Bizi sosial şəbəkələrdən izləyin:
“Mən həm Yazıçılar Birliyinin, həm də Bəstəkarlar İttifaqının üzvüyəm. Özümə borc bilirəm ki, Mikayıl Müşfiqin anım və doğum günlərində yaxından iştirak edim. Ötən il yadınızdadırsa mən onun Xızının Sayadlar kəndindəki xatirə muzeyinə pianino hədiyyə etmişdim. Bu il həmin pianinoda Mikayıl Müşfiqin sözlərinə bəstələnmiş mahnıları səsləndirdik, bacım Rasimə Seyidcahan, Rəşad İlyasovla birgə ifa etdik. Bu il də xatirə muzeyinə gələn ziyalılarımız çox idi. Onların hər birinə təşəkkür edirəm”.
Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Elza Seyidcahan deyib.
O daha sonra əlavə edib:
“Mən çox xoşbəxt bir bəstəkaram ki, Mikayıl Müşfiqin ruhu icazə verib ki, onun poeziyasına toxuna bilim. Onun “Yağış”, “Küləklər”, “Yenə o bağ olaydı”, şeirlərinə bəstələdiyim mahnılar, “Şəngülüm, Şüngülüm, Məngülüm” əsərinə bəstələdiyim kompozisiya hamı tərəfindən sevilir. İnşallah ki, davam edər. Mikayıl Müşfiq hələ 13 şeirini tar musiqi alətinə həsr edib. Daha da gözəl mahnılar yazacam. Mikayıl Müşfiqin başqa bəstəkarlar tərəfindən də sözlərinə mahnılar bəstələnib. Mən də sevinirəm ki, o gözəl ən-ənəni davam etdirə bilmişəm”.
Elza Seyidcahan bildirib ki, bütün evlərdə musiqi alətləri olmalıdır:
“Hansı bir evə gedirəmsə, orada heç nə olmasa da pianino olanda elə bilirəm ki, ora doludur, aşıb-daşır. Pianino olmayan evdə əgər hər şey varsa belə ora mənim üçün boşdur. 11 yaşım var idi. Başqa bir yerə tətilə getmişdim. Orada bir pianino görmüşdüm. Anama məktub yazmışdım ki, “mama, burada bir pianino var idi, sevincimdən qanadlanıb uçuşdum”. Uşaqlıqdan bu xasiyyətim məndə var. Böyüyəndə də özünü biruzə verdi. Bəzən görürsən ki, uşaqlara bahalı oyuncaqlar, onlara lazım olmayan bəzək əşyaları alırlar. Amma uşaqlara musiqi alətləri almaq lazımdır. Bu onlarda həm də estetik zövqü formalaşdırır”, - deyə o bildirib.