyini göstərir. Sağ olsun bütün efirlər dəvət edir, diqqət göstərirlər. Amma dəvət etməsələr belə mən efirə görə heç kimə ağız açmaram. Böyük səhnəyə gəlişimə dəstək olanlardan biri də “Səs Azərbaycan” yarışmasındakı gözəl musiqiçi Vüqar Camalzadə, xalq artisti Mübariz Tağıyev olub. “Səs Azərbaycan” o vaxt Aztv-də yayımlanırdı. Bunları da mütləq qeyd etməliyəm. Daha sonra “O səs Türkiyə”-yə üz tutdum. Acun Ilıcalıya öz təşəkkürümü bildirirəm ki, mənə şərait yaratdı ki, Azərbaycanımızı qardaş ölkə Türkiyədə təmsil edim. Böyük səhnədə canlı yüzlərlə tamaşaçının qarşısında oxumaq həqiqətən də qürurverici idi. Bir anlıq düşünürsən ki, xalqımız, millətimiz bizi izləyir.. Bu ikiqat qürur və sevinc hissidir.
 
-Mahnını ifa edib səhnədən enəndən sonra, münsiflər heyətində olan Hadisə və Murat Bozla bağlı maraqlı bir məqam yaşanmışdı.. İstərdim öz dilinizdən eşidək...
-Bilirsiniz ki, türklər iki dəfə öpüşürlər. Biz azərbaycanlılarda isə əvvəl bir dəfə görüşürdülər. İndi dəb halını alıb türklərdəki kimi iki dəfə görüşmək. Mahnını oxuyub səhnədən enəndən sonra Hadisə mənim üzümdən öpdü. Onunla bir dəfə görüşdüm. İkinci dəfə öpmək istəyəndə uzaqlaşıb Murat Bozla görüşməyə getdim. Murat Boz da gördü ki, mən Hadisəni bir dəfə öpdüm.. O da buna cavab olaraq məni bir dəfə öpüb qaçdı. Həqiqətən də bilmirdim ki, türklər iki dəfə görüşürlər...
 
-Son günlər sosial şəbəkədə gitara ilə şəhər sakinlərinə yaxınlaşıb, sifariş mahnılarını ifa etməyiniz də gündəmə çevrilib.. Yəqin ki, sizdən sonra bu addımı çoxları atacaq..
 
-Bunu hələ Azərbaycanda ilk dəfə mən bir neçə il əvvəl etmişəm. İnsanlara yaxınlaşırdım, sifariş mahnılarını ifa edirdim. Evdən də bəzən deyirlər ki, sən müğənnisən, get babıçka tax, toylarda səhnəyə çıx. Bəlkə də müğənni həmkarlarım da məni qınayacaq. Xəbərim yoxdur. Məqsədim insanların üzünü güldürmək və bir anlıq da olsa onların üzündəki kədəri gülüşlə əvəz etməkdir. Düşünürəm ki, şəhər sakinlərinin də buna ehtiyacı var. Hər an, hər kəsin qarşısına çıxa bilərəm.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər