Son dövrlərdə İranda həm daxili etirazların intensivləşməsi, həm də regionda artan geosiyasi gərginliklər fonunda rejimin davranışları daha çox suallar doğurur. Daxildə dərinləşən iqtisadi böhran və sosial ədalətsizlik cəmiyyətdə narazılığı artırdığı halda rəsmi Tehran uzun illərdir bu narazılığı təhlükəsizlik ritorikası və xarici düşmən obrazı ilə nəzarətdə saxlamağa çalışır. Əbəs deyil ki, rejim tərəfindən artıq 200-dən etirazçının öldürülməsi və bunun ört-basdır edilməsi fonunda yenidən xarici münaqişə yaranması barədə ehtimallar səslənir. Düzdür, artıq xarici qarşıdurma ehtimalları, diplomatik gərginliklər və regional risklər daxili problemlərin üzərini örtə bilmir, əksinə, onları daha da kəskinləşdirir. Bu da İranda baş verənlərin gələcəyi ilə bağlı sualları artırır.
Moderator.az bildirir ki, mövzu ilə bağlı Güney azərbaycanlı siyasi şərhçi Məhsa Mehdili Oxu.az-a açıqlamasında mürəkkəb mərhələdə İranda baş verən proseslərin mahiyyəti, etirazların çoxqatlı xarakteri və rejimin qarşısında dayanan real çıxış yollarından danışıb. O bildirib ki, İranda zaman-zaman, xüsusilə son illərdə baş verən etirazlar yüksəlir, lakin dövlət bunları təhlükəsizlik və sabitlik bəhanəsi ilə bir müddət yatırdır:
"Amma əsas məsələ hələ də həll olunmur. Dövlət problemi həll etmədiyi üçün bu etirazlar təkrar-təkrar baş qaldırır. Əsas problem demokratiyanın olmamasıdır, vətəndaşların siyasi sistemdən kənarlaşdırılması, molla rejiminin mövcudluğu və dövlətin həm daxili, həm xarici siyasətinin nəticəsində yaranmış iqtisadi böhrandır. İran daxilində vəziyyət o həddədir ki, insanlar artıq demokratiyanı, ədaləti və insan haqlarını belə düşünə bilmirlər, onlar ağır iqtisadi böhran içində yaşayırlar".
"Bu problemlər zorakılıqla və ya susdurulmaqla həll olunmaz. Etirazlar bəzən səngiyə bilər, amma əsas səbəblər qalır və nəticədə yenidən alovlanır. Bununla yanaşı, hər hansı xarici dövlət - fərqi yoxdur, ABŞ, İsrail və ya başqası - əgər bu etirazlara müdaxilə edərsə, bu, daxildəki haqlı tələblərə zərər verəcək.
Xüsusilə son dövrlərdə ABŞ-nin bəzi dairələri və beynəlxalq mediada hazırda heç bir dəstəyi olmayan Pəhləviləri önə çıxarırlar. Halbuki Pəhləvilərin İranda heç bir real sosial dayağı yoxdur. İrandakı etirazlar çoxqatlı və çoxmərkəzlidir. Təkcə Tehran mərkəzli deyil. Xüsusilə Güney azərbaycanlılar başda olmaqla, müxtəlif etnik və sosial qrupların özünəməxsus tələbləri və etiraz formaları var. Gənclər, qadınlar və müxtəlif qrupların hər biri fərqli səbəblərlə etiraz edir. Təbriz də bu prosesdə şüurlu şəkildə Tehranla deyil, öz yolu ilə hərəkət edir", - şərhçi diqqətə çatdırıb.
Müsahibimiz əlavə edib ki, Tehran dəfələrlə bu ssenarini sınayıb, yəni diqqəti xarici düşmənlərə yönəldərək daxildəki narazılığı yatırtmağa çalışıb:
"Amma artıq bu strategiyanın təsiri yoxdur. Tehran rejimi reallıqla üzləşməli və daxildə siyasi həll yolları tapmalıdır. Əks halda, həm daxili narazılıq, həm də xarici müdaxilələr üçün zəmin yaranacaq. Nəticə olaraq, İrandakı bütün etirazlar haqlıdır. Amma zorakılıq və ya xarici dövlətləri günahlandırmaqla problemi həll etmək mümkün deyil. Problem hələ də var və bu yanaşma Tehrana fayda gətirməyəcək. Prosesi düzgün dəyərləndirmək lazımdır".