Azərbaycanda dəfinə axtarmaq adı ilə tarixi qalanın divarını uçuranlar ələ keçirildi - FOTO
249
13:55, Bu gün

Azərbaycanda dəfinə axtarmaq adı ilə tarixi qalanın divarını uçuranlar ələ keçirildi - FOTO

2023-cü ilin noyabrında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli, 132 nömrəli Qərarı ilə ölkə əhəmiyyətli arxeoloji abidə kimi dövlət mühafizəsinə götürülmüş Lahıc və Basqal qəsəbələrinin arasında yerləşən Niyal qalası abidəsinin Qərb bürcünün ərazisində qanunsuz qazıntı işlərinin aparıldığı aşkar olunub.
 
Moderator.az xəbər verir ki, həmin dövrdən başlayaraq, dövlət xidməti tərəfindən ərazinin qorunması üçün nəzarət tədbirləri gücləndirilib.
 
2025-ci ilin fevral-mart aylarında isə yenidən qazıntı işlərinin aparıldığı müəyyən olunub. Aidiyyəti qurumlara məlumat verildikdən sonra qanunsuz əməli törədən şəxslər hadisə yerində saxlanılıblar.
 
Müəyyən edilib ki, Namiq Kamil oğlu Şahmalıyev və Sabit Sədi oğlu Novruzov qabaqcadan əlbir olaraq bir qrup şəxs halında tamah niyyəti ilə dəfinə axtarmaq üçün IX-XII əsrlərə aid Niyal qalası abidəsinin Qərb bürcünün hasarı boyunca qanunsuz qazıntı işləri aparıblar. Nəticədə qalanın ön hissəsindən 5.38 metr, arxa hissəsindən isə 2 metr uzunluğunda divarı uçuraraq Niyal qalasının müşahidə məntəqəsinə qəsdən ciddi zərər vurublar.
 
Faktla bağlı 11 mart 2025-ci il tarixində Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən Namiq Kamil oğlu Şahmalıyev və Sabit Sədi oğlu Novruzovun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 246-cı maddəsi ilə cinayət işi başlanılıb. Cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq, 1 avqust 2025-ci il tarixində baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilib.
 
Hazırda işin məhkəmə istintaqı davam edir.
 
Qeyd edək ki, həmin maddənin sanksiyasına əsasən, təqsirləndirilən şəxslər iki ilədək müddətə azadlıqdan məhrum edilə bilərlər.
Link kopyalandı!
Son xəbərlər