“Boşanandan sonra uşağı manipulyasiya edib atanı alçaltmaq üçün istifadə edirlər, bu faciədir” - FOTO+ÖZƏL
223
09:12, Bu gün

“Boşanandan sonra uşağı manipulyasiya edib atanı alçaltmaq üçün istifadə edirlər, bu faciədir” - FOTO+ÖZƏL

“Boşanmaq da, evlənmək də cütlüyün seçimidir və bu seçimlər fəlakətə çevrilməməlidir. Xüsusilə uşaqlar varsa, vəziyyət emosiyalarla deyil, məsuliyyətlə idarə olunmalıdır. Evlilik və boşanma valideynliklə eyniləşdirilməməlidir. Evlilik cütlüyün statusudur, valideynlik isə öhdəlikdir və boşanmaqla bitmir. Uşaqlar görməlidirlər ki, bu qərar ata və ananın qərarıdır. Özlərini nə indi, nə də gələcəkdə günahkar hesab etməməlidirlər. Uşağın psixikasına “mənim ucbatımdan belə oldu” düşüncəsini yükləmək ən zəhərli davranışlardan biridir. Uşaq valideynlərin münasibətinin qurbanı deyil, aləti deyil, tərəfi deyil və heç vaxt düşmən cəbhəsinə bölünməməlidir”.
 
Bunu Moderator.az-a açıqlamasında klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov deyib.
 
O daha sonra əlavə edib:
“Valideynlər unutmamalıdır ki, uşaqlar böyüyəcək və bu gün yaşanan gərginlik onların gələcək münasibətlərinə, ailə və sevgi anlayışına təsir edəcək. Uşağın psixi sağlamlığı toxunulmazdır. Onu manipulyasiya etmək, ata və ya ananı alçaltmaq üçün istifadə etmək, tərəf seçməyə məcbur etmək və ya emosional təzyiq altında saxlamaq qəbuledilməzdir. Lazım gəldikdə psixoloqa və ya psixiatra müraciət etmək utanc deyil, əksinə düzgün addımdır. Valideynlərin qarşılıqlı nifrəti uşağın daxili dünyasını məhv edir. Uşaq sadəcə sevgi, sabitlik və təhlükəsizlik istəyir. Bizim cəmiyyətdə nikah xoşbəxtliklə eyniləşdirilir, amma boşanma baş verəndə insanlar bir-birini ittiham etməyə başlayır. Qohumlar və tanışlar da bu mübahisəyə qarışır, tərəf tutur və vəziyyəti daha da çirkləndirirlər. Bu davranış nə ailəni qoruyur, nə də uşağı. Əksinə, hər kəsi zədələyir. Heç kim məcburi evlilik aparmamalıdır. Süni şəkildə uzadılan evlilik uşağı qorumur. Uşağı qoruyan sabitlik, hörmət və nizamdır. Boşanma mədəniyyətinin formalaşması cəmiyyət üçün vacibdir. Evliliyin alınmadığını görüb məsələni sakit, hörmət və düzgünlük ilə bağlamaq həm cütlüyü, həm də uşağı qoruyur. Evlilik yalnız romantika və xoşbəxtlik üçün deyil; birlikdə addımlamaq, məsuliyyət bölüşmək və çətinlikləri daşımaqdır. Bu bacarıq yoxdursa, qarşıdurmanı uzatmaq qəhrəmanlıq deyil, zəiflikdir. Boşanma zamanı cütlüyün bir-birinə qarşı hörməti itirməməsi, uşağı prosesdən uzaq tutması və məsələni düzgün bağlaya bilməsi mədəniyyət göstəricisidir. Faciə boşanmaq deyil. Faciə məsuliyyətsizlik, manipulyasiya və nifrətdir”, - deyə Rövşən Nəcəfov bildirib.
Link kopyalandı!
Son xəbərlər