191
13:27, Bu gün

"Qarabağ"ın Çempionlar Liqasının "pley-off"una çıxma şansları - ANALİZ

Ötən gün Almaniyanın "Ayntraxt" komandası üzərində 3:2 hesabı ilə əzmkar qələbə qazanan "Qarabağ" futbol klubunun Çempionlar Liqasının pley-off mərhələsinə çıxmaq şansları ilə bağlı xeyli müzakirələr aparılır.
 
Xatırladaq ki, UEFA Çempionlar Liqasının əsas mərhələsinin sonuncu VIII turunda Ağdam təmsilçisi səfərdə "Liverpul" ilə qarşılaşacaq.
 
Moderator.az xəbər verir ki, "yurd.media" son oyun öncəsi 10 xala malik "Qarabağ"ın İngiltərədə məğlub olacağı ehtimalında belə pley-off mərhələsinə çıxmaq şansını analiz edib.
 
Belə ki, hazırda Azərbaycan klubu ümumi sıralamada 18-ci yerdə qərarlaşıb.
 
Komandamızdan sonra ilk 24-lüyə daxil olan və potensial olaraq 10-dan çox xal toplaya biləcək 6 klub qərarlaşıb - "Marsel" (9 xal), "Bayer" (9 xal), "Monako" (9 xal), "Eyndoven" (8 xal), "Atletik Bilbao" (8 xal), Olimpiakos (8 xal). İlk 24-dən hazırda kənarda qalan və pley-off yolunda "Qarabağ"ı potensial olaraq qabaqlaya biləcək isə cəmi 3 klub var - "Napoli" (8 xal), "Kopenhagen" (8 xal) və "Brügge" (7 xal).
 
Nəzərə alsaq ki son turda "Qarabağ"dan daha az xal toplayan "Marsel" və "Brügge" bir-biri ilə qarşılaşacaq, demək ən azı ikisindən biri komandamızdan geri düşəcək.
 
Turnir cədvəlindəki digər təhlükəli qonşulardan "Kopenhagen" səfərdə "Barselona" ilə qarşılacaq. Birbaşa 1/8 finala vəsiqə uğrunda mübarizə aparan ispan nəhəngi çətin danimarkalılara 1 xal belə versin.
 
Eyni sözləri "Atletik Bilbao" ilə qarşılaşacaq "Sportinq" üçün də söyləmək olar - portuqaliya klubu birbaşa 1/8 finala vəsiqə qazanmaq üçün əlindən gələni edəcək.
 
Oxşar durumda həmçinin Fransa təmsilçisi "Monako" da yer alıb. Onların son turda qarşılaşacağı "Yuventus" daha yuxarı mərhələyə adlamaq üçün qələbə əzmi ilə meydana çıxacaq.
 
Keçək Yunanıstanın "Olimpiakos" klubuna. Afina təmsilçisi səfərdə "Ayaks" ilə qarşılaşacaq. Son iki oyunda qələbələr qazanaraq 6 xal toplayan Niderland təmsilçisinin yunanları da udaraq pley-off-a düşmək şansları yaranıb. Bu səbəbdən Amsterdamda "Olimpiakos"u son dərəcə gərgin oyun gözləyir və "Ayaks"ı özündən qabağa buraxmamaq üçün hətta heç-heçəyə də razı olacaqlar. "Ayaks"ın qələbəsi və heç-heçə isə "Qarabağ"ın işinə yarayacaq, çünki bu təqdirdə hər iki klub təmsilçimizdən daha aşağıda yer alacaq.
 
Digər mütləq qələbə qazanmalı olan "rəqimiz" "Eyndoven" isə Almaniya nəhəngi "Bayern" ilə qarşılaşacaq. Bu oyunda niderlandlıların qələbəsi sensasiya sayılmasa da amma çox çətin görünür.
 
24-lüyə düşmək üçün bütün gücünü ortaya qoyacaq digər klub İtaliya çempionu "Napoli" olacaq. Lakin onun da işi çətinə düşüb. Çünki rəqibi birbaşa 1/8 finalı hədəfləyən İngiltərə nəhəngi "Çelsi"dir.
 
Yeganə asan qələbə qazanacağı gözlənilən Almaniyanın digər klubu "Bayer" görsənir. Leverkuzenlilər doğma meydanda növbəti mərhələ şansını itirən "Vilyareal" ilə qarşılaşacaq. Amma bura da ispanların qapını bərk çırparaq əlavə milyonlar qazanmaq üçün döyüşməyəcəyi istisna deyil.
 
Belə görünür ki, Azərbaycan çempionu İngiltərədə məğlub olacağı təqdirdə belə pley-offa vəsiqə qazanmağı böyük ölçüdə təmin edib. Amma bütün Avropanı heyrətə salan bu "Qarabağ"ın təbii ki, əfsanəvi "Enfild Roud" stadionunun meydançasına da xal və ya xallar qazanmaq üçün çıxacağı heç kimdə şübhə doğurmur.
Link kopyalandı!
Son xəbərlər