Rənglənmiş
890
10:26, Bu gün

Rənglənmiş "kənd" toyuqları, aldadılan müştərilər - ARAŞDIRMA

Son illər ticarət obyektlərində “kənd toyuğu” adı altında satılan məhsulların sayı kifayət qədər artıb. İstehsalçılar nəinki toyuqları, eləcə süd, qatıq, yumurtanı da xüsusi olaraq "kənd məhsul"u kimi təqdim edib alıcıların öhdəsinə verirlər. Bu cür məhsullara bazarlarda, müəyyən mağazalarda, həmçinin səyyar satışlarda rast gəlmək mümkündür.

Amma çox az adam bilir ki, istehsal zamanı toyuqların xarici görkəmini saxta formada “kənd toyuğu”na bənzədib satış edən müəssisələr də mövcuddur. Alıcıları məharətlə aldanan həmin istehsalçılar min bir hiyləyə əl almaqdan çəkinmirlər. Elə ötən ay Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Abşeron rayonu, Xırdalan şəhərində qida təhlükəsizliyi qeydiyyatından keçmədən, antisanitar şəraitdə qanunsuz fəaliyyət göstərən quş kəsimi sexi aşkarlanmışdı. Yoxlama zamanı "kənd toyuğu" təəssüratı yaratmaq məqsədilə mənşəyi məlum olmayan rənglərdən istifadə edilərək toyuqların rənglənməsi halları aşkarlanıb. Sahibkar ev quşlarının bazarlarda satışa çıxarıldığını bildirib.

Bu kimi hallar “kənd məhsulları” adı ilə satışa çıxarılan məhsulların etibarlılığını şübhə altına salır. Bəs toyuğun həqiqətən də kənd toyuğu olduğunu necə müəyyən etsinlər?

Qida eksperti Fərid Səfərov Teleqraf-a söhbətində bildirib ki, cəmiyyətimizdə “kənd toyuğu”, “kənd qatığı” kimi adlarla satılan məhsulların daha təbii, qatqısız və sağlam olması barədə düşüncə formalaşıb:

“Lakin praktikada bu adlar hər zaman məhsulun həqiqi mənşəyini əks etdirməyə bilər. Əsl kənd toyuğu adətən az sayda saxlanılır, açıq havada gəzdirilir, böyümə sürəti daha yavaşdır və sənaye yemlərindən minimum istifadə olunur. Bu səbəbdən əti daha bərk, bişmə müddəti uzun və dadı fərqli olur. Lakin ticarət obyektlərində satılan bəzi toyuqlar sadəcə görünüş olaraq kənd toyuğuna bənzədilir, rəngi tündləşdirilir və ya daha uzun müddət saxlanılaraq “kənd” təsiri yaradılır. Bu isə alıcını çaşdıra bilər”.

Alıcılar bunu necə ayırd edə bilər?

Qida eksperti alıcıların əsl “kənd toyuğunu” ayır edə bilməsi üçün bir neçə üsul sadalayıb:

“Əsl kənd toyuğunun çəkisi adətən nisbətən az olur və yaşı böyükdür. Ətin rəngi daha tünd, lifli quruluşu isə daha sərt olur. Bişirildikdə tez yumşalmır və bulyonu daha aromatik olur. Etiketlənmiş, mənşəyi məlum olan məhsullara üstünlük vermək vacibdir. Sertifikat və istehsalçı haqqında məlumat şəffaf olmalıdır”.

“Kənd qatığı” və digər kənd məhsulları...

F.Səfərov eyni vəziyyətin “kənd qatığı”, “kənd pendiri” kimi məhsullara da aid olduğunu bildirib.

“Əsl kənd qatığı adətən qısa müddətdə turşuyur, üzərində qaymaq təbəqəsi olur və saxlanma müddəti çox uzun olmur. Marketlərdə satılan bəzi “kənd qatığı” adlanan məhsullar isə texnoloji üsullarla hazırlanır, stabilizator və qatılaşdırıcılar əlavə oluna bilər. Bu zaman məhsul ad baxımından kəndi xatırlatsa da, mahiyyətcə sənaye məhsulu olur”, - əlavə edib.

Məshulun üzərində “kənd” adının olması təbii olduğu mənasına gəlməz

Qida ekspertinin qənaətinə görə, “kənd” adı avtomatik olaraq məhsulun daha sağlam və ya təbii olduğu demək deyil.

“Alıcılar məhsulun etiketinə, mənşəyinə, saxlanma müddətinə və real xüsusiyyətlərinə diqqət etməli, yalnız ada deyil, faktlara əsaslanaraq seçim etməlidirlər. Bu yanaşma həm sağlamlıq baxımından, həm də düzgün istehlak mədəniyyətinin formalaşması üçün vacibdir”.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən mövzu ilə bağlı Teleqraf-a bildirilib ki, əslində “kənd toyuğu” anlayışı hüquqi və normativ sənədlərdə dəqiq tərif olunmayıb.

"Bu səbəbdən də bu ad çox vaxt marketinq məqsədilə istifadə edilir. İlk növbədə broyler toyuğu kənd toyuğundan vizual olaraq fərqlənir. Belə ki, kənd toyuğunun dərisi daha nazik, ətinin rəngi isə tünd olur. Ayaqları və boynu nisbətən uzun olur. Həqiqi kənd toyuğu adətən sərbəst şəraitdə saxlanılan, təbii yemlə qidalanan, böyümə sürəti yavaş olan və sənaye fermalarındakı intensiv yemləmə rejiminə məruz qalmayan toyuq hesab olunur. Lakin ticarət obyektlərində satılan məhsulun yalnız xarici görünüşünə, dərisinin rənginə və ya qiymətinə əsaslanaraq onun həqiqətən kənd toyuğu olduğunu müəyyən etmək mümkün deyil".

Bildirilib ki, son illər ticarət obyektlərində “kənd toyuğu”, “kənd qatığı”, “kənd məhsulu” adı ilə satılan məhsulların sayı artmaqdadır.

"Bu adlar alıcılarda məhsulun daha təbii, təhlükəsiz və keyfiyyətli olduğu barədə təsəvvür yaratsa da, praktiki vəziyyət hər zaman bu gözləntiləri doğrultmur. Bəzi istehsalçılar sənaye üsulu ilə yetişdirilən toyuqların xarici görkəmini müxtəlif üsullarla kənd toyuğuna bənzədir, məhsulu isə “kənd toyuğu” adı altında satışa çıxarırlar. Bu isə istehlakçılarda haqlı şübhələr yaradır".

Alıcılara tövsiyələr olunur ki, belə məhsulların üzərində istehsalçı barədə məlumatlara, baytarlıq-sanitariya sənədlərinin mövcudluğuna, etiketlənməyə və məhsulun mənşəyinə diqqət yetirsinlər. Qeydiyyatsız, sənədsiz və nəzarətsiz şəkildə satılan məhsullar, “kənd toyuğu” adı daşısa belə, qida təhlükəsizliyi baxımından risk yarada bilər.

Eyni yanaşma “kənd qatığı”, “kənd südü” kimi məhsullara da aiddir.

"Nəticə etibarilə, kənd məhsulu adı ilə satılan məhsulların etibarlılığı əsasən onların istehsal və satış prosesinin şəffaflığından asılıdır. İstehlakçıların maarifləndirilməsi, dövlət nəzarətinin gücləndirilməsi və düzgün etiketləmə bu sahədə yaranan çaşqınlığın aradan qaldırılmasında mühüm rol oynayır".

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər