“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Teleqraf-ın suallarını cavablandırıb.
Moderator.az həmin müsahibəni təqdim edir:
- Elxan bəy, Vaşinqtonda Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla ABŞ Dövlət katibi Marko Rubio TRIPP (Zəngəzur dəhlizi) layihəsinə dair bəyanat imzalanıb. Dəhlizin açılması istiqamətində atılan bu addımın praktiki nəticəsi ilə bağlı proqnozlar nədən ibarətdir?
- Əslində belə bir razılaşmaya ehtiyac var idi. Baxmayaraq ki, ötən ilin avqustunda Azərbaycan və ABŞ Prezidentlərinin, Ermənistanın Baş nazirinin iştirakı ilə imzalar atıldı. Amma əsas məsələ tikintiyə başlamaq idi. Azərbaycan Zəngəzur dəhlizi (Tramp marşrutu) ilə bağlı tikintini artıq yekunlaşdırır. Avtomobil və dəmir yolunun Ermənistan sərhədinə qədər çəkilişi başa çatacaq. Ermənistanda isə indiyə kimi bu istiqamətdə heç bir iş başlamayıb. Bu da Ermənistanla ABŞ arasında olan bir məsələ idi. Artıq bu məsələ də bitir. Əldə edilən razılaşmada texniki məsələlər, idarəetmə, tikintiyə ayrılacaq maliyyə və s. məsələlər öz həllini tapacaq. Vaşinqtonda keçirilmiş budəfəki görüşün də əsas qayəsini bu məsələlər təşkil edib.

- Dəhlizin tikintisinə nə vaxtdan başlanıla bilər?
- Zəngəzur dəhlizinin (Tramp marşrutu) tikintisinə indi başlanılsa belə, müxtəlif hesablamalara görə bu iki il çəkəcək. Görünən odur ki, dəhliz 2028-ci ilin sonuna qədər hazır ola bilər. Eyni zamanda Azərbaycan Naxçıvan ərazisində də dəmir yolunu bərpa edir. Həmçinin Türkiyə Qarsdan dəmir yolunun tikintisinə başlayıb. Türkiyə rəsmilərinin açıqlaması isə ondan ibarətdir ki, yol 2030-cu ildə işə düşə bilər. 2028-ci illə bağlı proqnozlar verilsə də, bütün işlərin yekunlaşması bir qədər vaxt aparacağı da gözlənilir. Bütün hallarda Ermənistan artıq dəhlizin tikintisinə başlamalıdır. Bunun üçün artıq imzalar atılıb və maliyyənin ilkin hissəsi də ABŞ tərəfindən Ermənistana ödənilib.
- Zəngəzur dəhlizindən (Tramp marşrutu) maneəsiz hərəkət zamanı yoxlanışın necə aparılacağı ilə bağlı prinsiplər müəyyənləşib. Bu Azərbaycan üçün nə dərəcədə qənaətbəxşdir?
- Azərbaycan tərəfinin tələbi odur ki, dəhlizdən keçid zamanı fiziki yoxlanış olmamalıdır yəni, erməni gömrükçüsü və sərhədçisi bizim vətəndaşlarımızı yoxlamamalıdır. Bu məsələ də razılaşdırılıb. Burada multimodal yoxlanışdan söhbət gedir ki, bu müasir dövrdə tətbiq edilən elektron istifadə qaydasıdır. Bunun tətbiqi ilə bütün işləri yoluna qoymaq olar. Yəqin ki, bu məsələdə ABŞ Ermənistana texniki dəstək verəcək. Ona görə də bu məsələlərin həllində hər hansı bir problemin olacağı gözlənilmir.

- Bunu sülhün institutionalaşdırılması istiqamətində atılan addım kimi dəyərləndirmək olarmı?
- Tarixdə də nadir görünən hadisədir ki, iki ölkə arasında müharibədən sonra sülh sazişi imzalanmadan belə ticarət əlaqələri qurur, idxal-ixrac əməliyyatlarına başlayır, nəqliyyat xətləri qururlar. Azərbaycan məhz bu təşəbbüslərlə çıxış edib. Yekun sülh sazişi imzalanmadan Azərbaycan şərait yaradır ki, müxtəlif ölkələrin məhsulları onun ərazisindən Ermənistana daşınsın. Həmçinin Azərbaycandan Ermənistana yanacaq məhsullarının satışı həyata keçirilir. Ermənistan da Azərbaycanın istəyi əsasında ona lazım olan məhsulları satmağa hazırlaşır. Sözsüz ki, bunlar önəmli və əhəmiyyətlidir.
- İndi əsas gözlənti nədən ibarətdir?
- Sülh sazişi ötən il avqustun 8-də paraflandığı üçün ona yekun imza atılmalıdır. Bu ilin iyununda Ermənistanda parlament seçkiləri keçiriləcək və ardınca yeni konstitusiyanın qəbulu ilə bağlı gözləntilər var. Məhz bundan sonra sülh məsələsi də birdəfəlik öz həllini tapa bilər. Sözsüz ki, sonra hansı addımların atılacağını söyləmək bir az çətindir. Amma indiki halda mümkün olan bütün addımlar atılır. Nəqliyyat yollarının tikintisi həyata keçirilir, sərhədlərin delimitasiyası və demarkasiyasına başlanılıb. Artıq iki ölkə sərhədinin müəyyən hissəsində bu proses icra edilib. Ticarət başlayıb, alqı-satqı gedir. Bundan əlavə başqa addımların olması da mümkündür. Təbii ki, atılan bu addımların özü kifayət qədər köklü addımlardır. Yekunda iki ölkə arasında sülh sazişinin imzalanması qalır.

- Zəngəzur dəhlizi (Tramp marşrutu) ilə bağlı ABŞ-lə Ermənistan arasında əldə edilən razılaşmalar fonunda Azərbaycanla da hansısa bir məsələlərin müzakirəsi gözlənilirmi?
- Ola bilsin ki, hansısa mərhələdə bu danışıqlar olsun. İndi əsas məsələ tikintiyə başlamaqdır. Azərbaycan tərəfi sakitcə müharibədən sonra tikintiyə başladı və davam etdi. Bunun üçün də heç kəslə görüşülmədi, kimsədən maliyyə dəstəyi istənilmədi. Ermənistan da bu işə başlamalıdır. Sonrakı mərhələdə yəni, tikinti başa çatdıqdan sonra yenidən bu məsələlərə qayıtmaq olar. Elektron vasitələrlə dəhlizdən keçiddə olan yoxlanış, məhsulların keçidində gömrük və digər haqların toplanması kimi məsələləri müzakirə etmək mümkündür.

- Bölgədə, xüsusən də İran ətrafında baş verənlərin bu prosesə təsiri ola bilərmi?
- Regionda, xüsusi olaraq da İranda baş verənlər fonunda hadisələr elə sürətlə inkişaf edə bilər ki, Araz dəhlizinin əhəmiyyəti daha çox arta bilər. Çünki hazırkı proseslər fonunda İranda mərkəzdənqaçma meyillərinin də güclənəcəyi ehtimalı var. İranda rejim dəyişikliyi baş verərsə, bu ölkədə olan azərbaycanlıların bölgədə rolu artarsa, Araz dəhlizinin əhəmiyyəti bizim üçün daha önəmli olacaq. Ermənistanın Zəngəzur dəhlizinin açılması istiqamətində ləng tərpənməsi fonunda proses gedə bilərdi. Dəhlizin açılmasını onlar o qədər ləngitdilər ki, İranda baş verənlər fonunda Araz dəhlizinin işə düşməsi, bu marşrut üzərindən məhsulları daşımaq daha faydalı və məqbul ola bilər. Amma bu heç də digər marşrutdan imtina etmək demək deyil. Sadəcə olaraq, bölgədə belə bir vəziyyət də yarana bilər.