“10 saniyəyə Xəzərin ortasından girib Naxçıvandan çıxa bilərəm” – İllüzionistlə MÜSAHİBƏ
1655
14:28, Bu gün

“10 saniyəyə Xəzərin ortasından girib Naxçıvandan çıxa bilərəm” – İllüzionistlə MÜSAHİBƏ

Moderator.az Bakı Dövlət Sirkinin artisti, illüzionist Şəhadət Bağırovun Lent.az-a müsahibəsini təqdim edir.
 
- Şəhadət bəy, illüzionist olmağa necə başladız?
 
- Uşaqlıqdan çox güclü həvəs olub. 7-8-ci sinifdə oxuyanda Devid Kopperfildin fokuslarına baxırdım. Mənə elə gəlirdi ki, bu, fantastik film kimi bir şeydir. Üstündən bir neçə il keçdi, başladım yavaş-yavaş özüm taxtadan qutu düzəldib içindən dovşan çıxardırdım.
 
 
Özümə köməkçi də tutmuşdum. Təhsildən də yayındım. İllüziya sənətinə qədər rəssamlıqla məşğul olmuşam. Gördüm ki, bu sənətə hamının marağı var. Doğrudur, fokusun çox sirləri var. Verilişdə göstərilən fokuslara baxıb sirrini tapırdım. Sonradan o fokusları özüm də göstərirdim. 
 
- İllüzionist olmaq istəyəndə ailədə, ətrafınızda sizə münasibət necə idi?
 
- İlk dəfə başlayanda deyirdilər, bu nə işdir görürsən, get özünə kişi işi tap. Evdə mübahisə edib getdim. Razin tərəfdə küçədə qalırdım. Zibilqabından karton qutuları götürüb nələrsə düzəldirdim, onlarla illüziya göstərirdim. Sonra yavaş-yavaş televiziyaya çıxdım.
 
 
- Siz tam olaraq mentalistsiz, ya illüzionist?
 
- İllüzionistəm. Mentalist məhz illüziya janrından ayrılır, mental nömrələr göstərir, məsələn, kiminsə fikrini oxumaq. Bunlar hamısı sirli, illüziya kimi gəlir. Əslində, bu, sehr deyil. Sadəcə səhnədə elə göstərilir ki, tamaşaçıya sehr kimi gəlir. Bu sadəcə göz aldatmaqdır. Mental nömrələrlə çox tanındım. Televiziyalara çıxdım, nələrisə partlatmaq, tərpətmək, əşyanın yerini tapmaq kimi şeylər edirdim. Bu nömrələr Azərbaycanda çox görünməmişdi deyə, maraqlı gəldi. 
 
- Heç ekstrasens olduğunuzu düşünüb sizə müraciət edənlər olub?
 
- Mənə o qədər zənglər gəlirdi ki, axırda nömrələrimi dəyişdim. Deyirdilər ki, hardasa qızıl basdırıblar, onun yerini tap. Deyirdim, mən axı onu edə bilmirəm. Bu, illüziyadır, onun sirləri var. Bu elmdir, fokusun içində fizika, kimya, riyaziyyat, anatomiya var. Bunların hamısı elmə dayanır, riyazi düsturlarla işləyir.
 
- Bir illüzionist kimi əvvəlcədən proqnozlar verənlərə, ekstrasenslərə inanırsız?
 
- Xeyr, inanmıram. Onlara çox baş qoşmuram. Düşünürəm ki, onlar da bizim istifadə etdiyimiz yollardan istifadə edirlər.
 
 
- İzlədiyim illüziyalar arasında bəziləri var ki, qəpiyi, açarı güc tətbiq etmədən əyirlər. Bunlar necə olur?
 
- Qəpiyi əllə əzmək mümkün deyil. Bunun sirri fizikada var. Bu bir elmdir. Sehrbaz oraya maraq qatmaq üçün deyir ki, mən bunu beyin gücü ilə edəcəm. Əslində, bu fizikadır. 
 
- Bu necə olur? 
 
- Fizikanın elə gizli metodları var ki, onu bəzi fiziklər belə bilmirlər. Ora bir az fizika, bir az kimya və bir az da göz aldatmaq qatılır, nəticədə belə bir şey ortaya çıxır. Bunu tam açıqlamaq istəmirəm. Bu, əslində, elə bir şeydir ki, fokusun necə olduğunu tapa bilmirsənsə, özün başqa bir yolla göstərə bilərsən. Əgər bir illüziyanın sirri açılıbsa, insanlar bilirsə, başqa üsul tapmalıdır ki, səhnədə ifşa olmasın. Bizim işin çətinliyi budur ki, hazırda sosial şəbəkələrdə fokusun sirrini açırlar, bu barədə videolar çəkirlər. 
 
- Bu sənətdən nə vaxt pul qazanmağa başladınız? Ümumiyyətlə, gəlirli sahədir?
 
- Azərbaycanda məhz uşaq məclislərində - bağçalarda, ad günlərində pul qazanmaq olur. Məndə də uşaqlara aid nömrələr çox azdır deyə, az qazanıram. Bakı Dövlət Sirkinin artistiyəm, oradan da maaş alıram. 
 
- Amma xaricdə illüzionistlər şoular təşkil edirlər, böyük zallarda nömrələr göstərirlər. Bizdə niyə olmur bu?
 
- Bizdə maraq var, amma yada düşmür. Məclislərə rəqqasələr, musiqiçilər çağırırlar, amma illüzionistlər yada düşmür. Böyük səhnə, şərait lazımdır bunun üçün. Elə nömrələr var ki, onu ancaq səhnədə göstərə bilirsən.
 
 
- Uşaqlar üçün istifadə edilənlər bəsit nömrələrdir, yəqin.
 
- Bəsit nömrələr də var, amma uşaqlarda işləmək çətindir. Çünki gizlətdiyin şeyi uşaqlar görə bilir. Diqqətli olanlar gizlətdiyin şeyi görə bilmirlər, uşaqların diqqəti orada olmur deyə, onlar tapa bilirlər. 
 
- Telepatiya (İki insan arasında söz, jest və ya fiziki vasitə olmadan düşüncə və hisslərin ötürüldüyünə inanılan parapsixoloji anlayış – red.) da bir illüziyadır, yoxsa həqiqətən, insanların fikirlərini oxuya bilirlər?
 
- İllüziyadır. Orada sadəcə bir az psixoloji təsir etmək lazımdır. Məndə belə bir təxmin var: "Azərlotereya"da cekpotu udan rəqəmləri canlı verilişdə əvvəlcədən yazıram. Onu şəffaf qutuya qoyurlar və ağzı möhürlənib fotoları çəkilir. Onu verirlər bir banka, 24 saat kamera nəzarəti altında 2 ay saxlanılır. 2 ay sonra cekpot udulur və ondan sonra həmin qutu açılır və həmin qutuda cekpotu udan rəqəmlər hamısı çıxır. Bunu etmək istəyirəm, amma televiziyalar razı olmadı. 
 
- Bəs bunu özünüz bilirsiz, niyə cekpotu udmursuz?
 
- O elə bir şeydir ki, hamı elə bilir, onu əvvəlcədən tapıram. Bu sənətin dərinliyinə gedəndə göz aldatmaq sayılır. Ekspertlər onu araşdırsa, görəcək ki, yox, əvvəldəcən bilməyib. Sadəcə tamaşaçı elə görür. Vizual effekt yaradırsan. Tamaşaçı deyəcək ki, necə olur axı, gözümüzlə gördük. Amma elə deyil.
 
 
- Ümumiyyətlə, təxminlər edirsiz? Məsələn, futbol təxminləri, mərclər etmisiz?
 
- Futboldan heç başım çıxmır. Amma məsələn, "Barcelona" hansı komandayla neçənci dəqiqədə qol vuracaq, qolu kim vuracaq, ona qədər yaza bilərəm.
 
- Amma bu da göz yanılmasıdır...
 
- Bəli, hamısı teatr kimi əvvəlcədən qurulur. Göz yanılmasıdır bunlar. Bu işə başlayanda heç lotereya yox idi. Gəlib çağırırdılar ki, gəl, gedək kart oynayaq, pulun yarısı sənindir. 
 
- Qəbul edirsiz ki, bunlar hamısı göz yanılmasıdır, arxasında heç bir fövqəlgüc dayanmır?
 
- Bəli. Hamısı göz yanılmasıdır və elmi əsasları var. Heç bir fövqəlgüc yoxdur.
 
- İnsanlar bunun illüziya olduğunu bilə-bilə könüllü şəkildə aldanmaq istəyirlər. Nədən irəli gəlir bu? Pul verirlər ki, gəl, bizi aldat.
 
- Xoşlarına gəlir. Şirin yalandır bu. Aldanmaqdan zövq alırlar. Devid Koppilfeldin bir çox nömrələri var idi ki, insanlar hətta onun sirlərini də bilirdilər, amma yenə də baxırdılar. Sosial şəbəkələr artdıqca sirlər açılır. Buna görə də sehrbaz məcburdur ki, üsulları dəyişsin. İnkişaf etdirsin. Məsələn, qutunun içində qızı kəsirlər. Bir müddət sonra bunun sirri açılır. Mühəndislər bunu adi yox, şəffaf qutuda hazırlayıb sehrbazlara satırlar. Başlayırlar qızı şəffaf qutuda kəsməyə. Sonra onun da üstü açılır, onda da şüşəsiz, açıqda qızı bölürlər. Onun sirri açılandan sonra isə tamaşaçını bölürlər...
 
 
- Tamaşaçını necə bölürlər?
 
- Sirlər...
 
- Elə illüziya olub ki, hansısa sehrbazda görəsiz, amma sirrini tapa bilməyəsiz?
 
- Xeyr. Ən çətini 2-3 gün vaxtım olub. Çoxuna baxan kimi bilirəm. Amma bəziləri olur ki, baxıram, yox, bu o cür ola bilməz axı... Onda artıq mən yemək yeyə, yata bilmirəm. Maksimum 2-3 günə tapıram. Tapmasam, ölərəm.
 
- Gerçəkləşdirmək istədiyiniz ən böyük illüziya hansıdır?
 
- Bir neçə il əvvəl bəzi qurumlara müraciət etdim. Dedim ki, məni helikopter ilə atacaqsız dənizə, 10-15 saniyə sonra Naxçıvandan çıxacam. Düşündülər, yəqin, başı xarab olub. Dedilər, bir də bizə zəng etmə.
 
- Bu da sadəcə görüntüdür?
 
- Bəli. Buna teleportasiya deyirlər. Bir yerdə yoxa çıxıb başqa yerdə var olmaq. Səhv etmirəmsə, Eynşteyn gəmini yox etmişdi. 1-2 dəfə edib. Sonuncuda isə içindəki adamlar ölüb. Ondan sonra o layihəni yandırdı. Düzdür, o fokus olmayıb, fizika qanunlarına uyğun olub.
 
- Yəni, fiziki olaraq Xəzərin ortasına düşüb Naxçıvandan çıxmaq?
 
- Elə görünür...Reallıqla yox. 
 
 
- Axı, buradan "yoxa çıxan" da, Naxçıvanda peyda olan da sizsiz. Bu necə olur?
 
- Onun elə bir yolu var ki, hazırlayandan sonra gəlib sənə baxa bilirlər. Canlı şəkildə həm burada, həm orada olduğunu yoxlaya da bilirlər.
 
- Bunu indiyə qədər edən illüzionist olub?
 
- Bəli. Devid Koppilfeld edib. Almaniyada yox olub, Mayamidə dəniz kənarında çıxmışdı. O, özü ilə tamaşaçı da aparmışdı. 
 
- Bəs onda tamaşaçı onun sirrini bilir?
 
- Onunla gedən sirri bilir. Amma yəqin ki, ona tapşırır, nələrsə verir ki, heç kimə deməsin.
 
- Ən uzaq hansı məsafəyə gedə bilərsiz?
 
- Məsafənin fərqi yoxdur. Əsas o şəraiti yaratsalar, Aya da gedə bilərəm. Onun hazırlanmasına böyük vaxt lazımdır. Məkanın fərqi yoxdur, hər yerə getmək mümkündür. Amerikaya da. Amma əvvəlcə gərək mən özüm bir dəfə gedib oraya o şəraiti qurum, hazırlayım, sonra.
 
 
- Belə çıxır ki, siz bir dəfə oraya gedib o şəraiti hazırlayandan sonra istədiyiniz qədər biletsiz 10 saniyəyə Amerikaya gedə bilərsiz?
 
- Xeyr, onun üçün də bilet lazımdır... Mən real gedirəm. Sadəcə orada elə görünür ki, mən yoxa çıxıb oraya gedirəm. Hər şey göz yanılmasıdır.
 
Enerji içki şirkətlərinə bir ideya da təklif etmişdim. Həmin enerji içkisini içib havaya qalxıram. Qəbul etmədilər. Buna levitasiya deyirlər. Qravitasiya qüvvəsinə qarşı gəlmək. 
 
- Fokusda daha çox beyin sərf edirsiz, ya əl bacarığı?
 
- Fokusun ən çətini baxanda sadə görünənidir. Deyirlər, sən qəpiklə, kartla fokus göstərirsən, amma camaat qatarı yox edir. Amma dünyanın ən çətin fokusları budur. Ən çətini əl bacarığıdır. Digərləri, məsələn, qatarı yox etmək texnikadır. Sadə sirləri var. Hər kəs onu öyrənib edə bilər.
 
 
- Sizə fala baxmağı təklif edən olub?
 
- Çox... Nə qədər zənglər gəlib. Bir dəfə zəng eləmişdilər ki, evdə ruhlar var, onları qovmaq lazımdır. Maraqlı gəldi mənə. Dedim, qoy gedib görüm nədir. Doğrudur, heç nə edə bilmirəm, amma yenə də maraqlı gəlirdi. Tanışlarım qoymadılar. Bir illüziyam var idi, kağızı pul edirdim. Onlarla adam əlində kağızla gəlirdi ki, bunu pula çevir, yarıbayarı bölək. Deyirəm, mən kağız tapmıram guya? Edə bilsəm, edərəm də. Məktəb oxuyan adamlar gəlirdi ki, pulumu çoxalt.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər