ABŞ Prezidenti Donald Trampın səlahiyyətlərinin yeganə məhdudiyyətinin "öz əxlaqı və zəkası" olduğunu bəyan etməsi Qərb mediasında geniş müzakirələrə və tənqidlərə səbəb olub.
Moderator.az xəbər verir ki, "The Guardian" nəşrinin xarici siyasət üzrə şərhçisi Saymon Tisdal bu açıqlamanın bir çox məqama aydınlıq gətirdiyini yazıb.
Müəllifin fikrincə, Trampın xeyir və şər anlayışı tamamilə subyektiv xarakter daşıyır:
"O, özünün həm etik, həm də hüquqi müşaviri, həm keşişi, həm də günah çıxaranıdır. Tramp bir nəfərlik kilsədir. O, həm özünə, həm də başqalarına yalan danışır. Bunun vurduğu zərər isə dağıdıcıdır: insan həyatına son qoyur, demokratiyaya xələl gətirir və xalqlar arasındakı etimadı sarsıdır".
Ekspert qeyd edir ki, həm Amerika seçiciləri, həm də xarici liderlər Trampın xroniki yalanlarına öyrəşsələr də, ona qarşı səssizlik və konkret mövqenin olmaması baha başa gəlir. Çünki ABŞ liderinin davranışı getdikcə daha diktatorvari və proqnozlaşdırılmaz olur.

Üç beynəlxalq böhran və Tramp faktoru
Məqalədə Trampın yalanlarının üç müasir beynəlxalq böhranı – Qrenlandiya, Venesuela və Ukrayna məsələlərini daha da ağırlaşdırdığı vurğulanır.
Tisdal nümunə kimi Trampın Qrenlandiya ilə bağlı iddialarını göstərir:
"Tramp yalandan iddia edir ki, Çin və Rusiya hərbi gəmiləri Qrenlandiyada "hər yerdədir" və bu, ABŞ-nin adanı ələ keçirməsini zəruri edir. Lakin Danimarka Xarici İşlər Nazirliyi bunu təkzib edir. Sorğular göstərir ki, Qrenlandiya əhalisi nə ABŞ-yə birləşmək, nə də satılmaq istəyir. Trampın əsl məqsədi təhlükəsizlik deyil, adanın mineral sərvətlərinə yiyələnməkdir".
Ukrayna və Venesuela məsələsi
Müəllif Venesuela mövzusuna toxunaraq xəbərdarlıq edir ki, Trampın hərbi müdaxilə planları regionda "Balkan bataqlığı"na bənzər xaos yarada bilər.
Ukrayna məsələsində isə Trampın "müharibəni 24 saata bitirmək" vədi tənqid olunur:
"Uğursuzluqla üzləşdikdə o, Vladimir Putinə qarşı sərt olacağını vəd edir. Lakin Putin hər dəfə onunla məharətlə "oynayır" və bombardmanları bərpa edir. Tramp isə öz növbəsində geri çəkilir və adətən günahı Ukrayna lideri Volodimir Zelenskinin üzərinə atır".
NATO və Avropanın mövqeyi
Təhlildə qeyd olunur ki, Trampın qeyri-müəyyənliyi müttəfiqlərin Ukraynaya dəstək səylərini sarsıdır. Onun "NATO ABŞ-yə kömək etməyəcək" iddiası yalan adlandırılır və Alyansın 11 sentyabr hadisələrindən sonrakı fəaliyyəti xatırladılır.
Tisdal vurğulayır ki, mövcud böhranlar fonunda Avropa liderlərinin və Aİ-nin zəifliyi üzə çıxıb:
"Avropa nəhayət dərk etməlidir ki, bu prezidentə güvənə bilməz. Belə bir mürəkkəb geosiyasi şəraitdə "Brexit" sadəcə axmaq səhv yox, demək olar ki, intihar kimi görünür".

Hərbçilərin etirazı və Kanadanın narahatlığı
"Daily Mail" nəşrinin məlumatına görə, Tramp Qrenlandiyaya müdaxilə planının hazırlanmasını əmr etsə də, yüksək rütbəli hərbçilərin müqaviməti ilə üzləşib. Mənbələr generalların bu planı "dəlisov və qanunsuz" adlandırdığını bildiriblər. Jurnalistlər ehtimal edir ki, bu planın arxasında NATO-nu parçalamaq məqsədi dayana bilər.
"Bloomberg" isə Kanadanın da narahatlıq içində olduğunu yazır. Ottava rəsmiləri Kanadanın Trampın siyahısında növbəti "hədəf" ola biləcəyindən ehtiyat edirlər. Kanadanın təhlükəsizlik üzrə keçmiş müşaviri Uesli Uork bildirib ki, rəsmilər mövcud reallığa inanmaqda çətinlik çəkirlər. /Teleqraf.az/