Rusiya Dövlət Dumasının ermənipərəst deputatı, rəsmi İrəvan tərəfindən person-non qrata elan olunmuş Konstantin Zatulin yenə sərsəm açıqlamalar verib.
Moderator.az Musavat.com-a istinadla xəbər verir ki, rusiyalı deputatın sözlərinə görə, ABŞ ilə Ermənistan arasında qismən dərc olunmuş razılaşmalar göstərir ki, “Tramp marşrutu” üzrə tranzitdən gəlir əldə edəcək şirkətin 76 faizi ABŞ, 24 faizi isə Ermənistana məxsus olacaq:
“Layihədə ABŞ və Ermənistandan başqa heç kim iştirak edə bilməz. Rusiya bəzi funksiyalara cəlb oluna bilər, amma həmin şirkətin təsisçi və ya səhmdarları sırasında ola bilməz. Paşinyan Rusiyanın maraqlarını nəzərə almadığı barədə tənqidlərdən yayınmaq üçün hansısa jest etmək istəyir”.

Deputat xəbərdarlıq edib ki, Ermənistan oxları Rusiyaya yönəltmək istəyir və Moskvanın maraqlarını nəzərə almır:
“Azərbaycan və Türkiyə ilə həmsərhəd ərazilərdən danışırıq. Paşinyan Rusiyanı bu işə ona görə cəlb etmək istəyir ki, sonradan hər yerdə Rusiyanın iştirak etdiyini iddia edə bilsin. Sadə dillə desək, oxları Rusiyaya yönəltmək istəyir. Bu, təxminən əvvəlcə Qarabağa dəvət edilən (?), amma sonradan mövcudluğu faktiki olaraq nəzərə alınmayan sülhməramlı kontingentimizlə bağlı baş verənlərə bənzəyir. Anlamalıyıq ki, Paşinyan bizim maraqlarımızdan çıxış etmir, Qərblə ittifaq və dostluğa üstünlük verir”.
Professor Qabil Hüseynli Musavat.com-a bildirib ki, Zatulin kimi zatıqırıq siyasətçilərin dedikləri artıq ciddi qəbul edilmir.
Onun fikrincə, baxmayaraq ki, Zatulin hakim partiyanın üzvüdür və Kremlin sifarişlərini yerinə yetirir, ona əhəmiyyət verməyə dəyməz:
“Rus sülhməramlıları adlanan hərbi kontingent Azərbaycan və Rusiya ali rəhbərlərinin birgə razılığı əsasında bölgəni vaxtından tez tərk edib. Onlar gedərkən də təmtəraqlı bir mərasim də təşkil olunub. Burada Paşinyanın yeganə rolu budur ki, Qarabağın Azərbaycana aid olduğunu bildirib. Sülhməramlıların gedişinə səbəb isə regionda ermənilərin qalmaması oldu. Zatulin demək istəyir ki, Paşinyan Qarabağı Azərbaycan ərazisi kimi tanımasaydı, bölgədə ermənilər də, xunta rejimi də, rus hərbçiləri də qalacaqdı. Ancaq erməni baş nazirin reallığı təsdiqləmək və bölgədə sülh üçün bu mövqeni tutmaqdan başqa seçimi yox idi”.

Q.Hüseynli qeyd edib ki, sülhməramlılar antiterror əməliyyatından sonra bölgədə daha da əhəmiyyətsiz oldular:
“Onsuz da gəldikləri gündən separatçılara himayəlik edir, onların silah daşımasına şərait yaradır, qanunsuz səfərlərə icazə verir, ermənilər üçün gah yol düzəldir, gah ev tikirdilər. Sonra Xocalıda kilsə yaratdılar, rus xadimlərinin büstlərini qoydular, qondarma rus icması yaradıldı...
Yəni Putin özü də demişdi ki, “Qarabağın hamısının Azərbaycana verilməsi variantı var, ermənilər razıdırsa, biz də hörmətlə yanaşarıq”. Bu, qızışdırıcı çıxış idi. Lavrov isə açıq demişdi ki, status məsələsini gələcək nəsillərə saxlamaq lazımdır. Bütün xatırladığımız bu faktlar göstərir ki, Rusiya məsələnin həllini belə istəmirdi. Ona görə antiterror əməliyyatı Moskvanı fakt qarşısında qoydu. Çünki ermənilər vətəndaşlığı qəbul etmədilər, öz xoşu ilə köçdülər, sonra sülhməramlılara ehtiyac olmadı. İndi Zatulinin dili ilə Kreml növbəti dəfə öz hikkəsini göstərir və günahı Paşinyanda axtarır. Bununla demək istəyirlər ki, Qarabağdan çıxmaq istəmirdilər. Ancaq rus əsgərini Qarabağda bir də yuxuda görərlər...”