“Həmidə Ömərovadan dərs alıb, Türkan Şorayla görüşəcəm” - türkiyəli məşhuru “çaş-baş” qoyan aktrisadan ETİRAF - ÖZƏL
253
11:58, Bu gün

“Həmidə Ömərovadan dərs alıb, Türkan Şorayla görüşəcəm” - türkiyəli məşhuru “çaş-baş” qoyan aktrisadan ETİRAF - ÖZƏL

“Bu sahəyə gələndə əvvəl tərəddüd edirdim. Fikirləşirdim ki, birdən mənə uyğun sahə olmaz. Bir də gördüm ki, hər kəs məni dəstəkləyir.. Qohumlar, tanışlar, dostlar və bu sahənin peşəkarları.. Dedilər ki, səhnəyə yaraşacaqsan! Onların bu sözləri sanki məni cəsarətə gətirdi. Ələxsus da anam və qardaşımın mənə dəstəyi böyük idi. Mən böyüklərə qulaq asan insanam.. Mənim üçün ailə müqəddəsdir. Onların mənə inamı da əslində məni özümə inandırdı.. Bir az da dərindən düşündüm, götür-qoy etdim və bu sahəyə doğru ciddi addımlar atmağa başladım. Əslində hələ ilk dəfə 2016-cı ildə Türkan Şoray makiyajı etmişdim. O vaxt artıq məni kəşf etmişdilər. Sadəcə 2025-ci ildə keçirilən “Türkan Şoray makiyajı” trendində ölkə üzrə birinci yerdə olduq və bundan sonra sosial şəbəkədə məşhurlaşmağa başladım”.
 
Bunu Moderator.az-a açıqlamasında Türkan Şorayın azərbaycanlı oxşarı, aktrisa-model Şəfəq Abdullayeva deyib.
O daha sonra bildirib ki, atası məşhur həkim olub və onun incəsənət ruhda böyüməyində böyük zəhməti olub:
 
“İnsanın genetik faktoru onun həyatda uğur qazanmasında və fəaliyyətində böyük rol oynayır. Bu birinci şərtdir. Daha sonra tərbiyə və ətraf mühitin təsiri... Atam bizə doğru və bir o qədər də sərt tərbiyə verib. Biz atamdan qorxurduq, amma böyüdükcə, həyatı dərk etdikcə gördük ki, atamız bizə yalnız həqiqətləri öyrədib. Mənim atam məşhur cərrah idi. Öz sahəsinin peşəkarı idi. Məqsədi insanlara şəfa vermək idi. İşini çox sevib, məsuliyyətlə yanaşırdı. Bizə də uşaqlıdan bunu aşılayırdı. O ensiklopedik biliyə malik insan idi. Çünki bütün sahələrdən anlayışlı və məlumatlı idi. Atamın həm qızı idim, həm də dostu. Atam həyatda olsaydı əminəm ki, məni dəstəkləyərdi. O mənə deyirdi ki, “sənin üçün nə lazımdırsa alaram, edərəm, amma sənin borcun dərslərində əlaçı olmaqdır”. Onun məsləhəti ilə 3 universiteti bitirdim, 3 diplomun və ayrı-ayrı 3 peşənin mütəxəssisiyəm. Həm dövlət, həm də özəl sektorda çalışırdım. Ona görə də bu sahəyə uzun illərdən sonra gəldim. Balaca yaşlarımda da, indi də mənə “uşaq kimi şirinsən” deyirlər. Gözlərim, üz quruluşum və cizgilərim atama sonra anama bənzəyir. Türkan Şorayın əsli də azərbaycanlıdır. Uşaqlıqdan məni Türkan Şoraya oxşadıblar. Ələxsus da gözlərimin iri olmasına görə. Fortepiano təhsili almışam, musiqi məktəbini bitirmişəm. Xor dərslərində də oxumuşam. Atam bizə hərtəfərli olmağı öyrətmişdi. Atam da əslində musiqini sevirdi. Heç bir musiqi təhsili olmadan bütün alətlərdə ifa edə bilirdi. Hər şeyimizlə maraqlanırdı.. Atam deyirdi ki, “qızım, sözü düzgün tələffüz et, cümləni düzgün qur, nitqin natiq kimi olsun”.
Şəfəq Abdullayeva bildirib ki, insanlar fərqli olduğu üçün fikirləri də fərqlidir. Bəziləri onu Türkan Şoraya bənzətməsə də, əksəriyyət bənzədib:
 
“Allah insanları özünəməxsus yaradıb. Ona görə də hər kəsin özünəməxsus fikirləri var. Həm müsbət, həm də mənfi sözlər yazanlar, deyənlər var. Amma sevinirəm ki, müsbət fikirlər daha çoxdur. Gənc, məşhur və bir o qədər də istedadlı müğənni Nuranın klipində çəkildim. Bu mənim üçün hələ uğurlarımın başlanğıcıdır. Onlar məni Atv kanalında efirə gedən bir reportajda görmüşdülər. Ondan sonra sosial şəbəkədə yayıldı və müraciət edib tapdılar. Düşünürəm ki, uğurlu alındı. Çünki klipin artıq səs-sorağını eşidirəm. Bundan sonra da bir neçə işlər olmalıdır. 2-3 obraza dəvət almışam. Amma mən istəyirəm ki, əsl azərbaycanlı xanımını dünyaya təqdim edim. Bu mənim üçün əlçatmaz zirvədir. Çünki bu gün sosial şəbəkədə təbliğat düzgün getmir. Düşünürəm ki, insan hədəfə vursa, bu alına bilər. Əsas məqsəd və istəkdir. Hər şey həddində gözəldir. Əlbəttə ki, qadağalarım var”.
Şəfəq Abdullayeva bildirib ki, Türkan Şorayın onun varlığından xəbəri var və aktrisa ilə görüşmək arzusundadır:
 
“Çoxları estetik əməliyyatla Türkan Şoraya bənzəyir, məndə isə hər şey təbiidir. Türkan Şoray elə də böyük estetik əməliyyatlar etdirməyib. Onun bircə gözləri yetər. Türkan Şorayla görüşmək şərəf olardı. Qürur duyaram, fəxr edərəm. Çox sevinirəm və xoşbəxtəm ki, onun mənim varlığından xəbəri var. Hətta mənim şəkilimi ona göstərəndə “çaş-baş” qalıb... Bilməyib ki, öz gəncliyidir, yoxsa mənəm? Türkiyə-Azərbaycan ortaq bir layihəsi olsa və biz onunla bir araya gəlsək çox gözəl olardı. Bilirsiniz ki, hər bir məşhur seminar keçirir, ustad dərsi verir. Bizdə də bu tendensiya var. Əgər Türkan Şoray ustad dərsləri versə mən qatılaram. Bir sultandan ustad dərsi almaq məni olduqca xoşbəxt edər. Azərbaycanın da məşhur və olduqca gözəl aktrisaları var. Onlardan biri və bəlkə də mənim üçün birincisi xalq artisti Həmidə Ömərovadır. Ona çox böyük hörmətimiz var. Özü də gözəl xanım və aktrisadır. Əlbəttə ki, ondan da dərs almaq istərdim. Həqiqətən də Azərbaycanın xanımları dünyada da seçilir. Özüm də bir gözəl xanım görəndə sevinirəm, onun ünvanına xoş sözlər deyirəm və istəyirəm ki, dostluq edim. Həyatda məqsədim də zatən budur.. Ətrafımı gözəlliklərlə doldurmaq”, - deyə aktrisa bildirib.
Link kopyalandı!
Son xəbərlər