Fevralın 19-dan etibarən müsəlman dünyasında, o cümlədən Azərbaycanda müqəddəs Ramazan ayı başlayır. İlahi rəhmət, mənəvi saflaşma və özünüdərk ayı kimi qəbul edilən Ramazan insanları səbirə, bağışlamağa, xeyirxahlığa və qarşılıqlı anlayışa çağırır. Bu ay ərzində oruc tutulur, dualar edilir, ehtiyacı olanlara yardım göstərilir, mənəvi dəyərlər ön plana çəkilir. Ramazanın ən fəzilətli gecələri sayılan Qədr gecələri bu il martın 8-i, 10-u, 12-si və 16-na təsadüf edir. Müqəddəs ay isə Şəvval ayının 1-i və 2-də, martın 20–21-də qeyd olunacaq Ramazan bayramı ilə başa çatacaq.
Lakin hər il Ramazan yaxınlaşdıqca bu müqəddəs dövrün ruhu ilə ziddiyyət təşkil edən hallara da rast gəlinir. Ayrı-ayrı şəxslər və qruplar dini mövzuları manipulyasiya edərək məzhəb ayrı-seçkiliyi yaratmağa, qarşıdurma formalaşdırmağa, cəmiyyətdə gərginlik və narahatlıq doğuran paylaşımlar etməyə çalışırlar. Halbuki Ramazanın əsas mesajı parçalanma deyil, birləşmək, ittiham deyil, anlayış, qarşıdurma deyil, mənəvi həmrəylikdir. Bu baxımdan, cəmiyyətin diqqətini təxribatçı yanaşmalardan uzaq tutaraq Ramazanın saflaşdırıcı və birləşdirici mahiyyətinə yönəltməsi xüsusi əhəmiyyət kəsb edir.

İlahiyyatçı Fərid Abdulla mövzu ilə bağlı Musavat.com-a bunları deyib:
“Bu yaşıma qədər dini camiədə təhlükəli hesab etdiyim üç dəstə var. Təcrübə göstərir ki, Allah hidayət etməzsə, bu üslubların sonu yaxşı bitmir. Birincisi, daim tənqid və “trend” mövzularda danışmaq: Əhya yoxdur, Quranı başa qoymaq xurafatdır, o yoxdur, sən müşriksən, bu, cəhənnəmlikdir. Təcrübə deyir ki, bu insanların daxilində bərk inciklik var və onlar qisas və intiqamı bu adlar altında alırlar. Peyğəmbərə Məkkədə olmazın zülmləri etdilər. Lakin həzrət Məkkənin fəthində dedi ki, bu gün qisas yox, mərhəmət günüdür. Peyğəmbər şirkə bulaşmış İbrahim ayinlərini islah etdi. Peyğəmbər camaatın cənnətə getməsini istəyirdi, bəhanə tapıb məhv etməyə çalışmırdı. O din xadimi ki, yalnız o yoxdur, bu yoxdur - deyirsə, ona şəklə qulaq as. İslam maarifi genişdir. Əgər Ramazan ayının önəmli əməllərindən olan tövbə-istiğfar, orucun mənası, mənəvi çəkisi, Qədr gecəsi barəsində danışır, eyni halda da, filan şey bu əməllərlə düz gəlmir - deyirsə, ona inan. Yox əgər yalnız şou göstərir və təhqirlə məşğuldursa, Ramazan ayı boyunca bir dəfə olsun belə mənəvi məsələlərə toxunmayıbsa, deməli, məqsədi ayrıdır.
İkincisi, “mənə kimsə dəyər vermir. Mənim kimi insanlar kənarda qalıb. Bu qədər iş görürük, nəzər edən yoxdur. Dindarlar iftara min manat verdilər, din yolunda vermədilər” - deyə, daim şikayət edənlər. Gül heç vaxt başqa güllərlə rəqabət aparmaz. O, sadəcə çiçək açar. Əlindəki imkanlardan istifadə edər. İdeal vaxtı gözləməz, özü bu vaxtı yaradar. Hesabatını Allahla çəkər. Peyğəmbər bir dəfə olsun belə “mən ilahi peyğəmbərəm, kimsə mənə dəyər vermir” - demirdi. Əlindəki imkanlardan istifadə edirdi. İmam Hüseyn düşmənlərinə görə ağlayırdı ki, bunlar mənə görə cəhənnəmə gedəcəklər. Axı niyə?
Üçüncüsü, “mən şükür edənəm. Əhli-beyt aşiqiyəm. Əlhəmdulillah, namazım, orucum yerimdə, günahlardan çəkinirəm” - deyə ilkin təəssürat yaratmağa çalışanlar. Yəni insan istəyir ki, onu müsbət tanısınlar. Kim bəribaşdan özünü müsbət tanıtdırmağa çalışırsa, bilirsən ki, bir müddət sonra bu adamdan pis bir şey üz verəcək. Ayın nə qədər işıqlı tərəfini görürsənsə, bir o qədər qaranlıq tərəfi var. Təcrübə onu göstərir ki, “mən pis adamam” deyənlərdən daha çox xeyir görür bu dünya və ətrafı. Özündə yalnız xeyir görənlər gizlədənlərdir. Hacılar belə, hicablılar elə, dindarlar belə! Bu şikayətlər doludur. Niyə? Çünki camaatda haqlı olaraq bu şeylərə qarşı daxillərində ədalət, xeyir təmənnası var. Necə ki, qazi, şəhid adından öz mənfi niyyətlərinə görə istifadə edənlər var, necə ki, vətən-vətən deyib xəyanət və satqınlıq edənlər var, eləcə də din adı altında münafiqlər var. Çünki gerçək din adamı özünü yersiz olaraq kənara sübut etmir, ibadətini nümayiş etdirmir.
Bunları qeyd edirəm ki, şəxslər və fərdlər üzərində etiqad qurulmaz. Haqq tanınar ki, əhli də tanınsın. Maraqlıdır ki, İmam Mehdi barəsində danışarkən deyilmir ki, gəlib zülm ilə mübarizə aparacaq. Deyilir ki, yer üzünü haqq-ədalətlə dolduracaq. Bütün nasazlıq və natarazlıqların tək səbəbi mübarizə yox, alternativ təqdim etməkdir. Çünki Quran deyir, haqq gəldi, batil getdi. Çünki batil məhv olub aradan getməyə məhkumdur. Bu gün batil ortadadırsa, deməli, haqqnümalıq kifayət qədər haqq deyil. Haqq və həqiqi olmaq lazımdır”.