Sabitlikdən inkişafa: Azərbaycan Prezidentinin Davosdan dünyaya mesajı
1122
12:30, Bu gün

Sabitlikdən inkişafa: Azərbaycan Prezidentinin Davosdan dünyaya mesajı

Davos Dünya İqtisadi Forumu artıq təkcə iqtisadi müzakirələrin deyil, qlobal güc mərkəzlərinin strateji mövqelərini uzlaşdırdığı əsas beynəlxalq siyasi platformalardan birinə çevrilib. Burada qəbul edilən qərarlar, aparılan siyasi-iqtisadi dialoqlar və qurulan tərəfdaşlıqlar dünya iqtisadiyyatının gələcək trayektoriyasına, enerji təhlükəsizliyinə, geosiyasi balanslara və investisiya axınlarına birbaşa təsir göstərir.
 
Belə bir nüfuzlu platformada Prezident İlham Əliyevin fəal iştirakı və keçirdiyi çoxsaylı yüksək səviyyəli görüşlər Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsi, ölkəmizin etibarlı tərəfdaş, regional lider və qlobal iqtisadi sistemin ayrılmaz hissəsi kimi qəbul olunması baxımından mühüm siyasi nəticələr doğurur. 
 
Moderator.az mövzu ilə bağlı Milli Məclisin deputatı Azər Badamovun fikirlərini öyrənib. Millət vəkili Davos İqtisadi Forumunda Prezident İlham Əliyevin keçirdiyi görüşlərin Azərbaycanın beynəlxalq mövqelərinə və ölkəmizə yönələn siyasi-iqtisadi marağın artmasına verdiyi real töhfələr barədə fikirlərini bölüşüb.
Azər Badamov qeyd edib ki, Cənab Prezident İlham Əliyev iştirak etdiyi bütün platformalardan Azərbaycanın milli maraqlarını həyata keçirmək üçün maksimum istifadə edir, son dərəcə düşünülmüş və praqmatik addımlar atır:
 
“Habelə, dövlət başçımızın son zamanlarda çıxışlarında səsləndirdiyi fikirlərə diqqət yetirərkən görürük ki, ölkə rəhbərimiz Cənubi Qafqazın əməkdaşlıq ruhunda inkişaf etməsi üçün bütün imkan və fürsətləri dəyərləndirir. Dövlət və özəl sektordan olan tərəfdaşlarla əməkdaşlığı daha da dərinləşdirmək, eyni zamanda ölkəmizə və regionumuza investorları cəlb etmək üçün əlindən gələni edir. Bu baxımdan xüsusilə vurğulanmalı məqam odur ki, Davos İqtisadi Forumu çərçivəsində dövlət başçımızın həm siyasi liderlərlə, həm də özəl sektorda öz sözünü deyən şəxslərlə, böyük şirkətlərin rəhbərləri ilə keçirdiyi görüşlər xüsusi əhəmiyyətə malikdir”.
 
Millət vəkili onu da vurğulayıb ki, investorları birinci qaydada maraqlandıran əsas amil bölgədə sabitliyin və təhlükəsizliyin hansı səviyyədə olmasıdır:
 
“Davos İqtisadi Forumunda bir daha dövlət başçımız sabitlik məsələsinə diqqət çəkdi və bildirdi ki, ən böyük sərvət sabitlikdir. Təbii ki, profili iqtisadi olan bu forumda sözügedən amilin birinci səviyyəyə qoyulması düşünülmüş və uzaqgörən addım idi.
 
Bundan əlavə, cənab Prezident İlham Əliyev Forum çərçivəsində dünya birliyinin diqqətinə çatdırdısa ki, Azərbaycan məhsulları Ermənistana ixrac olunur, Ermənistana ixrac artıq Azərbaycan vasitəsilə də həyata keçirilir və Ermənistan Prezidenti Vaaqn Xaçaturyan da artıq birbaşa Azərbaycandan idxalda maraqlı olduğunu bildirdisə, düşünürəm ki, bu, dünyaya regiondan müştərək qaydada verilmiş mesajlardır. Bu, regiona çağırışdır. Bu, cənab Prezident İlham Əliyevin yürütdüyü siyasətin Ermənistan tərəfindən dərk edilməsi, sülh təşəbbüslərinin dəstəklənməsi deməkdir.
 
Bu baxımdan təsadüfi deyil ki, Ermənistan Prezidenti dövlət başçımızın sülh təşəbbüslərini, siyasi iradəsini xüsusilə vurğuladı, Azərbaycan Prezidentinin nitqinin, fikirlərinin və addımlarının bütöv olduğunu etiraf etdi. Regionda baş verən proseslərin mövcud inkişaf ssenarisində, regionun əməkdaşlıq məkanına çevrilməsi istiqamətində atılan addımlar fonunda Davos İqtisadi Forumunda bu dəfə baş verən hadisələr Azərbaycan Prezidentinin platformadan olduqca səmərəli istifadəsinin proseslərə əhəmiyyətli dərəcədə təkan verdiyini göstərdi. Azərbaycan sülhdə, sabitlikdə və əməkdaşlıqda maraqlıdır. Davos İqtisadi Forumu beş əsas çağırış üzərində baş tutur və bunlardan hər biri önəmlidir. Xüsusilə ikisi daha çox diqqət çəkir ki, bunlar da “mübahisəli dünyada əməkdaşlıq” və “yeni inkişaf mənbələrinin açılması”dır. Bu istiqamətlər də dünyada gedən proseslər fonunda Azərbaycanın yürüdüyü siyasətlə tam səsləşir”.
 
Pərvin Şakirqızı
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər