"London Putinlə danışıqlara qarşı çıxır, Moskvaya təzyiqin artırılmasını təklif edir..."
Böyük Britaniya Avropa İttifaqında Rusiya prezidenti Vladimir Putinlə birbaşa danışıqlara çağırışları açıq şəkildə tənqid edib.
Moderator.az xəbər verir ki, bu barədə "politico.com" nəşri yazıb.
Böyük Britaniya xarici işlər naziri İvett Kuper bildirib ki, Moskva indiyədək sülhə real maraq göstərdiyini təsdiqləyən heç bir inandırıcı siqnal verməyib. Onun sözlərinə görə, Fransa prezidenti Emmanuel Makron və İtaliyanın baş naziri Corca Meloni tərəfindən səsləndirilən dialoqu bərpa etmək ideyaları hazırkı mərhələdə əsaslı deyil.
Kuper vurğulayıb ki, diplomatik prosesin ağırlıq mərkəzi hazırda Ukrayna və onun əsas tərəfdaşlarının tərəfindədir. ABŞ və Avropanın dəstəyi ilə təhlükəsizlik zəmanətlərini nəzərdə tutan sülh planları üzərində iş aparılır, lakin Rusiya liderinin danışıqlar masasına oturmağa hazır olduğunu göstərən faktlar yoxdur. Bu səbəbdən Londonun mövqeyi dəyişməz qalır: sanksiyalar və hərbi dəstək də daxil olmaqla, Moskvaya təzyiq daha da artırılmalıdır.
Avropada fikir ayrılığı və Brüsselin narahatlığı
Nəşr qeyd edir ki, bu açıqlamalar Brüsseldə Avropa İttifaqının mümkün sülh danışıqlarında kənarda qalacağı ilə bağlı narahatlıqlar fonunda səslənib. Paris və Roma hesab edir ki, ABŞ-ın vasitəçilik cəhdləri nəticə verməzsə, Avropa öz təsir imkanlarını qorumaq üçün Kreml ilə təmaslara qayıtmalı olacaq.
Bu mövqeni Avropa Komissiyasının sözçüsü Paula Pinyu da bölüşərək bildirib ki, Ukraynada sülhün açarı birbaşa Putinin əlindədir və müəyyən mərhələdə onunla danışmaq qaçılmaz ola bilər. London isə bu yanaşmanın riskli olduğunu düşünür və xəbərdarlıq edir ki, sübutlar olmadan dialoq cəhdləri Rusiyanın mövqeyini gücləndirə bilər.
Enerji sektoruna milyonlar
Siyasi mübahisələrlə paralel olaraq Böyük Britaniya Ukraynaya konkret maddi dəstəyini də davam etdirir. Yanvarın 16-da, iki ölkə arasında "100 illik tərəfdaşlıq" sazişinin birinci ildönümündə London Ukraynanın enerji infrastrukturunun bərpası və qorunması üçün 20 milyon funt sterlinq (təxminən 27 milyon ABŞ dolları-red.) ayırdığını elan edib.
Bu vəsait Rusiyanın hücumları nəticəsində zədələnmiş istilik və elektrik şəbəkələrinin təmiri, xəstəxanalar, məktəblər və yaşayış evlərinin enerji təminatının bərpası üçün nəzərdə tutulur. Böyük Britaniya hökuməti bildirir ki, qış aylarında temperaturun mənfi 20 dərəcəyə düşdüyü şəraitdə yüz minlərlə ukraynalı istilik və işıqsız qalıb.
Ayrılan maliyyə milyonlarla ailənin, uşaqların və yaşlıların təcili ehtiyaclarını qarşılamağa kömək edəcək. Rəsmi Londona görə, bu tərəfdaşlıq Putinin dağıtmağa çalışdığı dəyərlərə - ümidə, təhlükəsizliyə və gələcək perspektivinə qarşı açıq mesajdır və Böyük Britaniya "bu gün, sabah və qarşıdakı 100 il ərzində" Ukraynanın yanında qalacaq.