"İran-ABŞ gərginliyi və daxili qarşıdurma regionu təhlükə altında qoyur..."
ABŞ vitse-prezidenti Cey Di Vens bəyan edib ki, regiona əlavə hərbi qüvvələr göndərilir ki, "İran tərəfi ağılsız hərəkət edərsə, cavab verə bilək".
Moderator.az xəbər verir ki, bu barədə "vesty.co" nəşri yazıb.
İran isə xəbərdarlıq edir ki, hər hansı hücum "tammiqyaslı müharibə" kimi qiymətləndiriləcək və cavab ən sərt şəkildə veriləcək. Bu fonada Niderlandın KLM aviaşirkəti İsrail, Səudiyyə Ərəbistanı və Dubaya uçuşları təxirə salıb.
Türkiyə xarici işlər naziri Hakan Fidan isə bildirib ki, İsrail hələ də İrana hücum etməyi düşünür və bu addım regionu daha da sabitsizləşdirə bilər. ABŞ isə mövcud hərbi mövqelərini gücləndirmək üçün C-17 nəqliyyat təyyarələrini və əlavə qüvvələri bölgəyə göndərir, diplomatik danışıqlar hazırda mümkün potensial hərbi addımların fonunda ikinci plana keçmiş görünür.
Xamenei yeraltı kompleksə köçürüldü
İranın ali rəhbəri Əli Xamenei ABŞ-ın mümkün hücumuna qarşı geniş yeraltı kompleksə köçürülüb. Kompleks bir-birinə bağlı tunellərdən ibarət olub və uzunmüddətli təhlükəsizlik və idarəetmə üçün nəzərdə tutulub. Xameneinin gündəlik idarəetməsinin bir hissəsi üçüncü oğlu Məsud Xamenei tərəfindən icra olunur.
O, rəhbərlik ofisi ilə hökumət strukturları arasında əsas əlaqə kanalıdır. Eyni zamanda, ölkədə etirazlar davam edir, insan haqları fəalları ölü sayının 5 mindən çox olduğunu bildirir. BMT və beynəlxalq qurumlar İran hökumətinə sərt xəbərdarlıq edir və ölüm cəzalarına moratorium tələb edirlər.
Daxili qarşıdurma və strateji perspektiv
İran İnqilabı Keşiçkiləri Korpsundakı (SEPAH) nəsillərarası qarşıdurma İranın strateji dönəmində mühüm rol oynayır. Yaşlı nəsil daxili siyasətdə möhkəm nəzarət və ehtiyatlı xarici siyasət tərəfdarıdır, gənc nəsil isə daxili islahatlara açıq olmaqla yanaşı, regionda daha aqressiv mövqe tutmaq istəyir.
Analitiklər bildirir ki, bu qarşıdurma İranın gələcək rəhbərliyini, daxili və xarici siyasətini, regiondakı təsirini və ABŞ-la münasibətlərini müəyyən edəcək. Region üçün nəticələr dramatik ola bilər, çünki həm daxili qarşıdurma, həm də ABŞ-la potensial qarşıdurma riski mövcuddur.