Elçiliyə narko-testlə gediləcək? Kürəkən olmaq istəyənlər üçün yeni dövr başlayır
221
12:15, Bu gün

Elçiliyə narko-testlə gediləcək? Kürəkən olmaq istəyənlər üçün yeni dövr başlayır

Türkiyədə son illər ailə institutuna yanaşmada müşahidə olunan maraqlı və bir o qədər də mübahisəli tendensiya cəmiyyətin diqqətini cəlb edib: elçilik mərasimlərində qız atalarının bəy namizədlərindən narkotik testi tələb etməsi. İlk baxışda qeyri-adi, hətta sərt görünən bu addım artıq tək-tük hadisə olmaqdan çıxaraq sosial şəbəkələrdə, mediada və ictimai müzakirələrdə geniş yayılmış bir praktikaya çevrilib. Bu hal bir tərəfdən valideyn məsuliyyətinin artması, digər tərəfdən isə dövlət mexanizmlərinin yetərsizliyi fonunda ailələrin özlərini sığortalamaq cəhdi kimi dəyərləndirilir.

Türkiyədə bu tendensiyanın formalaşmasının arxasında bir neçə mühüm səbəb dayanır. Son illər narkotik maddələrin yayılma coğrafiyasının genişlənməsi, istifadə yaşının aşağı düşməsi və xüsusilə sintetik maddələrin yaratdığı sosial fəlakətlər ailələri ciddi narahat edir. Valideynlər üçün artıq əsas sual təkcə maddi təminat və ya sosial status deyil, gələcək kürəkənin psixoloji və fiziki sağlamlığı, məsuliyyət qabiliyyəti və ailə qurmağa hazır olub-olmamasıdır.

Qız atalarının narkotik testi tələbi bir növ “özəl ictimai nəzarət mexanizmi” rolunu oynayır. Dövlət səviyyəsində effektiv profilaktika və nəzarət mexanizmlərinin zəif olduğu sahələrdə cəmiyyət bəzən bu boşluğu özü doldurmağa çalışır. Elçilik mərasimində tələb olunan test sadəcə tibbi sənəd deyil, həm də ailənin gələcəyinə dair verilən açıq mesajdır: “Biz risk almaq istəmirik”.

Azərbaycanda bir neçə ildir ki, evlənmək istəyən cütlüklər üçün icbari tibbi müayinə tətbiq olunur. Bu müayinələr əsasən talassemiya, HİV, hepatitlər və digər irsi-yoluxucu xəstəliklərin qarşısının alınmasına yönəlib. Bu, şübhəsiz ki, cəmiyyət üçün mühüm və müsbət addımdır. Lakin ailənin uzunmüddətli sabitliyi və uşaqların sağlam gələcəyi baxımından risk yaradan digər amillər – xüsusilə narkotik və psixoaktiv maddə asılılığı – bu siyahıda yer almır.

Bəs Azərbaycanda narkotik testi tələbi mümkündürmü?

Mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev Musavat.com-a danışıb:

“Hesab edirəm ki, Azərbaycanda elçilik mərasimində narkotik testinin tələb edilməsi düzgün olmazdı. Məlum olduğu kimi, ölkəmizdə evlənmək istəyən cütlüklərə icbari tibbi müayinə tətbiq olunur və həmin müayinəyə qan analizi də daxildir. Hesab edirəm ki, qan analizi verildikdə həmin analizdən narkotik testini də götürmək olar. Yəni ayrıca narkotik testinin tətbiqinə ehtiyac yoxdur.

Üstəlik, hesab edirəm ki, bu arayışlar obyektiv və şəffaf olmalıdır. Bunun xüsusilə vurğulanmasının səbəbi isə odur ki, bəzən narkotiklə bağlı arayışlar təəssüf ki, şəffaf olmur və saxta olur. Beləliklə, əgər ölkəmizdə evlənmək istəyən şəxslərin məcburi müayinəsinə narkotiklə bağlı analiz də daxil edilərsə, bunu müsbət qiymətləndirirəm. Bu zaman evlənən şəxs biləcək ki, kiminlə evlənir, qarşısındakı şəxs narkotik istifadəçisidirmi, bu şəxslə ailə qurmaq olarmı və sairə. Bu, ailə qurarkən risklərin azaldılması və gələcək nəsillərin sağlamlığı baxımından önəmli addım olar”.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər