Son günlər “Instagram” sosial şəbəkəsində fəaliyyət göstərən bəzi səhifələr istifadəçilərə “10 manat qarşılığında istənilən nömrənin WhatsApp yazışmalarını izləmək” xidməti təklif edir.
Moderator.az Musavat.com-a istinadla xəbər verir ki, həmin səhifələr ödəniş edildikdən sonra istifadəçiyə xüsusi link göndərildiyini, bu link vasitəsilə istənilən telefon nömrəsinin “WhatsApp” yazışmalarına nəzarət etməyin mümkün olduğunu iddia edirlər.
Bəzi istifadəçilər bu vədlərə inanaraq göstərilən bank kartlarına ödəniş edir və nəticə əldə etməyə çalışırlar. Lakin mütəxəssislər bildirir ki, bu cür təkliflər tamamilə saxtadır və ciddi risklər daşıyır.
Ekspertlərin sözlərinə görə, ilk növbədə “WhatsApp”ın təhlükəsizlik sistemi kənar şəxslərin yazışmaları izləməsinə imkan vermir. Belə bir “xidmət” texniki baxımdan mümkün deyil. Bu səhifələrin əsas məqsədi vətəndaşları aldatmaq, onların pul vəsaitini ələ keçirmək və eyni zamanda şəxsi məlumatlarını oğurlamaqdır.
Xəbərdarlıq edilir ki, göndərilən linklər vasitəsilə istifadəçilərin telefonuna zərərli proqramlar yüklənə, bank kartı məlumatları, sosial şəbəkə hesabları və şəxsi yazışmalar ələ keçirilə bilər. Bundan başqa, başqasının şəxsi yazışmalarını izləməyə cəhd göstərmək qanunla qadağandır və bu, cinayət məsuliyyəti yarada bilər. Belə “xidmət”lərdən istifadə edən şəxslər də hüquqi məsuliyyət daşıya bilər.
İT mütəxəssisi Fərhad Mirəliyev Musavat.com-a açıqlamasında bildirib ki, bu cür elanlar dələduzların pul qazanmaq üçün qurduğu tələlərdir:
“Belə elanlara tez-tez rast gəlirik. Kimisi pul qarşılığında bank kredit borcunu siləcəyini, kimisi universitetdə tələbənin qeyri-məqbul qiymətini düzəldəcəyini vəd edir. Əlbəttə ki, bunların hamısı fırıldaqçıların işidir. Bankın kredit borcunu silməyi bacaran adam həmin vəsaiti elə bankdan özü götürər və bu işlə məşğul olmaz. Deməli, bütün bu vədlər yalan və saxtadır”.
Ekspert qeyd edib ki, qarşı tərəfin telefonuna casus proqram yerləşdirilməsi də real deyil:
“Bu, o qədər də asan proses deyil. Yalnız o halda mümkündür ki, telefon fiziki olaraq kiminsə əlinə keçsin və ya eyni evdə yaşayan biri həmin linkə daxil olsun. Telefon sahibinin xəbəri olmadan, məsafədən və cihazla təmas qurulmadan belə məlumatları ələ keçirmək mümkün deyil”.
Qeyd edək ki, son dövrlər kiberdələduzluq halları artmaqdadır. Bu tip səhifələr əsasən insanların maraq və şübhələrindən sui-istifadə edərək onları tələyə salmağa çalışır.

