115
20:50, Bu gün

"Avropa Trampın "Sülh Şurası"ndan uzaqlaşır: Berlin və Roma yeni təhlükəsizlik xətti çəkir" - "Deutsche Welle"

 
"Şuranın hazırkı strukturu Almaniya Konstitusiyasına ziddir və Berlin bu formatda iştirak edə bilməz..."
 
Almaniya ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan "Sülh Şurası"nda iştirakdan imtina edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri yazıb.
 
Almaniya və İtaliya Trampın təşəbbüsünə qarşı çıxır
 
Kansler Fridrix Mers Romada İtaliyanın baş naziri Corcia Meloni ilə birgə mətbuat konfransında bildirib ki, şuranın hazırkı strukturu Almaniya Konstitusiyasına ziddir və Berlin bu formatda iştirak edə bilməz.
 
Mers qeyd edib ki, ilkin olaraq Qəzza üzrə sülh mexanizmi kimi nəzərdə tutulan şura sonradan dəyişdirilib və qərarvermə səlahiyyətləri faktiki olaraq Trampın əlində cəmlənib. Bu isə Almaniya üçün qəbuledilməzdir.
 
Oxşar mövqe İtaliya tərəfindən də səsləndirilib. Corcia Meloni bildirib ki, şuranın nizamnaməsi İtaliya Konstitusiyası ilə uyğun gəlmir və yalnız hüquqi çərçivə dəyişərsə, məsələ yenidən müzakirə oluna bilər. Qərb analitikləri "Sülh Şurası"nı BMT-ni əvəzləməyə yönəlmiş təşəbbüs kimi qiymətləndirir. Şuranın sədri postunun Trampda qalması və icraedici strukturlarda Cared Kuşnerin yer alması tənqidləri daha da gücləndirib.
 
Berlin-Roma oxu və Avropanın təhlükəsizlik axtarışı
Trampın təşəbbüslərindən uzaqlaşma fonunda Almaniya və İtaliya strateji əməkdaşlığı dərinləşdirmək barədə razılığa gəlib. Romada keçirilən danışıqlar zamanı strateji tərəfdaşlıq planı və müdafiə sahəsində niyyət bəyannaməsi imzalanıb.
 
Fridrix Mers bildirib ki, tərəflər sənaye rəqabət qabiliyyəti, miqrasiya siyasəti və müdafiə sənayesində əməkdaşlığı prioritet hesab edir. Onun sözlərinə görə, Berlin və Roma uzun illərdən sonra nadir dərəcədə yaxın mövqedədir.
 
Meloni isə vurğulayıb ki, Avropa təhlükəsizlik məsələlərində daha çox öz gücünə arxalanmalıdır. Sənədlərdə Avropa İttifaqı və NATO çərçivəsində əməkdaşlıq, həmçinin Ukraynaya dəstəyin davam etdirilməsi xüsusi qeyd olunub. Müdafiə əməkdaşlığı HHM, hərbi aviasiya və birgə hazırlıq sahələrini əhatə edəcək.
 
Vaşinqtonun təzyiqləri və Almaniya daxilində fikir ayrılığı
 
Bu arada ABŞ administrasiyası İtaliyanı Qəzzada yaradılması planlaşdırılan beynəlxalq sabitləşdirmə mexanizminə cəlb etməyə çalışır. "Bloomberg"-in məlumatına görə, Vaşinqton Romaya bu missiyada təsisçi üzv statusu təklif edib.
 
Plan hərbi kontingentin göndərilməsini deyil, polis hazırlığı və diplomatik rolu nəzərdə tutur. Bununla yanaşı, Roma "Sülh Şurası"nın nizamnaməsini imzalamaqdan imtina edir və Trampa həddindən artıq səlahiyyət verilməsini əsas problem hesab edir.
Almaniyada isə keçmiş kansler Gerhard Şröderin Rusiyaya münasibətdə yumşaq mövqeyi mübahisələr doğurub. O, Avropanın qlobal çəkisinin azaldığını və Trampın siyasətinin Aİ üçün risklər yaratdığını bildirib. Bu yanaşma tənqid edilsə də, Almaniya daxilində mövzu üzrə fikir ayrılıqlarının davam etdiyi görünür.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər