Kreml ideoloqundan postsovet ölkələrinə ŞOK HƏDƏ – Rusiya nəyə hazırlaşır? 
290
14:36, Bu gün

Kreml ideoloqundan postsovet ölkələrinə ŞOK HƏDƏ – Rusiya nəyə hazırlaşır? 

Rusiya postsovet ölkələrinin suverenliyi və müstəqilliyi ilə heç cür barışa bilmir. Bunu şimaldan gələn və səngimək bilməyən hədələr bir daha sübut edir.

Özü də Ukraynaya hərbi təcavüz fonunda bu cür təhdid və şantaj siyasəti getdikcə daha qabarıq və həyasız forma almaqdadır. Bu dəfə Kremlin “danışmanları”ndan olan avrasiyaçı politoloq, bədnam Aleksandr Duqin fərqlənib.

Duqin postsovet dövlətlərinin, o cümlədən Azərbaycanın suverenliyinə açıq şəkildə qarşı çıxaraq deyib ki, “Moskva Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın müstəqilliyi ilə barışmamalıdır”.

Xatırladaq ki, elə bu həftə Kremlin başqa bir təbliğat ruporu, telejurnalist Vladimir Solovyov faktiki eyni imperiya tezislərindən çıxış edərək, adı çəkilən ölkələri “xüsusi hərbi əməliyyatla” hədələmişdi. Rusiya XİN sözçüsü Mariya Zaxatova qalmaqalı yumşaltmağa çalışsa da, üstündən iki gün keçməmiş Kremlin başqa bir köpəyi növbəti sayıqlaması ilə gündəmə gəlib.

Demək ki, söhbət əsla təsadüfdən yox, Kremlin məqsədyönlü təxribat və şantaj kampaniyasından gedir. Çünki bu adamlar heç vaxt öz sözlərini demirlər.

Yəqin ki, bu təxribatçı açıqlamaya da sözügedən postsovet dövlətlərdən layiqli və sərt rəsmi cavab veriləcək.

 

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Zeynal Fətullanın sözlərinə görə, bu fikirlər Duqinə məxsus deyil, onların müəllifi Rusiya Prezidenti Vladimir Putindir:

“Sadəcə olaraq o, öz istəyini Duqin kimi alətlərin vasitəsilə bəyan edir.

Buna qədər Putinin ən böyük sözçüsü Vladimir Jirinovski idi. Dünya birliyi nə yolla olursa-olsun Rusiyanın bu ambisiyalarının qol-qanad açmasına imkan verməməlidir. Təəssüflər olsun ki, Qərbin və ilk növbədə ABŞ-nin iqtisadi maraqları hələ dünyanın üzləşdiyi Rusiya probleminin çözülməsi qarşısında bir əngəl olaraq qalır. ABŞ Prezidenti Donald Trampın isə Putinin nazı ilə oynaması Rusiyanın əl-qolunu daha geniş açır. Ən acınacaqlı olan budur ki, Qərb Ukraynaya qarşı işğalçı müharibəni durdurmaq üçün bu günə qədər Ukraynaya kosmetik xarakterli hərbi və maliyyə yardımları etməkdən o tərəfə keçə bilmir”.

Şərhçinin sözlərinə görə, belə bir durumda Duqin nə qədər sərsəm olsa da, onun dedikləri doğrudur:

“Rusiya bu müharibədən qalib çıxarsa, o, ilkin olaraq hər hansı bir formada olursa-olsun Sovet İttifaqını bərpa etmək istəyəcək. Təbii ki, ruslar bu ittifaqı onun süqutundan əvvəlki vəziyyətə həmin an qaytarmaq istəməyəcəklər. Onlar bu işi tədricən, zamanla, addım-addım görmək istəyəcəklər. Rusiya rəsmiləri, dediyim kimi Kremlə yaxınlığı ilə tanınan bu şəxsin arzuolunmaz fikirlərinə rəsmi münasibət bildirməlidir. Əks təqdirdə, onun son açıqlaması Azərbaycan cəmiyyəti tərəfindən, o cümlədən keçmiş postsovet məkanında bir ideoloqun fərdi fikrindən daha çox, Rusiyanın strateji niyyətlərini üzə çıxaran təhlükəli bir siqnal kimi də dəyərləndirilə bilər. Çünki burada suverenliyə təhdid var.  Azərbaycan öz suverenliyini və müstəqil qərarvermə hüququnu açıq şəkildə müdafiə etməli, bu kimi təhdidlərə qarşı həm diplomatik, həm də informasiya müstəvisində mövqe sərgiləməlidir”.

Link kopyalandı!
Son xəbərlər