Orta Şərqdə milyardlar xərcləyən İran öz xalqını susuz, çörəksiz qoydu - MÜSAHİBƏ
2004
12:43, Bu gün

Orta Şərqdə milyardlar xərcləyən İran öz xalqını susuz, çörəksiz qoydu - MÜSAHİBƏ

Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə Teleqraf-ın suallarını cavablandırıb.
 
Moderator.az həmin müsahibəni təqdim edir:
 
- Asim bəy, regionda baş verən hadisələr, İranda etiraz aksiyalarının miqyası və mahiyyəti bölgədəki proseslərə necə təsir edə bilər?
 
- Azərbaycan bu gün təhlükəsizliklə bağlı məsələlərdə ciddi hazırlıq görüb. Ölkəmizin Silahlı Qüvvələri bu gün öz hazırlığına görə səciyyələnir. Qardaş Türkiyə ilə müttəfiqlik fonunda Azərbaycan regionda xoşagəlməz proseslər gedərsə, bunlara reaksiya verməyə hazırdır.
 
Sözsüz ki, regionda, xüsusən də İranda baş verən hadisələr böyük narahatlıq doğurur. Çünki xalqın sosial vəziyyətini acınacaqlı hala salan İran rejimi bu gün onun qəzəbi ilə üzləşib. Bunun da əsas səbəbi bəllidir. Milyardlarla vəsaiti Orta Şərqə öz “ideologiyası” naminə xərcləyən İran rejimi bu gün öz xalqını susuz, çörəksiz qoyub. Təbii ki, buna görə də rejim çox ciddi xalq qəzəbi ilə üzləşib.

- Bunun fonunda İrandaki hadisələr hansı mərhələyə qədər inkişaf edəcək?

- İndi bunu proqnozlaşdırmaq çox çətindir. Hazırda İran rejimi minlərlə insanı ağır silahlarla məhv edir. Faktiki olaraq, rejim bu gün öz xalqı ilə müharibə aparır.

- Bu cür qətliamlara region ölkələrinin reaksiyası necə olacaq?

- Ən azı Azərbaycan minlərlə insanın qətlindən narahatdır. Sözsüz ki, Azərbaycanı Orta Şərqdə baş verən hansısa prosesə cəlb etmək mümkün deyil. Təbii ki, Azərbaycan humanitar sahədə hamıya dəstək verir. Bakının Ukraynaya, Suriyaya və digər ehtiyacı olan dövlətlərə humanitar yardımları var. Ölkəmiz müstəqil siyasət həyata keçirir. Azərbaycan dövləti öz xalqının rifahı barədə düşünür. Bunun fonunda ölkəmizin qardaşlıq siyasəti Türk dünyası ilə sıx əməkdaşlıq, bizə əlavə güc verir.

- İrandakı iğtişaşların rejim dəyişikliyi ilə nəticələnməsi ehtimalı varmı?

- Proseslərin gedişi ilə bağlı tələsik mövqe sərgiləməyə ehtiyac yoxdur. Baş verənlər fonunda İranda rejim dəyişə bilər. Amma kiminsə bu idarəetməni əlində saxlaması mümkün olacaqmı? Bunu söyləmək çətindir. Hazırkı iğtişaşlar fonunda İranın çox ağır və ciddi problemlərlə üzləşəcəyi də mümkündür.

- Ölkənin parçalanması silahlı qarşıdurmaların başlaması kimi riskləri necə dəyərləndirirsiniz?

- Artıq iğtişaşların gedişində bunlar baş verir. Yəni, silahlı qarşıdurmalar var. Amma Azərbaycanın sərhədləri möhkəmdir. Bunun üçün heç bir narahatlıq yoxdur.

- Beynəlxalq birliyin bu proseslərə reaksiyası nədən ibarətdir?

- Avropa İttifaqının bu məsələlərə yanaşmaları səhvdir. Onlar özlərini yenidən imperiya zənn edir. Bu da daxildə ciddi parçalanmaya, iqtisadi problemlərə yol açıb. Bunun fonunda dünyada böyük ölkələrin oyunları gedir. Bunun da qurbanları elə özləri olacaqlar.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər