“Bakı Uşaq və Gənclər Teatrında yanvar ayında 2 tamaşanın premyerası planlaşdırılıb. Bunlardan biri "Dovşanın evi" əsəridir ki, müəllifi Arzu Soltandır. Tamaşa mənim quruluşumda hazırlandı və ötən həftə premyerası keçirildi. Aygün Həsənoğlunun "Zaman maşını" əsərini isə rejissorlar Mehman Piriyev və Rauf Huseynli səhnələşdirir. Bundan başqa bu mövsüm teatrımızda “Atan ruslardır”(rejissor İntiqam Soltan), “Axirətdən gələn zəng”,(müəllif Hüseynbala Mirələmov, rejissor əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu, “Pişiklər və şirlər” (müəllif, rejissor İlhamə Əhmədova), “Həyatla oyun” (müəllif Arzu Soltan, rejissor İntiqam Soltan) tamaşaları hazırlanır. Bundan başqa teatrımız bu il M. F. Axundovun əsərlərinə də müraciət edəcək. Bu məsələ üzərində də müzakirələr gedir”.
Bunu Moderator.az-a açıqlamasında Bakı Uşaq və Gənclər teatrının direktoru, əməkdar artist İntiqam Soltan deyib.
O daha sonra teatrda 2025-ci il sentyabrından başlayan, qələbəmizin 5 illiyinə həsr olunmuş layihədən danışıb:
“Addım-addım Vətəndə” adlanan bu layihə çərçivəsində teatr Azərbaycanın müxtəlif bölgələrində fəaliyyət göstərən teatr kollektivləri ilə əməkdaşlıq etməklə, “açıq qapı” prinsipi ilə tamaşa və tədbirlər keçirir. Layihə Lənkəranda Lənkəran Dövlət Dram Teatrı ilə, Qusarda Qusar Dövlət Ləzgi Dram Teatrı ilə, Horadizdə Füzuli Dövlət Dram Teatrı ilə, Quzanlı qəsəbəsində Ağdam Dövlət Dram Teatrı ilə birgə həyata keçirib. Layihəyə Bakı şəhərində bölgə teatrlarının iştirakı ilə festivalla yekun vurulması planlaşdırılıb”.
Tanınmış yazar, ssenarist Arzu Soltan isə qələmə aldığı “Dovşanın evi” əsərinin premyerasından danışıb:
“Tamaşa ötən həftə uşaqların ixtiyarına verildi. Bu tamaşa uşaqlar üçün nəzərdə tutulub. İnteraktiv üslubda hazırlanıb. Bir qədər eksperimental tamaşadır. Tamaşaçılar da tamaşada müəyyən məqamlarda iştirak edir, səhnəyə çıxırlar. Səhnə əsərinin əsas məqsədi uşaqlara əməkdaşlığın, xoş ünsiyyətin, mehribanlığın əhəmiyyətini göstərməkdir. Son olaraq onu göstərmək istəmişik ki, hansısa problemi həll etmək istəyiriksə zorakılığa yox, bir-birimizi başa düşməyə, xoş rəftara, sevgiyə, empati qurmasına güvənməliyik”.
Arzu Soltan müasir zamanın səhnə əsərlərinə təsirindən də söz açıb:
“Gənc nəsil daha fərqli, cəsarətli, ən-ənəvi olmayan mövzulara maraq göstərir. Buna müasir auditoriyanın maraqları təsir etmiş ola bilər. Ümumiyyətlə burada bir sıra amillərin təsiri var. Xüsusilə də sosial medianın, internetin, daha geniş resurslara əl çatanlığın olması və s. Bu da teatrların ola bilər ki, repertuar siyasətinə təsir edə bilər. Bakı Uşaq və və Gənclər teatrı həmişə tamaşaların əyləncə tərəfi ilə yanaşı, tərbiyəvi tərəfinə də xüsusi əhəmiyyət, önəm verib. Savadlı tamaşaçı yetişdirmək lazımdır. Bakı Uşaq və Gənclər teatrının da bu tərəfdən sanki bir məsuliyyəti var. Çünki biz ilk növbədə uşaqlarla işləyirik. Uşaqlar kiçik yaşlarından teatrdan faydalanmaq mədəniyyətini öyrənməlidirlər. Ona görə repertuarımızda mütləq maarifləndirici, tərbiyəvi mövzular olmalıdır. Tamaşaçı tamaşaya baxarkən həm əylənməli, həm də öyrənməlidir. Öyrənməyi öyrənmək də müasir dövrün çağırışlarından biridir. Burada mövzu seçiminə kommersiya maraqları da, yeni dövr teatr rejissorlarının, yazarlarının yaradıcılıq azadlıqları və ekspertimentalları da təsir edə bilər. Tərbiyəvi mövzulara ehtiyac azaldıqca yazıçılar da daha az yazır. Teatrşünaslar da qeyd edir ki, Azərbaycan teatrında klassik əsərlər çoxdur, amma yeni, keyfiyyətli, müasir zamanla səsləşən tərbiyəvi məzmunlu əsərlər az yazılır. Yəqin ki, buna da ehtiyac olmalıdır. Tamaşaçı bunu istəməlidir, teatr bunu tələb etməlidir ki, yazıçı da bunu yazıb teatra təqdim etsin”, - deyə Arzu Soltan bildirib.