172
13:25, Bu gün

"Ukraynaya hava hücumları və enerji savaşı: qışın ən ağır mərhələsi" - Ukrayna KİV-ləri

 
"Enerji infrastrukturu hədəfdə, hava hücumları fasiləsiz davam edir..."
 
Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, yanvarın 16-na keçən gecə Rusiya ordusu Ukraynaya 76 ədəd müxtəlif tipli pilotsuz uçuş aparatı ilə hücum edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "rbc.ua" nəşri məlumat yayıb.
 
Gecə hücumu: onlarla dron, davam edən təhlükə
 
Məlumatda deyilir ki, hücumda reaktiv tipli "Shahed"lər, eləcə də "Gerbera", "İtalmas" və digər dronlardan istifadə olunub.
 
Zərbələr Kursk, Oryol, Primorsko-Axtarsk istiqamətlərindən, həmçinin müvəqqəti işğal altında olan Donetsk bölgəsindən endirilib. 
Hava hücumunun dəfəsində aviasiya, HHM qüvvələri, radioelektron mübarizə bölmələri və mobil atəş qrupları iştirak edib. İlkin məlumata əsasən, səhər saat 08:30-a qədər 53 dron məhv edilib və ya sıradan çıxarılıb. Bununla yanaşı, 19 dronun 9 ərazidə hədəfə çatdığı bildirilib. Hücumun tam bitmədiyi və hava məkanında təhlükənin qaldığı vurğulanır.
 
Xarkovda zərbə: enerji obyektinə ciddi ziyan
 
Eyni zamanda Rusiya zərbələrinin əsas hədəflərindən biri Xarkov olub. Şəhər meri İqor Terexov bildirib ki, hücum nəticəsində kritik enerji infrastrukturuna aid iri obyekt dağıdılıb. Onun sözlərinə görə, fövqəladə halların aradan qaldırılması üzrə qərargah 24/7 rejimində işləyir, hadisə yerində kommunal xidmətlər və energetiklər fəaliyyət göstərir.
Xarkov son günlərdə mütəmadi raket və dron hücumlarına məruz qalır. Yanvarın 13-nə keçən gecə şəhər ətrafına endirilən zərbələr nəticəsində "Nova Poçta"ya məxsus terminal da məhv edilib.
 
Enerji savaşı və psixoloji təzyiq
 
"The New York Times" yazır ki, bu qış Rusiya zərbələri Ukraynanın enerji sisteminə müharibə dövründə ən ağır təsir göstərən hücumlar olub. Kreml strategiyanı dəyişərək Kiyev və digər iri şəhərlərin enerji təchizatını sistemli şəkildə sıradan çıxarmağa çalışır.
 
Nəşrin yazdığına görə, məqsəd əhalini uzunmüddətli soyuq və qaranlıq şəraitdə psixoloji təzyiq altında saxlamaq və Ukrayna hakimiyyətini mümkün sülh danışıqlarında güzəştlərə məcbur etməkdir. Enerji ekspertləri bildirir ki, Rusiya xüsusilə təmir aparılan obyektləri yenidən hədəfə alır və hücumları dövri xarakter daşıyır.
 
Ukrayna hakimiyyəti isə bildirir ki, vəziyyət ağır olsa da, paytaxtın və iri şəhərlərin boşaldılması gündəmdə deyil. Lakin yeni hücumlar davam edərsə, enerji təchizatında məhdudiyyətlərin sərtləşəcəyi istisna olunmur.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər