329
13:28, Bu gün

"Rusiya Ukraynaya növbəti kütləvi dron hücumu həyata keçirib" - Ukrayna KİV-ləri

 
"Odessa, Dnepropetrovsk və Sumı vilayətləri zərbə altına düşüb, yaşayış evləri və infrastruktur zərər görüb..."
 
Rusiya ordusu yanvarın 19-na keçən gecə Ukraynaya qarşı növbəti genişmiqyaslı hava hücumu həyata keçirib.
 
Moderator.az xəbər verir ki, bu barədə "oboz.ua" nəşri məlumat yayıb.
 
Hava hücumunun gedişi və HHM-in fəaliyyəti
Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin məlumatına görə, hücum zamanı ümumilikdə 145 hava hücum vasitəsindən istifadə olunub. Rusiya tərəfi əsasən "Shahed", "Gerbera" tipli zərbə dronlarını Kursk, Oryol, Millerovo, Primorsko-Axtarsk istiqamətlərindən, eləcə də müvəqqəti işğal olunmuş Krımın Çauda burnu və Donetsk ərazisindən buraxıb. Hücumda təxminən 90 ədəd "Shahed" iştirak edib.
 
Hava hücumunun dəf edilməsində Ukrayna aviasiyası, zenit-raket qoşunları, radioelektron mübarizə bölmələri və mobil atəş qrupları iştirak edib. Saat 08:30-a olan məlumata görə, HHM qüvvələri 126 düşmən dronunu məhv edib və ya sıradan çıxarıb. Bununla yanaşı, 13 dronun 12 müxtəlif məkana düşdüyü, vurulan PUA qalıqlarının isə beş ərazidə qeydə alındığı bildirilib. Hərbi Hava Qüvvələri hücumun davam etdiyini açıqlayaraq əhalini təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb.
Odessada dağıntılar və yaralı
 
Hücumun əsas hədəflərindən biri Odessa olub. Vilayət hərbi administrasiyasının rəhbəri Oleq Kiperin sözlərinə görə, şəhərdə yaşayış binaları, enerji və qaz infrastrukturu zərər görüb. Dronlardan biri 25 mərtəbəli yaşayış binasına düşüb, iki mənzil, binanın fasadı və şüşələri zədələnib, yaxınlıqdakı avtomobillərə ziyan dəyib. Kritik infrastruktur obyektinin ərazisində də dağıntılar qeydə alınıb.
 
Fövqəladə Hallar Xidmətinin məlumatına əsasən, baş verən yanğınlar operativ şəkildə söndürülüb. Odessa vilayət prokurorluğu hücum nəticəsində 33 yaşlı mülki şəxsin yaralandığını açıqlayıb. Şəhər hərbi administrasiyasının rəhbəri Sergey Lısak isə partlayış dalğası nəticəsində ticarət obyektləri və avtosalonun şüşələrinin sındığını bildirib.
 
Digər bölgələrdə zərbələr
 
Rusiya qüvvələri Dnepropetrovsk vilayətini də hədəfə alıb. Sinelnikovo rayonunda bir neçə icma dron hücumuna məruz qalıb, infrastruktur obyektləri, nəqliyyat vasitələri və qaz kəməri zədələnib, istifadədə olmayan binada yanğın baş verib. Nikopol rayonunun Pokrovsk icması artilleriya atəşinə tutulub, tələfat olmayıb. Gecə ərzində vilayət üzərində səkkiz düşmən dronu vurulub.
 
Sumı vilayətində də bir neçə rayon hücuma məruz qalıb. Şostka icmasında dron mülki infrastruktura düşüb, Sumı şəhərində isə iki zərbə qeydə alınıb. Zareçnı və Kovpakov rayonlarında yaşayış binaları və mülki avtomobillər zədələnib. Rəsmi məlumata görə, bu bölgələrdə ölən və yaralanan yoxdur.
Link kopyalandı!
Son xəbərlər