“WhatsApp”ın “Yeniliklər” bölməsində reklamların deaktiv edilməsinə imkan verən ödənişli abunəlik funksiyası sınaqdan keçirilməyə başlanılıb.
Moderator.az xəbər verir ki, funksiya “Google Play Beta Program” vasitəsilə istifadəyə verilib.
Yeni funksiya ilə “Yeniliklər” bölməsində reklamlar və təklif olunan kanallar tamamilə yox olacaq. Abunəçilər baxdıqları “status”ların sayından asılı olmayaraq reklam məzmunu görməyəcək, bu da reklamsız, “təmiz” interfeys təmin edəcək.
Abunəlik yalnız Avropa ölkələri və Böyük Britaniya istifadəçiləri üçün əlçatan olacaq.
İlkin məlumatlara əsasən, yeni funksiyaya abunəlik 4 avroya başa gələ bilər.
Funksiya hazırda inkişaf mərhələsindədir və testlər başa çatdıqdan, həmçinin Avropa və Böyük Britaniyada bütün tənzimləyici tələblər yerinə yetirildikdən sonra tam istifadəyə veriləcək.