301
12:51, Bu gün

"Qrenlandiya qalmaqalı Ukraynanın 800 milyard dollarlıq bərpa sazişini sual altına saldı" - "Financial Times"

 
Qrenlandiya qalmaqalı, Trampın bəyanatları və "ehtiyatlı nikbinlik"...
 
ABŞ və Ukrayna arasında planlaşdırılan, müharibədən sonrakı bərpa və iqtisadi inkişafı nəzərdə tutan 800 milyard dollarlıq saziş Davosda imzalanmayıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "ft.com" nəşri yazıb.
 
Ukrayna ətrafında mürəkkəb diplomatik fon
 
Nəşr yazır ki, sənədin imzalanmasının təxirə salınmasına səbəb Avropa paytaxtları ilə Vaşinqton arasında yaranmış gərginlik, xüsusilə də prezident Donald Trampın Qrenlandiya üzərində nəzarətə dair planları və onun irəli sürdüyü "Sülh Şurası" təşəbbüsü olub.
 
Nəşrin yazdığına görə, Dünya İqtisadi Forumunda elan olunması gözlənilən bu genişmiqyaslı iqtisadi plan Ukrayna, Avropa və ABŞ arasında razılaşdırılmalı idi. Lakin Avropa tərəfi Trampın Qrenlandiya ilə bağlı addımlarını "adi vəziyyət" kimi qəbul etməyin mümkünsüz olduğunu bildirib.
 
Avropalı diplomatların sözlərinə görə, Qrenlandiya ətrafındakı qalmaqal Davosda diqqəti Ukraynadan yayındırıb və danışıqların ümumi atmosferini dəyişib. Bununla belə, 'rifah planının" tamamilə gündəmdən çıxarılmadığı, daha sonra imzalana biləcəyi vurğulanır.
 
"Biri hazır olanda, digəri hazır olmur"
Eyni zamanda ABŞ prezidenti Donald Tramp müharibənin niyə hələ də bitmədiyinə dair mövqeyini açıqlayıb. Onun sözlərinə görə, əsas problem tərəflərin eyni anda sülhə hazır olmamasıdır. Tramp bildirib ki, Rusiya müharibəni bitirməyə meylli olanda Ukrayna hazır olmur, Ukrayna hazır olanda isə bu dəfə Rusiya geri çəkilir.
 
ABŞ prezidenti çıxışında daha əvvəl "səkkiz müharibəni sona çatdırdığını" xatırladaraq, bunu Nobel Sülh Mükafatı üçün deyil, insanların həyatını xilas etmək naminə etdiyini deyib. O vurğulayıb ki, hazırda diqqətini məhz Ukrayna müharibəsinin bitirilməsinə yönəldib və hər iki tərəfin ayda orta hesabla 25 min insan itirdiyini əsas arqument kimi göstərib.
 
"Hərəkət var, amma zəmanətli sülhdən danışmaq olmaz"
Davosda çıxış edən Ukrayna Prezidenti Aparatının rəhbəri Kirill Budanov isə vəziyyəti "ehtiyatlı nikbinlik"lə dəyərləndirib. Onun sözlərinə görə, ABŞ və Ukrayna müharibənin dayandırılması istiqamətində ciddi səylər göstərir və real irəliləyiş mövcuddur. Lakin Budanov açıq şəkildə qeyd edib ki, sabah sülhün təmin olunacağına dair heç bir zəmanət yoxdur.
 
O, vurğulayıb ki, Avropada İkinci Dünya müharibəsindən sonra ən qanlı münaqişə olan bu savaşın taleyi hələ də böyük ölçüdə Rusiyanın mövqeyindən asılıdır. "Biz irəliləyirik və bu prosesi təsvir etmək üçün ən doğru ifadə ehtiyatlı nikbinlikdir", - Budanov bildirib.
 
Davos çərçivəsində ABŞ və Ukrayna arasında təhlükəsizlik zəmanətləri və iqtisadi "rifah" paketi üzrə sazişlərin müzakirəsi davam edir. Eyni zamanda Kremlə yaxın nümayəndələrin də forumda fəallığı bu razılaşmaların taleyi ətrafında əlavə suallar yaradır.
 
Ümumilikdə isə Davosdakı proseslər göstərir ki, Ukrayna mövzusu diplomatik masada qalır, lakin geosiyasi ziddiyyətlər onun sürətlə irəliləməsinə ciddi maneələr yaradır.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər