"Bu zərbə Kremlin Qərbə açıq mesajıdır və müharibənin Avropaya daha da yaxınlaşdığını göstərir..."
Rusiyanın yanvarın 8-9-da Lvov vilayətinə "Oreşnik" hipersəsli ballistik raketi ilə endirdiyi zərbə hərbi baxımdan məhdud dağıntılar yaratsa da, əsas məqsəd siyasi və strateji mesaj ötürmək olub.
Moderator.az xəbər verir ki, bu barədə "skynews.com" nəşri yazıb.
Nəşr qeyd edir ku, sürəti 10-11 Maxa çatan və 5 500 kilometrədək məsafəni qət edə bilən bu raket nəzəri olaraq Avropanın böyük hissəsini əhatə edir və NATO-nun HHM sistemləri üçün ciddi çağırış sayılır.
Britaniyanın Kral Birləşmiş Xidmətlər İnstitutunun qiymətləndirməsinə görə, Rusiyanın qərbindən buraxılan belə bir raket Böyük Britaniyaya cəmi 10 dəqiqəyə çata bilər. Məhz bu amil "Oreşnik"in əsas təhlükəsini təşkil edir: reaksiya və ələkeçirmə üçün vaxt kəskin azalır. Ukrayna rəsmiləri də bu zərbəni Avropa təhlükəsizliyi üçün "ciddi risk" adlandırır.
Qərbə açıq xəbərdarlıq və diplomatik fon
"Associated Press" agentliyinin yazdığına görə, "Oreşnik"dən istifadə son aylarda Kremlin Qərbə ünvanladığı ən açıq raket siqnallarından biridir. Hücum Ukrayna və tərəfdaşlarının ABŞ vasitəçiliyi ilə mümkün təhlükəsizlik zəmanətləri barədə danışdığı bir vaxta təsadüf edib. Avropa liderləri bu addımı "eskalasiya" kimi qiymətləndirib.
Kiyevdə hücum nəticəsində yaşayış məhəllələri zərər görüb, dörd nəfər ölüb, onlarla insan yaralanıb. Minlərlə bina qışın şaxtalı günlərində istiliksiz qalıb. Prezident Vladimir Zelenski bildirib ki, hücum zamanı Qətər səfirliyi də zədələnib və bu, Moskvanın diplomatik kanallara belə məhəl qoymadığını göstərir.
"Məqsəd Qərb qoşunlarını çəkindirməkdir"
Amerikanın Müharibənin Öyrənilməsi İnstitutu (İSW) hesab edir ki, Rusiyanın məhz Lvov vilayətini hədəf seçməsi təsadüfi deyil. Bu zərbə Qərbi qorxutmaq və Ukraynada mümkün xarici hərbi kontingentin yerləşdirilməsinin qarşısını almaq məqsədi daşıyır. Analitiklər bunu Kremlin "nüvə silahı ilə təhdid etmə" strategiyasının bir hissəsi kimi dəyərləndirir.
ISW xatırladır ki, Parisdə keçirilən son görüşdə "İstəklilər koalisiya" atəşkəsdən sonra Ukraynaya təhlükəsizlik zəmanətləri çərçivəsində hərbi kontingent göndərilməsini müzakirə edib. Kreml isə bu cür planları "qəbuledilməz" sayır və xarici qoşunları "legitim hədəf" adlandırır. "Oreşnik" zərbəsi də məhz bu ssenariləri qabaqcadan boğmağa yönəlmiş açıq təhdid kimi qiymətləndirilir.