Sülh qatarının marşrutu Zəngəzur dəhlizi (Tramp marşrutu) - Sülh Şurası!
39
14:59, Bu gün

Sülh qatarının marşrutu Zəngəzur dəhlizi (Tramp marşrutu) - Sülh Şurası!

Bu günlərdə dünyanın nəzər-diqqəti Davosa, orada keçirilən görüşlərə, imzalanan sənədlərə, səslənən bəyanatlara yönəlib. Azərbaycan Prezidentinin iştirak etdiyi bütün tədbirlərdə olduğu kimi, budəfəki Davos İqtisadi Forumunda da qürurverici anlar yaşadıq. Özü də bu qürur təkcə Ermənistan prezidentinin “Cənab İlham Əliyevin səsləndirdiyi fikirlərə nə isə əlavə etmək çətindir. Çünki mən də artıq sadəcə təkrar etməyə məcburam”-etirafı ilə bağlı deyil...

10-15 il əvvəlki dövrü xatırlayırsınızmı? Ümumdünya səviyyəli tədbirlərdən bizim əm çox gözləntilərimiz bu suallarla bağlı idi: görəsən, Qarabağdan danışılacaqmı, Azərbaycan Prezidentinin çağırışlarına adekvat reaksiyalar olacaqmı?..

Budur, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktubunda yazır:

“Hörmətli cənab Prezident. Sizi - Azərbaycan Respublikasının Prezidentini Yaxın Şərqdə sülhü möhkəmləndirmək üçün, eyni zamanda, qlobal münaqişənin həll olunmasına yeni yanaşma üsuluna qədəm qoymaq yolunda son dərəcə mühüm əhəmiyyət daşıyan tarixi və möhtəşəm səyimizə qoşulmağa dəvət etməkdən böyük şərəf duyuram”.

Dünyanın supergücünün lideri, bir saylı ofisinin rəhbəri ərazilərini işğaldan azad etmiş, təkbaşına beynəlxalq hüququ təmin eləmiş və daha sonra regionda sülhün, təhlükəsizliyin bərqərar olmasından ötrü təqdim etdiyi yol xəritəsinə uyğun nailiyyətlər qazanmış ölkənin prezidentinin təcrübəsindən Yaxın Şərqdəki münaqişələrdə də yararlanmaq istəyir. Azərbaycan artıq kimsədən ədalət gözləmir, özü ədaləti bərqərar edən ölkə statusunda kürsülərdə, sədarətdə yer alır, ən yüksək səviyyədə! Bu, olduqca qürurverici faktdır, hər bir azərbaycanlı üçün fəxarətdir.

Dövlət başçımız 2025-ci ilin 13 oktyabrında ABŞ lideri Donald Trampın və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Misirin Şarm əl-Şeyx şəhərində keçirilən Yaxın Şərq Sülh Sammitində də iştirak etmişdi. Həmin zirvədə Ağ Ev sahibinin, həmçinin digər iştirakçı liderlərin İlham Əliyevə böyük diqqətini də unutmamışıq. Prezident Tramp sentyabrın 29-da Qəzza münaqişəsinə son qoymaq üçün əhatəli plan elan etdikdən, Ərəb dünyası, İsrail və Avropa da daxil olmaqla, bütün dünya liderləri və əsas dövlət başçıları tərəfindən sürətlə qəbul edilən 20 bəndlik fövqəladə yol xəritəsini ortaya qoyduqdan sonra münaqişənin ədalətli həllinə daim üstünlük verən Azərbaycan Prezidentinə növbəti dəfə xüsusi etimad göstərmişdi. Hətta ərazilərimiz işğal altında olduğu illərdə dövlətimiz bölgədəki münaqişənin iki dövlət prinsipi əsasında həll olunmasının vacibliyini birmənalı şəkildə bəyanlayıb, Fələstinə humanitar dəstəyini əsirgəməyib, həmçinin İsraillə də normal münasibətlərinə davam edib. Ölkəmizin stabil, prinsipial, beynəlxalq hüquqa əsaslanan mövqeyi Yaxın Şərqin qaynar nöqtəsində sülhyaratma prosesində nəzərə alınmaya bilməzdi, xüsusilə də İlham Əliyevin təcrübəsi və nümunəvi addımları. Ona görə də prezident Tramp Bakıya göndərdiyi məktubunda “İndi isə artıq bütün bu xəyalları reallığa çevirməyin vaxtıdır. Planın mərkəzində indiyədək formalaşdırılmış ən təsirli və ən nəticəyönlü Sülh Şurası dayanır”, deyə bildirmişdi. Sitat: “Bizim səylərimiz nümunə göstərməyə hazır olan, yeni nəsillər üçün təhlükəsiz və çiçəklənən gələcəyə parlaq şəkildə sərmayə yatıranlara nəsib olan bir şərəfi - daimi sülhün qurulması kimi nəcib məsuliyyəti çiyinlərinə götürmək istəyən seçilmiş ölkələr qrupunu bir araya gətirəcəkdir. Yaxın gələcəkdə əksəriyyəti yüksək hörmətə sahib dünya liderləri olan möhtəşəm və etibarlı tərəfdaşlarımızı bir araya gətirəcəyik”. Azərbaycana, dövlət başçımıza nə qədər böyük önəm verildiyini elə bu sətirlərdən aydın şəkildə sezmək mümkündür. Yeri gəldi, yazaq: hətta Ermənistanın belə, bu siyahıda olması məhz Azərbaycanın yaratdığı reallıqlara görə mümkündür, gərək irəvandakılar bu həqiqəti unutmasınlar!

Heç şübhəsiz, Azərbaycanın Sülh Şurasına təsisçi üzv dövlət qismində dəvət olunması Azərbaycanla ABŞ arasında qarşılıqlı hörmətə əsaslanan faydalı tərəfdaşlığın və Azərbaycanın regional və qlobal miqyasda sülh və sabitliyin təşviqində rolunun tanınmasının rəmzi və təzahürüdür. Cənab Prezidentin beynəlxalq nüfuzu, liderliyi, dövlət başçımızın təhlükəsizlik və sülh istiqamətində təşəbbüsləri, həyata keçirdiyi siyasət Cənab Prezidentin 2025-ci il oktyabrın 13-də Şərm əl-Şeyxdə Yaxın Şərq Sülh Sammitində iştirakı Cənubi Qafqazda sülhyaratma prosesində Azərbaycanın liderliyi, bu sahədə ölkəmizin təcrübəsi və verə biləcəyi töhfələr nəzərə alınmaqla təmin olunmuşdu. Bundan əvvəl Azərbaycanın təşəbbüsləri, sülhün və təhlükəsizliyin təmin olunması üçün müxtəlif missiyalarda iştirakı ilə yanaşı, dövlət başçımızın qlobal sülhə və təhlükəsizliyə gətirəcəyi böyük faydalar da önəmli amillər sırasında idi. Beləliklə, cari ilin 22 yanvarında Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində 19 ölkənin nümayəndələri Qəzza sülh prosesinin bir hissəsi olaraq yaradılan Sülh Şurasının nizamnaməsini imzaladılar. Sülh Şurası Qəzza zolağını idarə etmək üçün yaradılıb, lakin onun digər bölgələrdə münaqişələrin qarşısının alınması və həlli üzərində də işləməsi gözlənilir. Azərbaycan Prezidenti də ilk gündən iştirakçısı olduğu prosesin növbəti mərhələsində iştirak etdi.

Donald Tramp Azərbaycan Prezidentinə yazdığı məktubda əminliklə ifadə etmişdi: “Şuranın Sədri kimi, Azərbaycan Respublikasını təsisçi üzv dövlət qismində qoşulmağa və Sizin təmsilçiliyinizlə Sülh Şurasının Nizamnaməsinə tərəf olmağa rəsmi şəkildə dəvət edirəm. Bu Şura bənzərsiz bir qurum olacaq - indiyədək buna oxşar heç bir qurum mövcud olmayıb!” Çox iddialı mövqedir. Xüsusən də Azərbaycan Prezidentinin dəfələrlə beynəlxalq hüququn işlək olmadığı, BMT-də islahatlara zərurət duyulduğu barədə ən müxtəlif platformalarda, kürsülərdə ifadə etdiyi fikirləri nəzərə alsaq, ABŞ liderinin yeni bir dünya üstqurumu yaratmaq iddiası açıq-aydın görünür. Belə olduğu təqdirdə Azərbaycan Prezidentinin ehtiyac duyduğu işlək qurumun yaradılması prosesində dövlətimizə etimad anlaşılandır. Yeri gəlmişkən, Azərbaycan nəinki bir sıra münaqişə və müharibə bölgələrində sülhməramlıları ilə sülhə və təhlükəsizliyə töhfə verib, eyni zamanda BMT Təhlükəsizlik Şurasına iki illiyə qeyri-daimi üzvlüyü ilə də mühüm təcrübələr toplayıb, müsbət nümunələr göstərib. Qoşulmayanlar Hərəkatına sədrliyi dönəmində də ölkəmiz bu təşkilatın tarixində olmadığı qədər uğurlara imza atıb. Müasir dünyada Azərbaycandan yalnız Şuşa şəhərinin, sıldırımlarla əhatələnmiş qalanın azad olunması təcrübəsini öyrənmirlər ki...

8 avqust Vaşinqton görüşündə Azərbaycan Prezidenti ilə fəxr etdiyini bəyan edən cənab Tramp Sülh Şurasına üzvlüklə bağlı dəvət məktubunda “Gələcək illərdə dünyada dayanıqlı sülhün, rifahın və hamı üçün qüdrətin bərqərar olunması məqsədi naminə Sizinlə əməkdaşlıq etməyi səbirsizliklə gözləyirəm”-yazıb. Dünyanın ən güclü dövlətinin lideri yazıb bunu! Bu, İlham Əliyev şəxsiyyətinə böyük hörmət və ehtiramın nəticəsidir.

Prezident İlham Əliyevin həmkarına cavab məktubunda “Bu dəvəti Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatlarının qarşılıqlı hörmətə əsaslanan faydalı tərəfdaşlığının, həmçinin Azərbaycanın regional və qlobal miqyasda sülh və sabitliyin təşviqində rolunun tanınmasının rəmzi olaraq qəbul edirəm”-sözləri də yüksək münasibətlərin qarşılıqlı hörmət və etimada əsaslandığını, hər hansı minerallar, sərvətlər, ehtiyatlarla bağlı olmadığını təqsiqləyir. Bu gün dünyanın neçə prezidenti, yaxud baş naziri Azərbaycan Prezidentinə, onun liderlik keyfiyyətlərinə, qazandığı uğurlara, zirvə toplantılarındakı yerinə və layiq görüldüyü ehtiramlı münasibətə həsəd aparır, bilirsinizmi? Bəziləri də Əliyevin gücünü, böyüklüyünü etiraf edir. Serbiya prezidenti Aleksandar Vuçiçin “İlham Əliyev böyük, dahi liderlərdən biridir”-sözləri özü demişkən, sadəcə tərif naminə deyilmədi ki...

Sülh Şurasının Nizamnaməsi imzalanan gün Davosda Azərbaycan və ABŞ liderləri arasında keçirlən görüş Bakı və Vaşinqton, həmçinin prezidentlər arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu növbəti dəfə təsdiqlədi. Açıq etiraf edək, əvvəlki administrasiyalar dövründə axı, Azərbaycana belə münasibət mövcud olmayıb, Vudro Vilsondan üzü bəri...

Rəsmi məlumatda bildirilir ki, görüşdə Donald Trampın yenidən hakimiyyətə gəlməsindən sonra ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin inkişafından məmnunluq ifadə olunub. Ötən il avqustun 8-də Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması ilə bağlı razılaşmaların əldə edilməsində Prezident Donald Trampın tarixi rolu vurğulanıb. Dövlətimizin başçısı Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlara toxunub. Artıq regionda sülhün mövcud olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev bunun iki ölkə arasında ticarət münasibətlərinin yaranmasında da özünü göstərdiyini bildirdi. Bu xüsusda Azərbaycandan Ermənistana neft məhsullarının ixracını, həmçinin idxal edilən taxılın ölkəmiz vasitəsilə Ermənistana çatdırıldığını vurğuladı.

Dövlətimizin başçısı Zəngəzur dəhlizinin, o cümlədən TRIPP layihəsinin regional bağlantılar baxımından mühüm rol oynadığını qeyd edib. AZƏRTAC-ın xəbərinə görə, söhbət zamanı ABŞ Prezidentinin sədrliyi ilə yaradılan Sülh Şurasının əhəmiyyətinə toxunuldu, bu qurumun Yaxın Şərqdə sülhü möhkəmləndirmək, eyni zamanda, qlobal münaqişələrin həllinə töhfə vermək baxımından önəmi qeyd edilib. Sülh Şurasına təsisçi üzv dövlət qismində Azərbaycanın dəvət olunması Azərbaycan-ABŞ strateji tərəfdaşlığının və ölkəmizin dünyada sülhün təşviqində oynadığı rolun təcəssümü kimi qiymətləndirilib. Söhbət əsnasında dövlət başçıları ikitərəfli əlaqələrimizin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar, müxtəlif səviyyəli qarşılıqlı səfərlərin və təmasların münasibətlərimizin dərinləşdirilməsində rolunu qeyd ediblər.

Münasibətlərin bu səviyyədə inkişafı artıq Zəngəzur dəhlizi – Tramp marşrutu ilə bağlı anlaşmanın məntiqi sonluğa çatdırılacağına bir daha əminlik yaradır. Özü də bu işin daha sürətli şəkildə icra olunacağını deməyə əsas verir, necə ki, İlham Əliyev Ermənistanı, digər ölkələri 2028-ci ilin sonlarınadək tikinti işlərini başa çatdırmağa çağırmışdı. Azərbaycanın siyasi iradəsi öz yerində, prezident Tramp başlatdığı işi sona çatdırmaq üçün əlindən gələni edəcək, bunun özü çox vacib elementdir! İlk günlər Davosa getməyən, amma Trampla görüşməkdən ötrü tez-tələsik özünü görüş yerinə çatdıran Ermənistanın baş naziri Nikol Paşinyan isə Trampı Zəngəzur dəhlizinin açılış mərasimində görməkdən, onun əlini sıxmaqdan ötrü dəhlizin 42 km-liyinin tikintisinə daha həvəslə girişəcək.

Bu, Azərbaycanın yaratdığı reallıqdır, bu reallığı qəbul etməyənlər isə Zəngəzur dəhlizinə kənardan baxırlar...Səfər etdiyi bütün ölkələrdə Qarabağın azadlığına doğru yol gedən Prezident İlham Əliyev indi harada olmasından, kiminlə görüşməsindən asılı olmayaraq, Zəngəzur dəhlizini tikir! Az qaldı... Zəngəzur dəhlizinin - Beynəlxalq Sülh və Rifah Marşrutu (TRIPP) layihəsinin reallaşmasına nail olan Liderin Sülh Şurasının təsisçisi olmasında da ciddi məntiq var! Sülh qatarı hərəkətdədir, Zəngəzur dəhlizi – Tramp marşrutundan sonra növbəti stansiya Sülh Şurası!

Elşad PAŞASOY, Musavat.com

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər