Müsəlman şəhərində üç xristianın görüşü - silahlar susacaqmı?
73
15:31, Bu gün

Müsəlman şəhərində üç xristianın görüşü - silahlar susacaqmı?

ABŞ, Rusiya və Ukrayna təhlükəsizlik məsələləri üzrə üçtərəfli işçi qrupu arasında Əbu-Dabi şəhərində görüş gözlənilir. Moskva danışıqlara yüksək səviyyəli hərbi-siyasi heyətlə qatılmaq niyyətini ortaya qoyub. Son olaraq, Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun açıqlamasına görə, danışıqlar qrupuna Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının Baş idarəsinin rəisi İqor Kostyukov rəhbərlik edəcək və nümayəndə heyətinə Müdafiə Nazirliyinin əsas qərarverici fiqurları daxil olacaq.

Artıq Kremlin sahibi Vladimir Putinin danışıqlar üçün konkret tapşırıqlar verməsi Moskvanın bu mərhələdə yalnız mövqeləri yoxlamaqla kifayətlənməyəcəyindən xəbər verir. Eyni zamanda, Vaşinqtonun da Əbu-Dabi görüşünə ciddi hazırlıq gördüyü vurğulanır. Ukrayna prezidenti Volodimir Zelenski isə deyib ki, Əbu-Dabiyə tam tərkibdə, dövlətin siyasi və hərbi qərar mexanizmini təmsil edən yüksək səviyyəli nümayəndə heyəti göndərəcək.

Görüşdən gözləntilərini Musavat.com-la bölüşən siyasi şərhçi Azər Hüseynov vurğulayıb ki, Zelenskinin səsləndirdiyi fikirlər müəyyən ipucları verir:

“Bu açıqlamalar göstərir ki, müharibənin gedişində siyasi-diplomatik mərhələ tədricən ön plana çıxır və bu, mövcud hərbi reallıqlardan qaynaqlanır.

Əslində, Rusiya ilə münasibətdə münaqişənin taleyini Ukraynanın xeyrinə dəyişə biləcək yeganə real ssenari hərbi müstəvidə ciddi və davamlı irəliləyişin əldə olunmasıdır. Lakin mövcud vəziyyət fonunda Ukrayna Silahlı Qüvvələrinin cəbhə xətti boyunca belə bir dönüş yaratması yaxın perspektivdə inandırıcı görünmür. Rusiya həm canlı qüvvə, həm də hərbi-sənaye imkanları baxımından müharibəni uzatmaq potensialını qoruyur və cəbhədə mövcud mövqelərini tədricən möhkəmləndirir”.

Onun sözlərinə görə, Ukrayna müəyyən zaman kəsiyində de-fakto səviyyədə ərazi itkiləri və ya digər siyasi-hərbi güzəştlərlə barışmağa hazırdır:

“Bu, Kiyevin beynəlxalq hüquq baxımından öz ərazi bütövlüyündən imtina edəcəyi anlamına gəlmir. Lakin reallıq ondan ibarətdir ki, hazırkı mərhələdə əsas məqsəd tam qələbə deyil, müharibənin intensivliyini azaltmaq, insan və resurs itkisini minimuma endirmək və strateji zaman qazanmaqdır.

Məhz bu səbəbdən yaxın perspektivdə sülh sazişindən çox, atəşkəs razılaşmasının imzalanması daha real görünür. Belə bir atəşkəs Rusiyanın hazırda nəzarət etdiyi ərazilərin böyük hissəsində faktiki nəzarəti saxlaması ilə nəticələnə bilər. Hüquqi tanınma olmasa belə, mövcud status-kvo de-fakto şəkildə dondurulmuş münaqişə modelinə çevriləcək”.

Ekspertin fikrincə, burada ABŞ faktorunun rolu xüsusilə diqqətçəkəndir:

“Vaşinqtonun hazırkı mərhələdə Rusiyanı Ukrayna ərazisindən tamamilə çıxarmaq kimi bir siyasi iradəsi və ya bunun üçün lazım olan strateji “lüksü” yoxdur. ABŞ üçün əsas prioritet Rusiyanın tam məğlubiyyəti deyil, münaqişənin nəzarətdən çıxmasının qarşısını almaq, Avropada təhlükəsizlik balansını qorumaq və eyni zamanda, diqqətini Çinlə qlobal rəqabətə yönəltməkdir. Bu baxımdan, Ukrayna müharibəsi Vaşinqton üçün daha çox idarə olunan risk çərçivəsində saxlanmalı olan bir proses kimi qiymətləndirilir. Beləliklə, mövcud geosiyasi və hərbi reallıqlar fonunda Ukrayna–Rusiya müharibəsinin yaxın dövrdə köklü şəkildə həll olunması deyil, dondurulmuş və ya aşağı intensivlikli bir fazaya keçməsi daha mümkün görünür. Bu mərhələdə tərəflərdən heç biri açıq şəkildə məğlubiyyətini qəbul etməyəcək, lakin faktiki vəziyyət uzunmüddətli və qeyri-sabit bir status-kvonun formalaşmasına zəmin yaradacaq”.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər