"Sülh yalnız ədalət üzərində mümkündür..."
Vaşinqton Ukraynadakı müharibənin dayandırılmasını istəyir, lakin bu, Rusiyanın təcavüzünü legitimləşdirən və ya mükafatlandıran nəticə ilə bitməməlidir.
Moderator.az xəbər verir ki, bu barədə respublikaçı senator Lindsi Qrem bəyan edib. Məlumatı "dialog.ua" nəşri yayıb.
Sülh gələcək işğalların qarşısını almalıdır
Lindsi Qrem bildirib ki, ABŞ üçün əsas prinsip müharibənin elə formada başa çatdırılmasıdır ki, bu, gələcək işğalların qarşısını alsın. Onun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp Ukraynada davam edən qan tökülməsini "ləyaqətli və ədalətli" şəkildə dayandırmaq niyyətindədir.
Qrem vurğulayıb ki, istənilən təhlükəsizlik razılaşması Konqres tərəfindən mütləq nəzərdən keçirilməlidir. O, yaxın müddətdə Rusiya qoşunlarının Ukrayna ərazisindən tam çıxarılmasının real görünmədiyini etiraf etsə də, müharibənin elə başa çatdırılmasının vacib olduğunu deyib ki, bu, təcavüzkarı mükafatlandırmasın.
"Danışıqlar həlledici mərhələyə çatıb"
ABŞ-ın NATO yanında daimi nümayəndəsi Metyu Uitaker isə bildirib ki, Ukrayna və Rusiya sülhə indiyədək olmadığı qədər yaxındır. Onun sözlərinə görə, artıq konkret və real təklif mövcuddur, danışıqlar isə həlledici mərhələyə daxil olub. Uitaker qeyd edib ki, son qərarlar adətən ən çətin olur, lakin prosesin uğurla yekunlaşacağına dair onda "yaxşı hiss" var.
Bu fonda Ukrayna prezidenti Vladimir Zelenski müharibənin 2026-cı ilin ilk yarısında başa çata biləcəyini bildirib. O, Avropa İttifaqının sanksiyalar, hərbi dəstək və Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsi ilə sülh prosesində mühüm rol oynadığını vurğulayıb.
"Kremlin tələbləri Ukrayna ilə bitmir"
ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) analitikləri isə daha ehtiyatlı mövqe sərgiləyir. Onların qənaətinə görə, Rusiya prezidenti Vladimir Putin üçün sülh yalnız Ukrayna məsələsi ilə məhdudlaşmır. Analitiklər bildirir ki, Kreml Qərbdən NATO-nun köklü şəkildə yenidən qurulmasını tələb edir və 2021-2022-ci illərdə irəli sürülmüş ilkin hərbi məqsədlərdən geri çəkilmir.
ISW qeyd edir ki, yalnız Ukrayna ilə bağlı razılaşma Moskvanı qane etməyəcək və Rusiya Avropanın təhlükəsizlik arxitekturasına dair daha geniş tələblər irəli sürməkdə davam edəcək. Bu isə o deməkdir ki, mümkün sülh razılaşması təkcə müharibənin dayandırılması deyil, həm də gələcəkdə yeni təcavüzlərin qarşısının alınması baxımından həlledici olacaq.