“Atam Şuşadakı evimizi teatra vermək istəyirdi, üzünü qala divarlarına sürtərək “Sənsiz”-i oxudu” - FOTO+ÖZƏL
3731
10:47, Bu gün

“Atam Şuşadakı evimizi teatra vermək istəyirdi, üzünü qala divarlarına sürtərək “Sənsiz”-i oxudu” - FOTO+ÖZƏL

“Şuşadakı evimizdə hələ ki, yaşayış yoxdur. Bildiyimə görə ev dövlət əmlakına alınıb. Amma bizim ev olduğunu Şuşa Şəhəri Dövlət Qorusu idarəsi də, şəhər rəhbərliyi də bilir. Evin sənədləri də bizdədir. Atam Yadigar Muradov demişdi ki, “Şuşada yeni bina tikilənə qədər evimi teatr fəaliyyəti üçün bağışlamağa hazıram”. Ömrünün sonun qədər bu sözü dedi və üstündə də dayandı. Dövlətimiz özü necə məsləhət bilərsə elə də olar. Təbii ki, bizim evimizdə tam teatr fəaliyyəti mümkün olmaz. Müəyyən məşqlər və toplantılar keçirmək olar. Teatr başqa mühitdir, ev başqa mühit. Fərqli anlayışlardır. Şükür bu günümüzə. Əsas odur ki, Şuşamız bizdədir. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə can sağlığı versin, Allah möhtərəm cənab prezidentimizi qorusun. Qürurluyuq, sevincliyik və fəxr edirik ki, Şuşamıza rahat gedib gələ bilirik. Dövlətimiz nə vaxt məsləhət bilsə o vaxt da evimizə gedib, orada yaşayacağıq. Məncə o gün elə də uzaqda deyil”.
 
Bunu Moderator.az-a açıqlamasında Salyan Dövlət Kukla Teatrının direktoru, əməkdar artist Yadigar Muradovun oğlu Yaşar Muradov deyib.
O daha sonra atasının yarım qalan arzularından danışıb:
 
“Yadigar müəllimin arzuları əslində gerçəkləşmişdi. Şuşa azad olunandan, yəni 2020-ci ildən ömrünün son aylarına qədər mütəmadi ora gedib-gəlirdi. Ən böyük arzularından biri də Şuşanın qala divarlarına üzünü sürtərək, “Sənsiz” əsərini oxumaq idi. Bu arzusunu da reallaşdırdı. Oxudu. Şuşada dəfələrlə dövlət tədbirlərində iştirak etmişik. Mədəniyyət Nazirliyi sağ olsun tez-tez onu tədbirlərə dəvət edirdi. Şuşada yeni teatr binasının tikiləcəyi haqda arzuları çox idi. Səbirsizlənirdi. Biz də həmin günləri böyük sevgi ilə gözləyirik. Tale elə gətirdi ki, ömür vəfa etmədi, atam tez aramızdan ayrıldı. Ümid edirəm ki, atam Şuşa mühitinin yenidən canlanmasını cismani olmasa da, kənardan izləyəcək və sevinəcək”, - deyə sənətkarın övladı bildirib.
Qeyd edək ki, Yadigar Muradov Şuşa Dövlət Musiqili Dram teatrının direktoru olub. O bu sənət ocağını istər Şuşada, istərsə də Bakıda min bir əziyyətlə yaşadıb, sənət ocağının repertuarını zənginləşdirib. Yadigar Muradov 18 noyabrda uzunsürən xəstəlikdən dünyasını dəyişib. Allah rəhmət etsin!
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər