"Şahzadə İran xalqını yeni etiraz dalğasına və birliyə səsləyir..."
İranda etirazlar artıq 24-cü gündə davam edir və ölənlərin sayı 4 029-a çatıb. Eyni zamanda, əvvəlki şah Məhəmməd Rza Pəhləvinin böyük oğlu Rza Pəhləvi ABŞ-la gizli danışıqlar aparıb və yenidən İran xalqına müraciət edib.
Moderator.az xəbər verir ki, bu barədə "haberler.com" nəşri yazıb.
Rza Pəhləvinin çağırışı və mesajı
Şahzadə Rza Pəhləvi xalqa müraciət edərək, İranda hakimiyyət başçısı Xamenei və onun tərəfdaşlarının nasistlər kimi məhkəməyə çəkiləcəyini bildirib və yeni etiraz dalğasına hazırlaşmağa çağırış edib.
O, İran televiziyasına çıxış əldə edərək xalqı və hərbi qulluqçuları ayağa qalxmağa çağırıb. O, Xameneiyə birbaşa müraciət edərək deyib:
"Sən anti-İran cinayətkarısan. Şərəfin və insanlığın yoxdur. Sənin əllərin on minlərlə günahsız iranlının - uşaqların və gənclərin qanına batıb. Sən, rejimin və bütün əsgərlərin hər tökülən damla qan üçün cavab verəcəksiniz. Heç bir istisna olmadan. Nasist cinayətkarları Nürnberqdə məhkəmə qarşısına çıxarıldığı kimi, sən və tərəfdaşların da İran xalqının məhkəməsində cavab verəcəksiniz. Sənin sonun
utanc və əbədi şərəfsizlikdir".
O həmçinin xalqa müraciət edərək deyib: "Əziz uşaqlarım, bacılarım və qardaşlarım - kədərlənən, amma sarsılmaz olanlar, siz tək deyilsiniz. Sizin cəsarətiniz artıq tarixin gedişatını dəyişib. Siz azadlıq uğrunda mübarizənin önündə durursunuz. Bu rejim artıq çürüyüb, onun gücü tükənib və süqutu başlayıb".
Pəhləvi vurğulayıb ki, ölənlərin faciəsi ümidsizliyə çevrilməməli, əksinə, Xamenei və tərəfdaşlarına qarşı mübarizəni davam etdirmək üçün motiv olmalıdır. O, xalqı daha geniş, güclü və qətiyyətli etiraz hərəkatına hazırlaşmağa çağırıb və Tehranla ölkənin tam nəzarətinin geri qaytarılmasını hədəfləyib.
Etirazlar və insan itkiləri
Etirazlar 28 dekabr 2025-ci ildə valyutanın kəskin dəyər itirməsi və iqtisadi problemlər səbəbindən Böyük Tehran Bazarında başlayıb və bir çox şəhərlərə yayılıb. Etirazlar yanvarın 8-də Tehranda pik həddə çatıb və hökumət interneti məhdudlaşdırıb.
HRANA-nın məlumatına görə, etirazlarda 4 029 nəfər, o cümlədən 180 təhlükəsizlik əməkdaşı həyatını itirib, 26 015 nəfər isə saxlanılıb. Rəsmi Tehran hələ ölənlərin və yaralananların ümumi sayını açıqlamayıb.
Xamenei yanvarın 17-də çıxış edərək etirazlarda "İsrail və ABŞ-la əlaqəli şəxslərin böyük zərər verdiyini və bir neçə min insanı öldürdüyünü" bildirib. Pəhləvi isə cavabında xalqı qorxuya düşməməyə və ümidlərini itirməməyə çağırıb, vurğulayıb ki, "İranın qayıdış günü yaxınlaşır".