Bir tərəfdən sülh danışıqları, digər tərəfdən sürətlənən silahlanma: regionda nə baş verir?
525
14:48, Bu gün

Bir tərəfdən sülh danışıqları, digər tərəfdən sürətlənən silahlanma: regionda nə baş verir?

Cənubi Qafqazda sülh danışıqları ilə bağlı nikbin çağırışların səsləndiyi bir vaxtda regionda baş verən paralel proseslər ziddiyyətli mənzərə yaradır. Bir tərəfdən normallaşma, dialoq və qarşılıqlı etimad mesajları verilir, digər tərəfdən isə silahlanma xətti səssiz, amma ardıcıl şəkildə davam edir. Xüsusilə Hindistanın Ermənistana ölümcül raket sistemləri tədarük etməsi ilə bağlı yayılan məlumatlar bu ziddiyyətin daha açıq formada üzə çıxmasına səbəb olur. Sülh ritorikasının gücləndiyi bir mərhələdə baş verən bu cür hərbi-texniki addımlar regionda təhlükəsizlik balansının hansı istiqamətdə dəyişdiyi ilə bağlı ciddi suallar doğurur.
 
Regionda formalaşan yeni reallıqlar və xarici aktorların bu istiqamətdə artan marağı məsələyə daha dərin və peşəkar yanaşmanı zəruri edir.
 
Məhz bu baxımdan mövcud vəziyyətin arxa planını, risklərini və mümkün inkişaf istiqamətlərini şərh etmək üçün hərbi sahə üzrə ekspert rəyi xüsusi önəm daşıyır.
 
Bu mövzuda Moderator.az-a açıqlama verən hərbi ekspert Səxavət Məmmədov Cənubi Qafqazda gedən proseslərə təhlükəsizlik prizmasından yanaşaraq mövcud vəziyyətlə bağlı mövqeyini ortaya qoyub.
Ekspert qeyd edib ki, Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının aparıldığı, hətta sülhə doğru müəyyən addımların atıldığı müşahidə olunur:
 
"Lakin bu proses tərəflərin hərbi potensialını gücləndirməkdən imtina etməsi anlamına gəlmir. Əksinə, mövcud reallıqlar göstərir ki, sülh ritorikası fonunda təhlükəsizlik və hərbi hazırlıq məsələləri gündəmdə qalmaqda davam edir.
 
Məsələn, Azərbaycan tərəfindən Ermənistana benzin tədarükü, ölkə ərazisindən taxıl tranzitinə icazə verilməsi, həmçinin Azərbaycanın Ermənistandan alüminium idxal edə biləcəyi ilə bağlı səslənən iddialar qarşılıqlı iqtisadi münasibətlərin müəyyən dərəcədə mövcud olduğunu göstərir. 
 
Həm Azərbaycan, həm də Ermənistan yaxşı anlayır ki, regionda mümkün hərbi gərginlik təkcə tərəflərin iradəsindən asılı deyil. Söhbət böyük güclərdən – ABŞ, Rusiya və Çindən gedir. Əgər bu aktorlar Cənubi Qafqazda qarşıdurmanın baş verməsində maraqlı olsalar, tərəflərin istəyi nəzərə alınmadan belə müharibə riski yaradıla bilər.
 
Xüsusilə ABŞ-ın Çinin əsas ticarət marşrutları üzərində nəzarəti gücləndirmək cəhdləri diqqət çəkir. Əgər Çin bu proseslə razılaşmasa və Rusiya ilə birlikdə təzyiq mexanizmlərini işə salsa, regionda yenidən gərginlik ehtimalı istisna edilmir".
 
Səxavət Məmmədov qeyd edib ki, digər mühüm məqam ondan ibarətdir ki, Pakistanla Azərbaycanın hərbi əməkdaşlığı fonunda Hindistan da regionda mövqe tutmağa başlayıb:
 
 "Ermənistan bu günə qədər Hindistandan müxtəlif növ silahlar alıb və bir sıra silah sistemləri üzrə sifarişlər verib. Həmin silahların bir hissəsinin bu il, digərlərinin isə növbəti il Ermənistana çatdırılması gözlənilir.
 
Bundan əlavə, Ermənistan Hindistanın hərbi sənaye kompleksi ilə, xüsusilə pilotsuz uçuş aparatları və anti-dron almaq məsələsində ciddi maraq nümayiş etdirir.
 Bu istiqamətdə Hindistanın müvafiq şirkətləri ilə əlaqələr qurulub və əməkdaşlıq imkanları müzakirə olunur.
 
Bu şəraitdə Azərbaycan tərəfinin proseslərdən kənarda qalması mümkün deyil. Mövcud regional və qlobal reallıqlar fonunda tərəflərin hərbi sahəyə diqqət ayırması təbii və zəruri hesab olunur.
 
Nəticə etibarilə, hazırkı mərhələdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması real görünmür. Hətta tərəflər siyasi iradə nümayiş etdirsə, ABŞ-ın vasitəçiliyi ilə sənəd paraflansa belə, mövcud geosiyasi təzyiqlər fonunda bu prosesin dayanıqlı olacağına dair ciddi suallar qalır. Rusiyadan regiona yönəlik açıq təhdidlər və Çinin bu mövqeni müəyyən mənada dəstəkləməsi riskləri daha da artırır.
 
Bu baxımdan, dövlətlərin silahlanmaya və hərbi sənayenin inkişafına xüsusi diqqət ayırması təkcə regional qarşıdurma ilə deyil, dünyada gedən qlobal güc mübarizəsi və formalaşan yeni təhlükəsizlik reallıqları ilə birbaşa bağlıdır".
 
Pərvin Şakirqızı
Link kopyalandı!
Son xəbərlər