İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, hökumət aksiyaları tanıyıb və etirazçıların nümayəndələri ilə danışıqlar aparıb, Prezident Məsud Pezeşkian da onlarla görüşüb.
İranın ali rəhbəri Əli Xamenei isə ABŞ və İsrail tərəfindən mümkün hücum ehtimalını nəzərə alaraq fövqəladə müqavimət qrupunun yaradılması barədə qərar qəbul edib. Məlumata görə, qrupun tərkibinə İranın ali təhlükəsizlik və müdafiə şurasının nümayəndələri, SEPAH komandanları, baş qərargah üzvləri və kəşfiyyat rəhbərləri daxil olunub. Müqavimət qrupu İran Milli Müdafiə Şurası nəzdində fəaliyyət göstərəcək və ona birbaşa prezident Məsud Pezeşkian rəhbərlik edəcək. İran konstitusiyasına görə isə ali baş komandan statusu dini rəhbərə məxsusdur, lakin bu qərarla icraedici nəzarət mexanizmi prezidentə ötürülür.
Bununla yanaşı, Xamenei yeni müqavimət qrupuna sədr müavini kimi müdafiə naziri Əziz Nasirzadəni təyin edib. Milliyyətcə azərbaycanlı olan Nasirzadə hazırda İran ordusuna nəzarəti həyata keçirən əsas fiqurlardan biri hesab olunur.
Bəs, baş verən dəyişikliklər islahatların tərkib hissəsi sayıla və bu, rejimin etirazçılar qarşısında geri çəkilməsi kimi dəyərləndirilə bilərmi? Yoxsa, bu addımlar ənənəvi olaraq quru vədlərdən və gözə kül üfürməkdən ibarətdir?
Mövzu ilə bağlı Oxu.az-a danışan politoloq Aytən Qurbanova deyib ki, İranda baş verən son hadisələr, ali dini rəhbər Əli Xameneinin fövqəladə durumlarda hərbi idarəetmənin icrasını prezidentə həvalə etməsi, eləcə də Məsud Pezeşkian və Abbas Əraqçinin etirazların legitimliyini qəbul edən açıqlamaları hakimiyyətin islahatlarla bağlı real addımlar ata biləcəyi ehtimallarını daha da gücləndirib:

"Lakin İranın mövcud idarəetmə modeli bu addımların mahiyyətcə sistem dəyişikliklərindən daha çox böhranın təsirini zəiflətməyə yönəldiyini aydın şəkildə göstərir. Bildiyimiz kimi, İran İslam Respublikasında əsas qərarvermə mexanizmləri ali dini rəhbərlik institutu və onun nəzarətində olan güc strukturlarının əlində cəmləşib. Prezidentin səlahiyyətlərinin genişləndirilməsi isə real hakimiyyət bölgüsü yaratmır, daha çox ictimai narazılığın siyasi məsuliyyətini paylaşmaq məqsədi güdür. Ona görə də Pezeşkian və Əraqçinin ritorikası daxili gərginliyi azaltmaqla yanaşı, xarici aktorlara yumşalma mesajı ötürməyi hədəfləyir".
"İranın əvvəlki təcrübəsi göstərir ki, bu cür bəyanatlar nadir hallarda uzunmüddətli və dərin islahatlarla nəticələnir. İndiki məqamda hadisələrin inkişaf xronikası onu deməyə əsas verir ki, İrandakı mövcud dini-siyasi rejim bütün mümkün vasitələrdən istifadə edərək özünü qoruma mexanizmlərini gücləndirməyə çalışır" - deyə, ekspert qeyd edib.
Xatırladaq ki, 2025-ci il dekabrın 29-da Tehranda İran rialının kəskin düşməsi səbəbindən ticarətçilərin etiraz aksiyaları başlayıb. Bir gün sonra etirazlara tələbələr də qoşulublar. Narazılıqlar qısa müddətdə İranın əksər iri şəhərlərinə yayılıb. 2026-cı il yanvarın 2-də vəziyyət daha da gərginləşib - şəhər küçələrində naməlum silahlı qruplar peyda olub. Etirazçılarla hüquq-mühafizə orqanları arasında silahlı toqquşma halları artıb.
İğtişaşların zirvəsi 8 yanvar axşamına təsadüf edib, bu zaman ən azı 12 mülki vətəndaş, o cümlədən bir uşaq həlak olub. Hakimiyyət orqanları 25 hüquq-mühafizə əməkdaşının həlak olduğunu bildirib. Tehran meri Əlirza Zakani deyib ki, etirazçılar paytaxtda 25 məscidi yandırıb, 26 bank, üç tibb mərkəzi, 10 dövlət müəssisəsi, 48 yanğınsöndürən maşın, 42 avtobus və təcili yardım maşını, həmçinin 24 mənzilə ziyan vurublar. İran hakimiyyəti iğtişaşçıları terrorist adlandırıb və hadisələrin təşkilində İsrail və ABŞ-ni təqsirləndirib.